“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu haqda avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb.
Mehman Əliyevin vəkili həbs qərarından apellyasiya şikayəti vermişdi. Şikayətdə həbs qərarının qanunsuz və əsassız olduğu bildirilirdi. Amma məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Vəkil Fariz Namazlı “Azadliq.info”ya açıqlamasında bildirib ki, Mehman Əliyev haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan Avropa Məhkəməsinə şikayət olunacaq.
Fariz Namazlının məhkəmədən sonra açıqlaması:
“Müdafiə tərəfi ən azı, Mehman Əliyevə verilmiş ittihamların saxta olduğunu sübuta yetirdik. Sübut elədik ki, Mehman Əliyevə qarşı ittihamlarla əlaqədar heç əsaslı şübhələr də mövcud deyil, ittiham tərəfi məhkəməyə bununla bağlı sübutlar təqdim etməyib.
Digər tərəfdən, Mehman Əliyevə ittiham verilən cinayətlər iqtisadi xarakterlidir. Son dövrlərdə praktikada bu cür əməllərə görə həbs hallarına rast gəlməmişəm. Amma Mehman Əliyevə fərqli münasibət, bu cür ittihamlarla barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, bu iş sifarişlidir. Yəni Mehman Əliyev sifariş əsasında həbs olunub.
Məhkəmədə də dedik, Mehman Əliyevin daimi yaşayış, iş yeri var, dəfələrlə şahid qismində ifadə verib, istintaqın çağırışlarından heç vaxt yayınmayıb. Sonuncu dəfə də istintaqa çağrılıb və könüllü şəkildə gedib, daha sonra şübhəli, ardınca da təqsirləndirilən şəxs qismində cəlb olunub. Yəni Mehman Əliyevin istintaqdan yayınması üçün əsaslı ehtimallar mövcud deyil.
Mehman Əliyevin həbsdə saxlanması üçün istintaqın arqumentlərindən biri budur ki, o, işçiləri arasında hörmətə, sevgiyə malikdir, bundan istifadə edib şahidlərə təsir göstərə bilər. İstintaq orqanı bu cür bəhanələr irəli sürdü. Əlbəttə ki, bu arqumentlərin heç bir hüquqi əsası yox idi.
“Turan” informasiya agentliyi ətrafında başlanmış cinayət işi tamamilə saxtadır. Mehman Əliyevə qarşı irəli sürülmüş ittihamlar da saxta, bu əsasla onun həbsi də qanunsuzdur.
Mehman Əliyev özü də bildirdi ki, həbsi qanunsuz, ittihamlar saxtadır.
Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş işlərdə apellyasiya məhkəməsinin qərarı son instansiyadır. Ölkə daxilində artıq həbs məsələsi ilə bağlı hüquqi müdafiə vasitəsi mövcud deyil. Mehman Əliyev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik”.
M.Əliyevə dəstək məqsədilə məhkəmənin önünə çox sayda siyasi və ictimai fəallar toplaşıblar. AXCP sədri Əli Kərimli də məhkəməni izləməyə gələnlər arasında olub və o, qərardan sonra ictimaiyyət üçün açıqlama verib.
azadliq.info
Oxunub: 618