Niyə istintaq bu sualın cavabını tapmaq istəmir və niyə heç, tapa da bilməz?
Qənimət Zahid
Bu gün səhər (27 avqust 2017- ci il) Müdafiə Nazirliyinin «Y» saylı silah anbarında partlayış oldu. Niyə, «Y» saylı? Axı, adətən, «N» saylı deyirlər… «N»- hərbi hissələr üçün kod adıdır, çünki ordunun baş qərargah rəisi Nəcməddin Sadıqovdur. Nazirlər gəldi- gedərdir, amma «N» sabitdir. Silah anbarları, silah və hərbi texnika istehsalı isə başqa bir konstant nazir – Yavər Camalovun adı ilə bağlı olduğuna görə «Y» saylı olmalıdır. Üstəlik, onu da nəzərə almalıyıq ki, bütün partlayışlar Müdafiə Sənayesi Nazirliyinin xətti ilə istehsal və ya idxal edilən silah- sursatın saxlandığı anbarlarda baş verir. Yerli hərbi istehsal haqqında başqa aksentlərdə danışmaq lazım gəlir, əsas kütlə idxaldır.
Şirvandakı partlayış da ayın 27- də baş vermişdi
Bir il bundan əvvəl, daha doğrusu 13 ay bundan əvvəl- 2016- cı ilin iyul ayının həmin bu günündə, yəni 27-də (deyəsən, bazar günü deyildi) Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən silah zavodunda da belə bir partlayış olmuşdu. 2 nəfər həlak olmuşdu, 20 nəfərə qədər işçi də yaralanaraq xəstəxanalara yerləşdirilmişdi. Partlayışdan dərhal sonra Baş Prokurorluöun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi fakt üzrə cinayət işi qaldırdı. Nə qədər təəccüblü də olsa, hadisənin araşdırılması üçün bu istintaqın kifayət etməyəcəyini hiss edən prezident də dərhal Xüsusi Komissiya yaradıb araşdırma işlərinin bir böyrünü də həmin Komissiyaya həvalə etdi.
Bəlkə, elə ondan başlayaq ki, bu Komissiyanın heç bir fəaliyyəti olmadı? Baş Prokurorluqda qaldırılan cinayət işindən də soraq yoxdur. Dövlətin müdafiə və təhlükəsizlik sektoru üçün xüsusilə əhəmiyyətli bir hadisə baş verdi, amma həmin hadisənin nəticələri, onu doğuran səbəblər barədə heç bir qənaət əldə edilmədi. Bəlkə də, heç, istintaq da aparılmadı. Prezidentin xüsusilə əhəmiyyətli cinayət hadisələrinin araşdırılması üçün tərtib etdiyi ənənəvi Komissiyalar, Xüsusi İstintaq qrupları hansı işləri gördüsə həmin Komissiya da eyni işi gördü. İctimai rəydə belə bir fikir var ki, prezident hansısa cinayət işinin araşdırılmasını şəxsi nəzarəti altına götürürsə, həmin cinayət işi ictimaiyyət üçün qapalı elan edilir, yalnız prezident xəbər tutur və dəftər bağlanır.
«Utilizasiya» cəhənnəmi
İndi isə Giləzidəki «Y» saylı slah anbarında başqa bir partlayış baş verdi. Mətbuatda yayılan məlumata görə ətrafdakı 6 kəndin əhalisi evakuasiya edilib. Yəni, bu o deməkdir ki, partlayışın miqyası böyük olub.
Şirvan şəhərində 1 il əvəl baş vermiş partlayışdan sonra rəsmi məlumat yayılmışdı və həmin məlumatda baş vermiş partlayışın səbəbləri barədə ilkin rəy bildirilmişdi. Müdafiə Sənayesi Nazirliyi elan etmişdi ki, “Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır”.
«Partlayış səslərinin səbəbləri… qığılcımlardır» şəklində mübtəda- xəbərdən düzəldilən məlumat Müdafiə Sənayesi Nazirliyinin ictimai rəyi dolamasına bərabər başqa bir səssiz partlayış idi, amma bu, heç. Yəni, fakt üzrə izah etmək istəsək belə çıxırdı ki, Müdafiə Sənayesi Nazirliyi utilizasiya eilmək üçün 1500 ton məmulatın utilizasiyasını sifariş edib, bu 1500 tondan 146 ton qalanda Utilizasiya komandası hansısa səhvləri edib və partlayış baş verib.
