“Gürcüstanda tutularaq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı Dövlət Sərhəd Xidmətinin (DSX) binasında saxlanılır”.
Bunu “Azadlıq”a jurnalistin vəkillərindən Elçin Sadıqov deyib. Əfqan Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Vəkil Əfqan Muxtarlının ifadəsi əsasında onun başına gələnləri jurnalistlərə danışıb. Bəlli olub ki, Ə.Muxtarlını Tbilisidə yaşadığı evin yaxınlığında zorla Opel markalı maşına mindirib, əllərini arxadan bağlayıblar və döyməyə başlayıblar. Ə.Muxtarlının bədəninin müxtəlif nahiyələrində zədə izləri var. Hətta sol qabırğalarından sındığını da hiss edir. Jurnalistin əvvəl başına torba keçirməklə, sonra isə mayka ilə örtməklə gözlərini bağlayıblar. Yolda iki dəfə bir maşından digərinə mindiriblər. Gözlərini açanda Ə.Muxtarlı özünü sərhəd zastavasında görüb. Onun cibinə 10 min avro pul da qoyublar ki, guya üstündən çıxıb. Halbuki, onun üzərində cəmi 2 lari olub. Bundan başqa jurnalistin üzərində pasportu və ya hansısa başqa sənədi yoxdur.
Vəkil bildirib ki, belə etməklə Ə.Muxtarlının həm sərhədi qanunsuz keçməyə çalışdığı, həm də qaçaqmalçılıq etdiyi görüntüsü yaratmaq istəyirlər.
Vəkilin dediklərini təqdim edirik:
Kim deyir ki, həyasızlığın həddi var? Yoxdur! Buyurun, baxın. Əfqan Muxtarlını Tbilisidə evinin qabağında oğurlayıblar, döyüblər, qanunsuz yolla (sənədsiz) gətiriblər Bakıya. Sonra da ona qarşı ittiham irəli sürüblər ki, sərhəddi qanunsuz keçib və üstəlik də qaçaqmalçılıq edib (Gözəl xanım kimi) 10 min avro pul gətirib özü ilə. Gerçәkdә isә adamın cibində 2 lari pul olub. Hər gün bir addım da yaxınlaşırıq Şimali Koreyaya.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 30 maj 2017
Dövlət Sərhəd Xidməti Ə.Muxtarlının saxlanması ilə bağlı suallara cavab verməyib.
***
Bu dəqiqələrdə məlumat yayılıb ki, Tbilisidə daha bir azərbaycanlı müxalif fəal Daşqın Ağalarlı həbs olunub. Onu Gürcüstan polisinin saxladığı və Azərbaycan deportasiya edilməsinin gözlənildiyi deyilir.
***
Son məlumatlara görə, Əfqan Muxtarlını oğurlayaraq Bakıya gətiriblər. Bu barədə vəkil Nemət Kərimliyə onun özü zəng edərək xəbər verib. Vəkil əməkdaşımıza bildirib ki, jurnalist ona 498 01 21 şəhər nömrəsindən zəng vurub. Əməkdaşımı həmin nömrəyə zəng etsə də, dəstəyi qaldıran olmayıb.
Bununla belə, Ə.Muxtarlının Dövlət Sərhəd Xidmətində saxlandığı bəllidir.
Jurnalistin hüquqlarını müdafiə etməyi vəkil Osman Kazımov da üzərinə götürüb və hazırda o, DSX-ya yollanıb.
***
Tbilisidə İnsan Haqları Evi beynəlxalq təşkilatının yerli ofisində jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Gürcüstanda yaşayan fəal Daşqın Ağalarlı, Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva iştirak ediblər.
Jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı mətbuat konfransı
Publicerat av Meydan Tv den 30 maj 2017
***
Uzun müddətdir Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb, fəaliyyət göstərən Azərbaycanın tanınmış jurnalistlərindən Əfqan Muxtarlı mayın 29-da yoxa çıxıb. Bu barədə Tbilisidə yaşayan başqa bir azərbaycanlı fəal Daşqın Ağalarlı məlumat yayıb. D.Ağalarlı feysbuk səhifəsində yazıb ki, Ə.Muxratlı ilə mayın 29-u saat 19 radələrində ayrılıblar, jurnalist çörək alaraq evinə yollanıb. Xanımı Leyla Mustafayeva Əfqan Muxtarlının dostları ilə birlikdə olduğunu zənn edərək gecikməsindən narahat olmayıb. Lakin Ə.Muxtarlı gecə də evə gedib çıxmayanda onun axtarışına başlanıb.
“Səhər tezdən həyacan təbili çaldıq, polisə rəsmən muraciət etdik, agıla gələn və gəlməyən hər yerə və hər kəsə telefon acdıq… Heç yerdə yoxdur…”, – deyə D.Ağalarlı yazıb.
Azərbaycanlı fəal Ə.Muxtarlının yoxa çıxmasında Azərbaycan hakimiyyətindən şübhələndiklərini qeyd edib: “Son aylarda, xüsusilə son iki həftədə bizlər çox sıx və yaxın təqib altinda yasayırıq. Əfqan bəy bu barədə ən çox yazan və müraciət edən dostumuzdu. Bizə müxtəlif mənbələrdən ehtiyatlı olmaq xahiş edilmisdi. Gürcüstan qeyri-hökumət təşkilatları və Ombudsman Aparatı məlumatlı idi..
İndi aglımıza çox şey gəlir və bütün ehtimallarda Azərbaycan hakimiyyətindən şübhələnirik”.
Həyat yoldaşı Leyla Mustafayeva isə Əfqan Muxtarlının başına gələcəklərə görə Azərbaycan və Gürcüstan hökumətinin məsuliyyət daşıyacağını söyləyir.
Bir müddət öncə hakimiyyətyönlü “haqqın.az” saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi.
Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər – professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar.
Gözəl Bayramlının həbsindən sonra Əfqan Muxtarlı məlumat yaydı ki, siyasətçi xanım hələ Tbilisidən izlənməyə başlanıb. Ə.Muxtarlı G.Bayramlının həbsilə bağlı ictimai müzakirəyə də telefon vasitəsilə qatılaraq, həmin məlumatı təkrarlamış, Tbilisdəki azərbaycanlı müxalif fəalların da təhlükə altında olduğunu demişdi.
Ə.Muxtarlının yoxa çıxması, daha doğrusu oğurlanması barədə artıq beynəlxalq təşkilatlar məlumat verilib. Sərhədsiz Reportyorlar Təşkilatı da jurnalistin taleyinin aydınlaşdırılması üçün hərəkətə keçib.
azadliq.info
Oxunub: 2672