İkitərəfli münasibətlərin korlanması, yüztərəfli hüquqsuzluğa görədir
Azərbaycandakı repressiyalar, ictimaİ-siyasi fəalların gülməli ittihamlarla həbs olunması bütün dünyanın diqqətindədir. Bu həbslərlə nüfuzlu nəşrlərdə saysız-hesabsız məqalələr dərc olunub, tanınmış hüquq müdafiə təşkilatları hesabatlar hazırlayıb, beynəlxalq qurumlar bəyanatla çıxış edib. Son olaraq jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi, Azərbaycandakı ağır vəziyyəti bir daha diqqət mərkəzinə gətirdi. Amma Azərbaycan hökuməti hələ də iddia edir ki, Əfqan Muxtarlı sərhəddi pozub, qaçaqmalçılıqla məşğul olub və.s Gürcüstan hökuməti bu rüsvayçılıqdan yaxa qurtarmağa çalışır, Əfqan Muxtarlıya qarşı belə bir əməliyyatın həyata keçirilməsindən narahatlığını ifadə edir, Azərbaycan hökuməti isə hamının bildiyi həqiqəti danmaqla məşğuldu.
Amma hüquqsuzluğun bu qədər zirvəyə dırmaşmasına heç kimi biganə qala bilmir və nəticədə Avropa Parlamenti baş verənlərlə bağlı qətnamə qəbul etdi. Qətnamədə hakimiyyətin insan haqlarını kobud şəkildə pozması pislənilir və günahsız tutulmuş adamların dərhal azadlığa buraxılması tələb olunur.
Belə bir vəziyyətdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov dilə gəlib və Avropa Parlamentindən incidiyini bildirib: “Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb. Avropa Parlamentinin qətnaməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz”-deyə Ziyafət Əsgərov bildirib.
Hər dəfə belə açıqlamalar veriləndə gülməli vəziyyət yaranır. İkitərəfli münasibətlərin möhkəmlənməsində, istiləşməsində maraqlı olan hökumət niyə 100 tərəfli hüquqsuzluqlara imza atır? Azərbaycan hökuməti beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmir? Avropa Məhkəməsi bugünə qədər yüzlərlə siyasi işlə bağlı qərar çıxarıb və dövlət haqqı tapdananlara maddi təzminat ödəyib. Yəni, ölkədə müstəqil məhkəmənin olmadığını, repressiya maşınının şütüdüyünü Avropa Məhkəməsi sübuta yetirib, Azərbaycan tərəfi də bu sübutlar qarşısında təslim olub. İndi isə müxalifət funksionerlərini daha kobdu şəkildə həbs edirlər, həbs olunan şəxslərə qarşı heç bir sübut yoxdur və məhkəmələrə açıq şəkildə yuxarının sifarişin yerinə yetirir. Belə olan halda Avropa Parlamenti, ABŞ Departamenti, beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hökumətinə təşəkkür etməlidilər?
Dövlətin imicini düşünən, ikitərəfli münasibətlərə önəm verən hökumət avtoritarizmə niyə könül versin? Açıq şəkildə ölkənin ən işıqlı adamlara şəxsi hikkənin, hökumət maraqlarının qurbanına çevrilir və haqlı olaraq beynəlxalq qurumlar buna adekvat reaksiya verir.
Ona görə də Ziyafət Əsgərov əvvəlcə təmsil olunduğu komandanın hansı tərəfdə olduğuna diqqət yetirməli, sonra dünyadan hərmət ummalıdır. Hüquqsuzluğun, saxtakarlığın, talançılığın tərəfində olub, eyni zamanda ikitərəfli münasibətlərdə “sizi sevirik” kəlməsini eşitmək mümkün deyil.
Onsuz da bugünə qədər ölkədəki çox eybəcərliklərə göz yumulub, beynəlxalq aləm müxtəlif vədlərlə aldadılıb və nəticədə hökumətin ömrü uzanıb. Amma bütün həddləri aşdıqdan sonra da, dünyadan tərif eşitmək arzusuna düşmək absurdur.
Faktiki olaraq aparılan siyasət ölkənin imicinə xələl vurmağa xidmət edir. Deməli, ikitərəfli münasibətlərə xələl gəlməsini də məhz Azərbaycan hökuməti təmin edir.
Bir sözlə. Avropa Parlamentinin qətnaməsinə təəssüflənmək lazım deyil. Ölkədə qəbul edilən qərarlara təəssüflənmək və yanlış idarəçilikdən imtina etmək lazımdı? Əks halda, beynəlxalq aləmin “ziyafət”lərində Ziyafət Əsgərovun xoşuna gəlməyən “təam”lar süfrəyə gəlməkdə davam edəcək.
İlham
Oxunub: 714