Nədir bu «utulizasiya»? İstər elmi-texniki, istərsə də adi danışıq dilində müddəti başa çatmış detenatorların, tərkibində barıt və ya digər partlayıcı maddələr olan sursatın zərərsizləşdirilməsi deməkdir. 2016- cı ildə Şirvan şəhərindəki silah zavoduna bitişik silah anbarında 1500 ton mərminin zərərsizləşdirilərək ləğv edilməsi üçün sifariş edilibmiş. Kimə sifariş edilibmiş ? Utilizasiya prosesini kim həyata keçirirmiş ? Hansı şirkət, hansı ölkənin mütəxəssisləri ? (Əlbəttə, mən Müdafiə Sənayesi Nazirliyinin rəsmi məlumatına istinad edərək bu sualları çıxarıram). Tamamilə anlayışlı və başa düşüləndir ki, Azərbaycanın özünün utilizasiya təcrübəsi olmasın. Bütün dövlətlərin hökmən belə bir komandası, şirkəti, təcrübəsi olmalıdır deyə, bir şey yoxdur. Bir çox dövlətlərdə buna ehtiyac görmürlər və utilizasiya üçün başqa dövlətlərdən olan təcrübəli komandalara müraciət edirlər. Əgər ötən ilki utilizasiya prosesini Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin özünün cəlb etdiyi yerli mütəxəssislər həyata keçirmişdilərsə, belə bir faciə baş vermişdisə, o zaman istintaq bu risqi gözə almayan rəhbərliklə bağlı hansısa nəticələri üzə çıxarmalı idi. Bu məsələlər, ümumiyyətlə, qaranlıq qaldı və yəqin ki, mümkün sorğulara da belə cavab verərlər ki, «dövlət sirridir». Hərçənd, xarab olmuş, müddəti keçmiş mərmilərin ləğv edilməsi, metalloma verilməsi heç bir halda dövlət sirri deyil, ola da bilməz.
Təxribat versiyalarının siyahısı
Qayıdıram Giləzidəki silah anbarının partlamasına. İndidən bəzi versiyalar irəli sürülüb. İctimai versiyalar irəli sürülüb qurtarandan sonra rəsmi mövqe də olacaq və hər zaman belə olur. İctimai rəydə mümkün bütün versiyalar səslənib qurtarandan sonra rəsmi açıqlama olur. İrəli sürülən versiyaların arasında diqqəti çəkən budur ki, təxribatdır. Həm də, əlbəttə, qonşu dövlətin təxribatı. Bu silah və sursatın alındığı ölkə olan Rusiyanın adı daha çox hallanır. Lap axırda onu qeyd edərik ki, «işini etibarlı tut, qonşunu da oğru görmə». Amma bu versiyanı irəli sürənlərin heç birinin arqumentlərində peşəkar yanaşma yoxdur. Doğrudur, böyük partlayışdır, oartlayış səsləri hətta Sumqayıtda da eşidilib və buna görə böyük partlayış kimi səciyyələndirilə bilər. Amma kim əmindir ki, partlayış səsi Sumqayıtda da eşidilən bu silah anbarı ən böyüklərdən biridir. Daha böyük anbarlar da ola bilər. Yaxud, bu anbarın ölkənin şimal tərəfinə yaxın olması o demək deyil ki, Rusiyaya yaxın olduğu üçün bu partlayışda mütləq Rusiya izi var. Azərbaycanın ən cənub nöqtəsi də Rusiyaya yaxındır. Ruslar Suriyada hərbi bazası olan, hərbi əməliyyat keçirən tərəfdirlər, onlar üçün Xızı ilə Astaranın nə böyük məsafə fərqi var ki ? Yəni, bu iradım partlayışda «rus izi»ni təkzib etmək deyil, sadəcə mümkün variantların arasında ən optimalının seçilməsi üçün aydınlıq gətirməkdir. «Rus izi»ni iddia edənlərin başqa tutalqaları da var ki, ruslar Azərbaycana silah satıb onu partlatmaqla ermənilərə mesaj verirlər ki, narahat olmayın, bunların pullarını alırıq, amma satdığımız silahları da partladırıq. Əlbəttə, bunu da çox səthi yanaşma kimi qiymətləndirmək olar. Nəyə görə? Azərbaycanın Rusiyadan aldığı silah- sursatın böyük hissəsi köhnədir. Bu, artıq etiraf edilən faktdır. Hətta o da etiraf edilən faktdır ki, Rusiyadan alınan silah və hərbi texnikanın çoxu istifadəyə yararsızdır. Bu, rəsmi səviyyədə də etiraf edilib. Belə bir versiyaya necə baxırsız ki, ruslardan alınan mərmilər və partlayıcı maddələr də utilizasiya mərhələsində olanlardır… Belə ola bilərmi? Nədən olmasın? Amma əgər bu versiya doğrudursa, ağlabatandırsa, biz öz köhnə malını sırıyıb pul qazanan rusları yox, bu köhnə və yararsız sursatı təhvil alan Azərbaycan tərəfini ittiham etməliyik. Bu versiyanı da qəribçiliyə salmayın….
