“Əli Kərimliyə qarşı dini-ideoloji təxribat rüsvayçılığa düçar olandan sonra Baş Prokurorluq “xaricdən maliyyələşmə” şousuna əl atıb”
“Zakir Qaralov hələ sovet dövründə saxtakarlığa görə prokurorluq orqanlarından xaric edilmişdi”
Milli Şuranın sədri Cəmil Həsənli baş prokuror Zakir Qaralovun müxalifət haqqında verdiyi açıqlama münasibət bildirib. C.Həsənlinin feysbuk səhifəsində paylaşdığı fikirlərini təqdim edirik:
Bu açıqlama birbaşa təhdiddir
Baş prokuror Zakir Qaralovun dünənki (6 iyun – red.) açıqlaması ilə bağlı jurnalistlər münasibət istəyirlər. Şübhəsiz ki, bu açıqlama AXCP və Milli Şuraya qarşı uzun müddət davam edən təqib və repressiyanın yeni dalğasından xəbər verir. Açıqlamanın sonu isə birbaşa təhdiddir. Orada deyilir: “Onlar bilməlidirlər ki, son vaxtlar üzə çıxarılmış vəsaitlərin mənbələrini biz müəyyən edəcəyik. Bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb”. Əlbəttə, burada söhbət ilk növbədə Gürcüstandan dönərkən AXCP sədrinin müavini Gözəl Bayramlının çantasına və həmin ölkədən oğurlanan jurnalist Əfqan Muxtarlının çibinə qoyulan vəsaitdən gedir.
Əməliyyat daha qorxunc ssenari üzrə tamamlanmalı idi
Təxminən 10 ay əvvəl Azərbaycan hüquq mühafizə orqanlarının avantürası kimi həyata keçirilən məşhur Gülən epopeyası iflasa uğradıqdan sonra Bayramlı və Muxtarlı işinin də başlıca hədəfi Əli Kərimli və AXCP olmalı idi. Sadəcə olaraq Əfqan Muxtarlının oğurlanması ətrafında Gürcüstanda siyasi böhranın dərinləşməsi bu planı bir qədər şübhə altına alıb. Əslində əməliyyat daha qorxunc ssenari üzrə tamamlanmalı idi. İlk günlər Gürcüstanın güc strukturları belə bir məlumat vermişdi ki, guya Muxtarlı dəfələrlə qanunsuz olaraq gizli şəkildə Azərbaycan ərazisinə keçib və guya kimlərəsə maliyyə vəsaitləri çatdırıb. Bu ssenariyə görə Gürcüstanla sərhəddə olan Balakən və Zaqatala rayonlarından müxalifətə bağlı olan kimlərsə vasitəçi qismində “tapılmalı” və Əfqanın “qaçaqmalçılıq” yolu ilə gətirdiyi “beynəlxalq” yardımları Əli Kərimliyə çatdırdığını “təsdiq” etməli idi.
Nardaran ssenarisi, “Gülənçi” şousu və Gürcüstan böhranı
6 nəfərin həyatı hesabına Əli Kərimlini “dövlət çevrilişndə” ittiham etmək üçün Nardaran ssenarisi iflasa uğradıqdan sonra Baş prokuror Zakir Qaralov bu dəfə Xalq Cəbhəsini və Əli Kərimlini Fətulla Gülənlə əməkdaşlıqda ittiham etdi. Məhz elə bu məqsədlə cənab Qaralovun dost-doğma əmisinin redaktoru olub, ön söz yazdığı Gülənin kitabları Əli bəyin köməkçisi, “Azadlıq” qəzetinin yayım əlaqələndiricisi Faiq Əmirlinin maşınının yük yerindən “çıxdı” və utanıb-qızarmadan dinə ümumiyyətlə heç bir aidiyyəti olmayan bir adamı Gülənin hizmət şəbəkəsinin imamı elan etdilər.
