MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror keçmiş MTN-çilərə cəza da istəyib. Hazırda məhkəmə prosesində vəkillərin müdafiə çıxışı mərhələsidir.
Avqustun 30-da təqsirləndirilən şəxslərdən Orxan Osmanovun vəkili çıxış edib. Onun kimdənsə hədə-qorxu ilə pul alınmasında, qanunsuz saxlanmasında heç bir rolu olmadığını deyən vəkilin sözlərinə görə, ittihamlar məhkəmədə sübuta yetirilməyib. Müdafiəçi Orxan Osmanov haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Ötən məhkəmə iclasında Akif Əliyevin vəkili Anar Qasımlı da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdi.
Avqustun 30-da növbə Akif Çovdarovun vəkilləri – Kamandar Nəsibov, Sadiq Rəsulov və Şahin Rəfiyevə çatanda, onlar məhkəmədən çıxışa hazırlaşmaq üçün üç həftə vaxt istəyiblər. Həmçinin Səlim Məmmədovun vəkili Cavid Rzazadə də ona zaman verilməsini xahiş edib.
Amma Bakı Hərbi Məhkəməsinin hakimləri Çovdarovun vəkillərinin üç həftəlik istəyini rədd edib. Vəkillərə bir həftə möhlət verib. Sentyabrın 6-da müdafiəçilər çıxışlarını yekunlaşdırmalı, təqsirləndirilən şəxslərin son söz demək mərhələsinə keçilməlidir.
Oxunub: 216