Yaxud, korşalmış fantaziyanın gülməli tapıntıları
Heç kimə sirr deyil ki, YAP hakimiyyəti dövründə yaltaqlıq, məddahlıq peşəyə çevrildi, karyera pilləkəni rolunu oynadı. Adamların bu “qabiliyyət”i poeziyada, musiqidə, kinoda, teatrda, siyasətdə özünü göstərməyə başladı. Amma bir həqiqət də var ki, aşırı tərif, yaltaqlıq insanlarda ikrah hissi yaradır, bu peşə sahibləri cəmiyyətin ən hörmətsiz adamları sırasında yer alır. Bugünə qədər tutduğu vəzifədən asılı olmayaraq xalq arasında hansısa yaltağın hörmətlə anıldığını müşahidə etməmişik. Filan müğənninin, filan şairin, filan deputatın, filan ziyalının adı gələndə “çox yaltaq adamdı” reaksiyasını eşidirik. Məsələn, AzTv-nin xalq arasında lətifə mövzusuna çevrilməsi məhz aşırı tərifə, yalan təbliğata görədir.
Vəziyyət o həddə çatıb ki, hökumətin bu “ənənə”si bumeranq effekti verir. Artıq bir şəxsin ən primitiv formada təbliğ edilməsi gülməli görünür. Daha doğrusu acı gülüş doğurur. Son olaraq belə rüsvayçı vəziyyətlə dövlət qurumlarının öz fəaliyyətləri üçün seçdiyi devizlər və sloqanlarla tanış olarkən rastlaşdıq.
Gəlin, bir neçə dövlət qurumunun seçiminə nəzər salaq:
Milli Məclis – Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır (Heydər Əliyev)
Daxili İşlər Nazirliyi – Polis Azərbaycan dövlətinin, xalqımızın keçiyində duran mübariz bir orqandır (Heydər Əliyev)
Ekologiya və Təbii Sərvətlər Naziriyi – İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır,
ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir (Heydər Əliyev)
Fövqəladə Hallar Nazirliyi – Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır (Heydər Əliyev)
)
Müdafiə Nazirliyi – Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır! (Heydər Əliyev)
Səhiyyə Nazirliyi – Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir (Heydər Əliyev)
Vergilər Nazirliyi – Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik (Heydər Əliyev)
Xarici işlər Nazirliyi – Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir (Heydər Əliyev)
Ədliyyə Nazirliyi – Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! (Heydər Əliyev)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – Dövlət – əhalinin təminatçısıdır (Heydər Əliyev)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – Uşaqlara qayğı hər bir vətəndaşın borcudur. (Heydər Əliyev)
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi – Dinimiz milli-mənəvi sərvətimizdir! (Heydər Əliyev)
Dövlət Statistika Komitəsi – Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır (Heydər Əliyev)
Azərenerji – Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin həll olunmasında xüsusi rol oynayır (Heydər Əliyev)
Azəravtoyol – Yol – iqtisdiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir! (Heydər Əliyev)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası – XXİ əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır ( İlham Əliyev)
Ərzaq Məhsullarının Tədarükü və Təchizatı – Bir qarış torpaq da boş qalmamalıdır! (İlham Əliyev)
Azəristiliktəchizat – “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq (İlham Əliyev)
Elmin İnkişafı Fondu – Elm, inkişaf, rifah və gələcək naminə!
Bilik Fondu – Docendo discimus (Öyrədərək, öyrənirik – latın atalar sözü)
Bütöv siyahını təqdim etməyə ehtiyac yoxdur. Bir neçə nümunədən aydın görünür ki, bunların öz liderlərini öymək qabliyyətləri də yoxdur. Fantaziyaları o qədər korşalıb ki, liderlərinə “sevgi və sayğı”nı ən primitiv formada ifadə etməyə başalyıblar. Əslində, dövlət qurumlarının sloqanlarında dərin məna, hikmət, kəlamlarda müdriklik olmalıdır. Amma yuxarıdakı deviz və sloqanlara baxanda yaltaqlığın, çürümüş tərifin miqyası ürək nulandırır. “bizim statistika komitəmizi var və çox düzgün statistika aparır”, “su həyat mənbəyi olaraq qalır” kimi gülməli sloqanların qarşısına Heydər Əliyev, İlham Əliyev yazmaq rejim başbilənlərinin nə qədər primitiv düşüncə sahibləri olduğunu göstərir. Məlum olur ki, bu komandada Heydər Əliyevin, İlham Əliyevin adından normal fikir yazan, hikmətli kəlam ərsəyə gətirə bilən adam yoxdur. “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir” fikrini birinci sinif uşağı da səsləndirə bilər.
Yuxarıdakı sloqan və devizlərlə, “gavalı dadlı meyvədir”, “qulaq eşitmə orqanıdır”, “ayaqqabı ayağa geyinmək üçündür” fikriləri arasında nə fərq var? Bir dövlət orqanı özünə sloqan və deviz seçə bilmirsə, yaxud böyük bir strukturun devizi yarınmaq xaitrinə güləmli fikirlərlə bəzədilirsə, vay bu dövlətin halına.
Diqqət etdizsə, axırıncı iki sloqanda Heydər və İlham Əliyevlərin adı yodur. Elmin İnkişaf Fondu və Bilik Fondu “böyük səhv”ə yol verərək, liderlərdən sitat gətirməyib.
Halbuki, bu qurumlar da “Elm elmlənmək üçündür” yazıb İlham Əliyevin, “İnkişaf inkişaf deməkdir” yazıb Heydər Əliyevin adını əbədiləşdirə bilərdilər.
Xülasə, bizim hökumətimizin rüsvayçılıqlarla bağlı zərrə qədər kompleksi yoxdur. “Metropoliten Azərbaycanın milli sərvətidir”, “Mənim Mehdiabadlılara xüsusi hörmətim var” fikirlərinin altıdan dövlət başçılarının adı yazılırsa, bu ölkə üçün narahat olmağa dəyər. Bu ölkənin dövlət strukturları o qədər asılı, o qədər gözükölgəli vəziyyətdədir ki, özlərinə normal sloqan da seçə bilmirlər. Belə fantaziya sahibləri iqtisadiyyatı, təhsili, səhiyyəni, hüquq sistemini necə gücləndirə bilərlər?
Samir
Oxunub: 1002