“Zərərçəkən” jurnalistə vermək üçün pulu icra başçısından aldığını bildirdi
Avqustun 24-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıdan olan jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı, kənd.info saytının rəhbəri Elçin İsmayıllının məhkəməsi keçirilib. Jurnalistin hüquqlarını məhkəmədə vəkil Elçin Sadıqov müdafiə edir.
Bugünkü prosesdə iş üzrə zərəçəkən və şahid kimi tanınanlardan bir neçəsi iştirak edib. Onların ifadəsi dinlənilib.
Daha sonra prosesdə fasilə elan olunub. Növbəti proses avqustun 25-i saat 14:15-ə təyin olunub. Məhkəmə şahid və zərərçəkənlərin dindirilməsi ilə davam etməlidir.
Vəkil Elçin Sadıqov proses barədə feysbukda məlumat paylaşıb. Vəkil qeyd edib ki, prosesdə məhkəmənin tərkibinə etiraz ediblər. Çünki hakim hazırlıq iclası barədə nə vəkilə, nə də Elçin İsmayıllıya heç bir məlumat verməyib: “Elçin İsmayıllı hazırlıq iclasında mənim də iştirakımı tələb etməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasını keçirib, mənə cinayət işi ilə tanış olmağa imkan verməyib, məndən qanunsuz olaraq orderimin tarixini dəyişməyi tələb edib. Lakin məhkəmə tərkibi etiraza baxmaq üçün müşavirəyə getməzdən əvvəl mənə təyziq məqsədilə fəaliyyətimin araşdırılması üçün qanunsuz qərar qəbul etdi. Ümumiyyətlə, hakim Rəşid Hüseynov müstəqil vəkillərə ən çox qanunsuz təyziq göstərən hakimlərdəndir. Yəqin düşünür ki, belə etsə onun vəzifəsini daha tez yüksəldərlər. Daha sonra müşavurəyə getdilər və qanunsuz olaraq etirazımızı baxılmamış saxladılar. Daha sonra vəsatət qaldırdıq ki, iş materiallarının surəti və bizə müdafiəmizi hazırlamaq üçün vaxt verilsin. Hakimlər bu vəsatəti də təmin etmədi və bizə hazırlaşmağa vaxt vermədən işə baxılmasını davam etdirdi”.
Vəkil qeyd edib ki, dövlət ittihamçısı ittihamı elan edib, sonra Elçin İsmayıllı ifadə verib. O, ittihamların saxta və uydurma olduğunu bildirib. Deyib ki, bu cinayət işində məqsəd ölkədə müstəqil və müxalifyönlü jurnalistikanı tamamilə məhv etməkdir.
E.Sadıqovun verdiyi xəbərə görə, zərərçəkən kimi tanınmış Abbasov Azər Eyvaz oğlu ifadə verərkən bildirib ki, onun özü İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqova deyib ki, Elçin İsmayıllı ilə danışsın və ona pul təklif etsin. İcra başçısı da onunla razılaşıb. Elçin ondan heç vaxt pul tələb etməyib. Elçinlə görüşməkdə təşəbbüskar özü olub, görüşməyi israr edib. “Zərərçəkən” bildirib ki, 1000 manat pulu ona icra başçısı verib. O pulun nə məqsədlə verildiyini bilməyib və onu oyuna salıblar.
Şahidlər Şahvələdov Məzahir, Cəfərov Füzuli və Həsənov Həsən də ifadələrində Elçin İsmayıllının heç vaxt heç kimdən pul tələb etmədiyini, yazılarına görə maddi niyyət güdmədiyini bildiriblər.
Oxunub: 590