Əminəm, nəinki siyasətlə məşğul olanlar, hətta istənilən sadə vətəndaşımız da bilir ki, Ermənistan, eləcə də Azərbaycan Rusiyanın nüfuz dairəsində qaldıqca, Qarabağ münaqişəsi həll olunmayacaq. Uzağa getməyək, ötənilki aprel döyüşlərini xatırlayaq. İndi Rusiyanın tanınmış ictimai-siyasi xadimləri də, Azərbaycanın müdafiə naziri də etiraf edir ki, o zaman ordumuzun torpaqlarımızı azad etməsinə Rusiya rəsmiləri imkan verməyib. Sağlam məntiq bizə deyir ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla, sülh yolu ilə həlli üçün Azərbaycanın da, Ermənistanın da Rusiyanın nüfuz dairəsindən çıxarılması vacibdir. Bəs bu ölkələr necə çıxa bilər Rusiyanın təsir dairəsindən? Real alternativ birdir. Gərək Azərbaycan da, Ermənistan da Avropa Birliyi ilə inteqrasiyanı gücləndirə ki, bölgə də Rusiyadan müstəqilləşə və öz problemini özü həll edə.
Hәr zaman Rusiyanın himayəsinə sığınan və bu ölkənin resursları ilə Qarabağı və ətraf rayonlarımızı işğal etmiş Ermənistan bizdən fərqli olaraq, son illərdə Avropa Birliyinə inteqrasiya istiqamətində ciddi addımlar atır. Ümid edirəm, yadınızdadır ki, hələ 2013-cü ildə Ermənistan Gürcüstan, Moldova və Ukrayna ilə eyni vaxtda AB ilə Assosiasiya Sazişi imzalamağa hazırlaşırdı. Sənədin imzalanması ərəfəsində yalnız Rusiyanın güclü təzyiqindən sonra Ermənistan rəhbərliyi bundan imtina etmişdi. Aradan 4 il keçəndən sonra Ermənistan AB ilə inteqrasiya istiqamətində növbəti dəfə ciddi addım atmağa hazırlaşır. Noyabrın 24-də Brüsseldə imzalanacaq yeni saziş faktiki hazırdır. Və bu sazişin siyasi hissəsi Assosiasiya Sazişinin siyasi hissəsi ilə faktiki eynidir. Başqa sözlə, Ermənistan Avropa Birliyi ilə dərin siyasi inteqrasiyaya getməyə, öz siyasi sistemini AB tələb və standartlarına uyğun demokratikləşdirməyə hazırlaşır. Yeni saziş yalnız iqtisadi hissəyə görə Assosiasiya Sazişindən fərlidir. Çünki Ermənistan Rusiyanın liderlik etdiyi Avrasiya İttifaqına qoşulub və eyni vaxtda həm Avrasiya İttifaqı, həm də Avropa Birliyi ilə dərin iqtisadi inteqrasiya mümkün deyil. Burdan da çox aydın görünür ki, Ermənistan siyasi elitası əslində AB-yə inteqrasiya xətti götürüb. Lakin o vaxta qədər ki, Rusiyadan iqtisadi baxımdan bəhrələnmək və onun hesabına havayı silahlanmaq imkanı var, müvəqqəti olaraq Rusiya ilə iqtisadi və hərbi birlikdə qalırlar.
Bu şəraitdə biz nə etməliyik? Əlbəttə, yaxşı olardı ki, AB-yə inteqrasiyada Ermənistanı qabaqlayaq. Təəssüf ki, rejim buna imkan vermir. Bu halda heç olmasa, çalışmalıyıq ki, AB-yə inteqrasiya sahəsində Ermənistandan geri qalmayaq. AB-yə inteqrasiya sahəsində də Ermənistandan geri qalmaq birbaşa milli maraqlarımıza zərbə olacaq. Təəssüf ki, Azərbaycan hakimiyyəti yenə də anti-milli mövqe tutub. Nəinki AB ilə Ermənistan kimi daha əhatəli (faktiki siyasi Assosiasiyanı nəzərdə tutan) siyasi saziş hazırlamırlar, üstəlik öz mirzələri vasitəsilə rusdilli mətbuatda (ruslar asan oxusun deyә) Rusiyaya “şikayət göndərirlər” ki, bax ha, Ermənistan sənə xəyanət edib, AB-yə inteqrasiya etmək istəyir, imkan vermə. Təəccüblü də olsa, məsələ belədir. Azərbaycan xüsusi xidmət orqanlarının sözçüsü kimi tanınan yazarlar məhz bu işlə məşğuldurlar.
Nədir məqsədləri? İstəyirlər ki, Azərbaycan da, Ermənistan da qalsın avtoritarizmin dayağı olan Rusiyanın əhatə dairəsində, Qarabağ münaqişəsi də həll olunmamış qalsın, rejimlər çətinə düşəndə arabir atəşkəsi pozub, xalqa “xox” gəlsinlər, həll edə bilmədikləri bütün problemlərin də hamısını “Qarabağ boyda dərdimiz var” bəhanəsilə yola versinlər. Ən əsası Qarabağın işğalda qalması bahasına olsa da siyasi və iqtisadi islahatlara getməsinlər, AB qarşısında demokratiyaya, demokratik seçkiyə keçmək öhdəliyi götürməsinlər. Baxın, budur bu hakimiyyətin mahiyyəti!
Oxunub: 1062