Vəkil Fariz Namazlı Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və onunla birlikdə həbs olunmuş daha bir Nardaran məhbusu Abbas Hüseynovla görüşüb.
Müdafiəçi bu haqda “Azadliq.info”ya açıqlamasında bildirib ki, hər iki şəxs həbsxana əməkdaşının müşayiəti altında görüşə gətirilərkən əlləri arxadan qandalla bağlı vəziyyətdə olub. Amma vəkil deyir ki, yerli qanunvericiliyə görə, onlara əl qandalı bu şəraitdə tətbiq edilə bilməz. Fariz Namazlı bununla əlaqədar həbsxana rəhbərliyinə yazılı müraciət edəcəyini də bildirib.
“Abbas Hüseynov xeyli arıqlayıb, bədənində hələ də işgəncə izlərinin bəziləri qalmaqdadır. Həbsxananın həkimi onu yalnız vizual olaraq müayinə edib. Abbas Hüseynov aldığı xəsarətlər, həmçinin gözünün yoxlanması və dərisində allergiya olmasına görə həkim müayinəsindən keçməsini tələb edib. Lakin həbsxana rəhbərliyi bildirib ki, onların belə ixtisaslaşmış həkimləri yoxdur, Müalicə Müəssisəsinin həkiminin nə zamansa gələcəyini gözləmək lazımdır”, – deyə vəkil bildirib.
Nardaran məhbusları müdafiəçi ilə görüşlərində susuzluqdan da şikayətləniblər. Fariz Namazlının sözlərinə görə, həbsxanada su problemi var, gündə cəmi 3 saat su verilir.
Xatırladaq ki, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynov bundan əvvəl avqustun 8-də vəkili ilə görüşərkən həbsxanada ona verilən dəhşətli işgəncələrdən – 42 dərəcə istidə açıq havada dəmir borulara bağlanıb döyülməsindən, həbsxananın rəisinin öz otağında dəyənəklə ona çoxsaylı zərbələr endirməsindən, təmirsiz, qan ləkələri və soxulcanlarla dolu “kars” otağında saxlanmasından danışmışdı.
Azadliq.info
Oxunub: 188