Əli Kərimli və Xalq Cəbhəsinə qarşı hüquq mühafizə orqanlarının, o cümlədən Baş prokurorluğun planlaşdırdığı dini-ideoloji təxribat rüsvayçılığa düçar oldu. İndi də Gözəl xanım və Əfqan Muxtarlı üzərində qurulmuş, bir qədər sonra professor Fərman Ceyranlının da əlavə olunacağı “dərin dövlət” düşüncəsinin “məhsulu” olan “xaricdən maliyələşmə” şousunun başlıca hədəfi nəticə etibarı ilə Əli Kərimli olmalı idi və hər şey buna hesablanmışdı. Amma Gürcüstanda yaranmış siyasi böhran bütün planı alt-üst edib. Azərbaycanın kriminal rejimi ictimai rəyin təsir imkanına malik olduğu qonşu dövləti, Gürcüstan hakimiyyətini böhranla üzləşdirib və gürcü hakimiyyəti sözün tam mənasında çıxılmaz duruma düşüb. Gürcüstan hakimiyyətinin jurnalist oğurluğunda iştirakı hər gün daha çox öz təsdiqini tapır.
Qaralov hansı qanuna istinad edir?
Gözəl xanımın evində axtarışdan sonra Baş prokurorluq elan etdi ki, onun evindən 2015-ci ildə Gürcüstan bankından 100 min rus rublu çıxması barədə bank sənədi çıxıb. 100 min ifadəsi “təntənəli” səslənsə də 2015-ci ildə bu 1500 Amerika dolları və Azərbaycan manatdından bir qədər az vəsait deməkdir. Bundan əlavə hansı qanun Azərbaycan vətəndaşlarına Gürcüstan, ya digər bir xarici ölkələrdə bank hesabı açmağı qadağan edir? Ya bu qadağalıq AXCP sədrinin müavini olduğu üçün ancaq Gözəl Bayramlıya aiddir? Baş prokuror deyir ki, indi “bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb”.
Amma söhbət qanunsuz mənimsənilən, korrupsiya və böyük rüşvət, büdcə vəsaitlərinin talanması kimi şübhəli məqamlardan gedirsə burada nəinki vaxtı çatmış, hətta Baş prokurorluğun laqeydliyi ucbatından vaxtı keçmiş bir sıra araşdırılmalı məqamlar vardır. Birincisi, Azərbaycan Beynəlxalq Bankı ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı çoxlu həbslər keçirilib, adamların əmlakı əlindən alınıb. Halbuki, deyilənlərə görə, həmin bankdan ümumi həcmi bir milyard ətrafında olan ən böyük kredit vəsaitlərin “Akord” şirkəti götürüb. 50 min, 100 min, 1-2 milyon kredit alanlar uzun müddət “Bandotdeldə” saxlandığı halda, banka ən böyük borc ödəməli olan “Akkord” şirktinin dövlət vəsaitlərini qaytarması istiqamətində Baş prokurorluq hansı tədbirləri görüb?
Baş prokuror ofşora daşınan pullar və Valonte məsələsində niyə susdu?
Beynəlxalq jurnalist təhqiqatları başa çatdıqdan sonra Azərbaycandan böyük maliyyə vəsaitlərinin ofşorlara çıxarılması barədə ifşaedici faktlar aşkarlandı. Biz Əli Kərimli ilə birlikdə bu böyük korrupsiya əməlinin araşdırılması haqqında Baş prokurorluğa rəsmi yazılı müraciət göndərmişik. Hazırda müxalifət təşkilatlarında və bəzi QHT-lərdə maliyyə “pozuntusu” axtaran Baş prokurorluq belə böyük korrupsiya əməlinə niyə münasibət bildirmədi?