«Quda»lmış hökumət
Başqa tərəfi də var. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, eləcə də Müdafiə Nazirliyi və başqa güc strukturları qohum- əqrəba prizmasından qəbul edilən kadr siyasəti ilə işləyir. Bütün güc strukturlarında belədir. Ciddi və böyük səlahiyyətli vəzifələr yaxın qohumlar arasından seçilərək doldurulur, karkas qudalardan, yeznələrdən, əmioğlu- xalaoğlulardan qurulur, sonra daha uzaq materialla içi doldurulur. Kadrlar peşəkarlıq mülahizələri ilə seçilmir. Barıt və ya partlayıcı mərmilər isə əmioğlu- xalaoğlu tanımır, vaxtı keçibsə, partlayır. Bu günlərdə çox adamın diqqət etmədiyi bir kadr təyinatı oldu. Naxçıvanda daxili işlər naziri vəzifəsinə Vasif Talıbovun qudası təyin edildi, amma bəlli olan başqa bir jköhnə fakt oldu. Sən demə, həmin bu quda bu zamana qədər Naxçıvanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri imiş. Prezident və birinci vitse- prezident eyni ailənin üzvləridir. Bütün güc strukturlarında və digər nazirliklərdə də buna bənzər kadr münasibətləri var. Hətta Kənd Təsərrüfatı Nazirliyində də lizinq işlərinə nazirin yaxın qohumu rəhbərlik edir. Müdafiə Sənayesi Nazirliyində və ya Müdafiə Nazirliyində də bu münasibətlər var. Lap bu yaxınlara qədər, orduda kütləvi erməni casus şəbəkəsi aşkar edilənə qədər Müdafiə Nazirliyinin baş kəşfiyyat İdarəsinin rəisi peşəkar kəşfiyyatçı olduğuna görə yox, nazirin köhnə dostu olduğuna görə həmin vəzifəyə qoyulan birisi idi.
70- ci illərdə Azərbaycan məktəblərində, xüsusilə də rayon və kənd məktəblərində kimya kabinetləri partlayardı tez-tez. Azərbaycan Pedoqoji İnstitununun kimya fakultəsini bitirən məzunlar 70- ci illərdə Azərbaycan məktəblərində kütləvi şəkildə qurulan fizika və kimya kabinetlərində nə edəcəklərini bilmirdilər. Bu kabinetlərdə tədris prosesinin əyani təşkili texniki bacarıq da tələb edirdi. Onlar isə bir çox hallarda bu cür hazırlığı olmayan adamlar idilər və buna görə də təcrübələr zamanı maddələri tərsinə qarışdırıb partlayəış əldə edirdilər….
İstər Şirvandakı silah zavodunda, istərsə də Giləzidəki silah anbarındakı partlayışla bağlı yaradılan istintaq qrupunun obyektiv işləyəcəyinə də heç bir ümid etmək lazım deyil. Çünki, Müdafiə Sənayesi naziri Yavər Camalov baş prokurorun birinci müavini Rüstəm Usubovla qudadır. Belə yerdə deyə bilərsiz ki, «zibilə düşümüşük».
Tam zamanında partlayan minalar
Rəsmi açıqlama olana qədər başqa bir versiyanı da mən qeyd eləmək istəyirəm.
Hərçənd, rəsmi açıqlama olsa da bu cür versiyaların rədd edilməsi üzərində qurulacaq. Məsələ burasındadır ki, silah alveri dünyada korrupsiyanın ən çox tətbiq edildiyi və buna görə də böyük pulların hərləndiyi sferadır. Silah tacirləri də xüsusi zümrədirlər. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması silah- sursat istehsalından daha çox silah idxalı məsələləri üçündür. Özünüz düşünün, velosiped istehsal edə bilməyən bir ölkədə müdafiə sənayesi nəyi və necə istehsal etməlidir? Yavər Camalov olmasın, lap Lütfizadə olsun. Axı, ölkədə mülki sənaye yoxdursa, sənaye istehsalı yoxdursa, müdafiə sənayesinin qurulduğunu necə təsəvvür eləmək olar? Mümkün deyil. Buna görə də, ictimai versiyaların üzərinə daha birini də eyni əminliklə əlavə edə bilərsiz ki, bu cür partlayışlar «idarə edilən partlayışlar» ola bilər. «İdarə edilən partlayışlar» isə bir qayda olaraq idarə edilən korrupsiyanın izini itirmək üçün təşkil edilir.
Oxunub: 2704