Dağıstanda yaşayan noqay xalqının ümumrusiya qurultayında əsas mövzulardan biri fermer və maldarların torpaqları zəbt etməsi və Dağıstan hökumətinin bunu qanuniləşdirmək qərarı olub.
Dağıstanın dağ xalqları noqay çölündə mal-qaranı otarırlar. Onlar qışda mal-qaralarını dağdan endirir, buradan qışlaq kimi istifadə edirlər. Ancaq, faktiki, mal-qara burada ilboyu qalır. Yerli sakinlərsə deyirlər ki, bu halda təbiət bərpa olunmağa imkan tapmır və çöl sürətlə səhralığa çevrilir.
CurrentTime.TV portalı yazır ki, Qafqazdakı bu yerli təsərrüfat problemi indi millətlərarası münaqişəyə çevrilə bilər. Burada yerli xalqların və yerli məmurların maraqları da var. Qurultayda səslənmiş nitqlərdən belə görünür ki, insanlar qətiyyətlidirlər.
KLANDAN DEYİLSƏNSƏ…
Qurultayda həmçinin, problemin millətlərarası münaqişəyə çevrilməsinə imkan verməmək çağırışları da səslənib. Vəziyyətə müdaxilə etməsi üçün prezident Vladimir Putin-ə müraciət olunub.
Noqaylar Dağıstanın sayca onuncu xalqıdır. Onlar yerli xalqlardan sayılır. Noqaylar nisbətən avtonom yaşayıblar. İri şəhərlərdə noqay diasporları, demək olar ki, yoxdur. Onlar çöldə yaşayırlar.
SSRİ-nin dağılmasından sonra Dağıstanın müxtəlif xalqları arasında torpaq münaqişələri daim baş verib. Bir qayda olaraq, hökumət və polis mübahisələri dinc yolla həll edə bilmir. Bu, çox zaman polis işçilərinin və məmurların da bu və ya digər icmaya mənsubluğuyla bağlıdır. Bu halda onlar mənsub olduqları icmanın maraqlarını müdafiə etməlidirlər, əks halda, onları anlamazlar.
Dağıstanda biznes və hakimiyyət, ənənəvi olaraq, on illərlə öncə formalaşmış qaydalarla işləyir. İstər regionlarda rəhbərlik, istərsə də aktivlərə sahiblik nüfuz qrupları, ailələr və klanlar arasında bölüşdürülür. Əgər onlardan birini təmsil etmirsənsə, heç vaxt nüfuzlu vəzifə tuta bilməyəcəksən.
QIZIŞDIRILAN PROBLEM
Bugünədək Noqay rayonunda qışlaqlar özəl mülkiyyət kimi qeydiyyata alınmayıb. Burada Dağıstanın dağ xalqlarının fermaları kortəbii yaranıb. Dağıstan hökuməti isə bu yaşayış məskənlərini özəl mülkiyyət kimi qeydə almaq qərarına gəlib. Bu, noqay xalqlarının kəskin etirazını yaradıb. Onlar həmin torpaqları müstəqil idarə etmək istədiklərini bildiriblər, hesab edirlər ki, torpaqları səhralaşmadan yalnız onlar qoruya bilərlər.
Bəs münaqişənin mahiyyəti nədir? Nə üçün yerli sakinlər dövlət tənzimləməsinə inanmırlar?
Mahaçqalada yaşayan və işləyən jurnalist Yulia Yuzik hesab edir ki, bu münaqişə kənardan qızışdırılır. Onun sözlərinə görə, bir çox millətlərin yaşadığı Dağıstanda bu mövzu daim qarışıqlıq yaratmaq istəyənlərin əl atdığı alət olub.
«Dağ xalqları orada on illərlə, sovet vaxtından yaşayırlar. Onlar dağdan enərək bu nəhəng çöldə torpaqları becərməyə çalışıblar. Çünki bu torpaqlar kənd təsərrüfatı üçün yararsız idi. Bu, əsasən, avar rayonlarıdır. İnsanları komsomol bölgüsüylə bu ərazilərə endirirdilər ki, onlar burada əmək qoysunlar və torpağı hazırlasınlar. Torpaqda nəsə əkmək, mal-qara otarmaq mümkün olsun. Onlar orada tərəkəmə kimi yaşayırdılar», – jurnalist deyir.
«MƏMUR APARATI AYRICA MİLLƏTDİR»
Yuzik-in sözlərinə görə, bu insanların statusu qeyri-müəyyəndir. Onların Dağıstanın dağ rayonlarında qeydiyyatı olsa da, orada on illərlə yaşamayıblar. Onlar məhz noqay çölündə yaşayırlar, evləri və mal-qaraları buradadır. 2014-cü ildən bəri hər hansı hüquqi statusları yoxdur. Bu vəziyyətdə öz uşaqlarını məktəblərə qoya və xəstəxanalara yerləşdirə bilmirdilər.
«Bu insanlar sanki Rusiya Federasiyasının vətəndaşları deyil», – Yulia Yuzik deyir.
«Kavkaz.Realii» layihəsinin jurnalisti Ramazan Alpaut-sa hesab edir ki, vəziyyətin bu yerə gəlib çıxması kənar müdaxilələrlə bağlı deyil. Bu işin əsas səbəbkarı Dağıstanın məmurlarıdır.
«Mənə görə, Dağıstan Respublikasının məmur aparatı ayrıca bir millətdir. O, hər hansı bir xalqın yox, yalnız öz maraqlarını güdür. Dağıstan hökumətinin hər hansı etnik qrupların xeyrinə nəsə etməsi fikrindən uzağam. Onlar hər şeyi öz maraqlarına uyğun edirlər, ancaq sonucda iki və ya daha çox xalq üz-üzə gəlir», – Ramzan Alpaut deyir.
Oxunub: 932