Bu yaxınlarda Zakir Qaralovun həmkarı olan Milan prokurorluğu bəyan etdi ki, Azərbaycan hakimiyyətinin siyasi sifarişinə lobbiçilik edən AŞPA-nın vəzifəli şəxsi kimi Luka Valenteyə 2,4 milyon dollar həcmində rüşvət verilib. Əli Kərimli və mən Baş prokurorluğa yazılı müraciət etmişik ki, ölkəmizi beynəlxalq aləmdə rüsvay edən bu rüşvət faktı ətrafında araşdırmalara başlasın. Lakin Milan prokurorluğunun təhqiq etdiyi bu rüsvayçılığın araşdırılması istiqamətində Baş prokurorluq heç bir əməli addım atmadı. Baş prokuror kimi cənab Qaralov ortada olan bu transmilli rüşvət əməlinə münasibətdə rəhbərlik etdiyi qurumun laqeyd yanaşmasını nə ilə izah edir?
Məhz elə həmin rüşvət prosesinin araşdırmasının gedişində o da təsdiqləndi ki, Luka Valentaya rüşvət verən Azərbaycan şirkəti bir təqvim ilində ölkədən bir milyard avro vəsait çıxarıb ofşor hesablarda yerləşdirib və üstəlik ödəmə qabiliyyətini “itirdiyi” üçün 31 milyon manat həcmində dövlət vergisindən azad edilib. Qanunçuluğa nəzarət funksiyasını həyata keçirən Baş prokurorluq müxalifətin qəpik-quruşunu axtarınca, belə böyük oğurluq əməlinə nədən səssiz yanaşıb?
Müxalifət üçün bir qanun, iqtidar üçün ayrı qanun var?
Son vaxtlar keçmiş MTN və Rabitə nazirliklərinin işi ilə bağlı maraqlı məqamlar ortaya çıxdı. Prokurorluq orqanlarının bilavasitə iştirakı ilə aparılan istintaq və məhkəmə prosesində keçmiş nazir öz yazılı ifadəsində bəyan etdi ki, hər ay 300 min manat, onun hazırda nazir müavini kimi yüksək vəzifə tutan müavinləri isə yazılı şəkildə təsdiq etdilər ki, hər ay 30 min manat paket alıblar. Öz aylıq paketlərinin bir neçə misli həcmində vəsaiti isə hər ay başqa bir nazirliyin yüksək vəzifəli şəxslərinə rüşvət kimi göndəriblər. Ömrü boyu halal zəhmətlə yaşayan Gözəl xanımın qonşu ölkənin bankından 100 min rus rublu, yəni 1500 Azərbaycan manatı çıxarmasında kriminal məqam axtaran Baş prokuror hüquqi məsuliyyət yaradan belə açıq korrupsiya əməlinə niyə biganə qalır?
Əlbəttə, belə faktların sayını artırmaq da olar. Axı ölkədə müxalifət üçün bir qanun, iqtidar üçün ayrı qanun yoxdur. Prokurorluğun vəzifəsi qanunun aliliyini təmin etməkdir. Ancaq professor Zahid Qaralovun buraxdığı Fətulla Gülənin kitablarına görə Faiq Əmirlini hizmət imamı elan edəndə, ölkənin ən təmiz xanımı Gözəl Bayramlını maliyyə qaçaqmalçılığında ittiham edəndə, Gürcüstanda müvəqqəti pənahəndə olan Əfqan Muxtarlını oğurlayıb sərhəd “pozucusu” kimi həbsə alanda nə qanundan, nə də onun aliliyindən daha bir şey qalmır. Bu halda bir orqan kimi Baş prokurorluq da əhalinin gözündə tədricən nüfuzdan düşür. Uzun illər bu orqana rəhbərlik edən cənab Zakir Qaralov buna nail ola bilib. Ayrı cür ola da bilməzdi. Axı, bu adam hələ sovet dövründə nəzarətində olan cinayət işini saxtalaşdırdığına görə vəzifədən yox, prokurorluq orqanlarından xaric edilmişdi.
Oxunub: 2166