Nazirlər Kabineti “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.
Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat), dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 40 manat əlavə müəyyən edilib.
Elm və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi adı (dosent və professor) olan şəxslərin vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdirilib. Başqa sözlə, bu kateqoriya üzrə dosent elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat, iş stajı 20 ildən artıq olduqda — 100 manat, professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat, iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat, iş stajı 20 ildən artıq olduqda 120 manat əlavələr müəyyən edilib.
Oxunub: 144