Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova beynəlxalq konfransda deyib ki, “Azərbaycan çox inkişaf edən ölkədir, xüsusən qadın hüquqlarının müdafiəsi baxımından ölkədə diqqətəlayiq işlər görülüb.” Komitə sədri dayanıqlı inkişafdan söz açaraq bildirib ki, “qadınların bu g¬ün iqtisadi baxımdan müstəqilliyi, onların bir çox istiqamətdə ¬sərbəst inkişaf etməsi görülən işlərin nəticəsidir.” Sədrin bu sözlərini oxuyanda özünü xəyallar aləminə düşmüş kimi hiss edirsən. Elə bil heç BMT-nin “Dayanıqlı İnkişafın həll yolları” şəbəkəsi tərəfindən açıqlanan illik xoşbəxtlik reytinqində 85-ci sırada duran ölkənin qadın vətəndaşı deyilsən. Elə bil heç Britaniyanın “Save the Children” xeyriyyə təşkilatının hazırladığı illik “Dünya Analıq hesabatı”nın reytinq cədvəlində 179 ölkədən 90-cı deyilik. Sanki hesabatda yer alan “Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir” statistikası bizə aid deyil. Hicran xanımın “çox qısa mü¬ddətdə qadın sahibkar¬ların sayını 17 faizd¬ən 25 faizə qaldırdıq” fikrini eşidəndə düşünürsən ki, Avropa ölkələrini biznes mühitinə görə təsnif edən “European Chamber” təşkilatının yaydığı yeni hesabatda sıralanan 46 ölkə arasında 45-ci yerdə duran biz deyilik, Norveçdir.
Sanki beynəlxalq “Freedom House” təşkilatının son hesabatında “adambaşına ən çox siyasi məhbusu” olan ölkə də Azərbaycan deyil, Amerikadır.
Bu il ölkədə yoxsulluq səviyyəsi görünməmiş dərəcədə artıb. Rəsmi etiraf olunan rəqəm 2 faizdir, amma müstəqil ekspertlər tamam fərqli şeylər deyirlər. Hansı inkişafdan söhbət gedir görəsən? Artıq ünvanlı sosial yardım alan şəxslərin sayı əhalinin 6,98 faizinə çatıb. Bunu biz demirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, son bir ildə yardım təyin olunan ailələrin sayı 55,5 faiz artıb. Ötən il ölkədə etiraf olunan rəsmi yoxsulluq səviyyəsi 4,9 faiz, ehtiyac meyarı yaşayış minimumunun 80,2 faizi səviyyəsində idisə, bu il həmin göstərici 74,8 faizə düşüb. İqtisadiyyat Nazirliyinin məlumatında belə deyilir.
Azərbaycan qadınının güzəranı gerçəkdən Hicran xanımı maraqlandırırsa, onu ucqar rayonlarımızın tozlu yollarında meyvə-tərəvəz satan dərisi yanmış qadınlarla görüşə apara bilərəm. Ona övladını aclıqdan xilas etmək üçün kərpic zavodunda qul kimi çalışan qadınlarla tanış edə bilərəm. Və komitə sədrini həqiqətən ölkəmizdəki qadınların problemləri qayğılandırırsa, ona Bakının ortasında qul bazarına çıxan qadınlarımızın durduğu yeri göstərə bilərəm…
Səadət
Oxunub: 420