Yenə də əmək haqlarının və işləyənlərin sayının artmasına dair məlumat tirajlayıb Dövlət Statistika Komitəsi. Guya muzdla çalışanların sayı bu ilin “yanvar-aprel” dövründə 4,4 min nəfər, aylıq əmək haqqı isə 6 manat 20 qəpik artıb.
Bu dövlət komitəsində çalışan savadlı və təcrübəli mütəxəssislərin olmasına heç şübhəm yoxdur. Lakin siyasi don geyindirilmiş bu cür açıqlamalar illərini bu sahədə xərcləmiş dəyərli mütəxəssislərin üzərinə kölgə gətirir. Çünki indiki şərtlər altında həm muzdlu işçilərin sayının, həm də orta əmək haqqının artmasına dair yayılan məlumatlar təsdiq olunmur.
Əgər hər iki göstərici üzrə artım olubsa, bu mütləq şəkildə özünü dövlət büdcəsində göstərməliydi. Gəlir vergisi üzrə büdcəyə daxilolmalar çoxalmalıydı. Lakin bu baş verməyib. Gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar nəinki artmayıb, əksinə, azalıb. Son məlumatlar açıqlanmasa da, aprel ayının əvvəlinə olan məlumatlara görə gəlir vergisindən büdcəyə daxilolmalar 37%-ə yaxın azalıb. Azalma tendensiyasının hələ də davam etməsi şübhə doğurmur.
Bilmək lazımdır ki, əmək haqlarından tutulan gəlir vergisinin həcmi azalıbsa, bu, işçilərin əmək haqlarının, ümumi əmək haqqı fondunun mütləq azalması anlamına gəlir (hazırkı qaydalara görə). Belə olan halda, hətta işçilərin ötən ildəki sayı dəyişməz qalsa belə, orta əmək haqqı arta bilməzdi. Əksinə azalmalıydı. Əgər muzdlu işçilərin sıra sayı bu il, DSK-nın iddia etdiyi kimi daha 0,3% artıbsa, orta əmək haqqı səviyyəsi daha çox azalmalıydı. Bu vəziyyətdə əmək haqqının 6,8% artmasından deyil, hansısa faiz nisbətində azalmasından danışmaq yerinə düşərdi.
Yox, əgər orta əmək haqqı “yanvar-aprel” dövründə artıbsa, bu yalnız və yalnız işçilərin sayının kəskin şəkildə azalması hesabına mümkün ola bilərdi, bu səbəbə ki, ümumi əmək haqqı fondu azalıb. Unutmaq olmaz ki, orta əmək haqqı ümumi əmək haqqı fondunun işçilərin orta illik siyahı sayına olan nisbətini xarakterizə edən göstəricidir. Bu halda həm işçi sayının, həm də orta əmək haqqının artması mümkün deyil. Belə şəraitdə isə DSK gərək muzdlu işçilərin sıra sayının azalması haqqında məlumat yayaydı.
Onsuz da, gündə bir müəssisənin bağlanması haqqında məlumatların qulaq deşdiyi bir vaxtda işçilərin sayının artması haqqında danışmaq çox absurddur.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 264