Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsində vəkili ilə görüşüb.
Bu barədə Trend-ə V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev məlumat verib.
O bildirib ki, görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: “Saxlanma şəraiti və səhhəti normaldır, heç bir şikayəti yoxdur. Hazırda cəzasını çəkir”.
T.Allahverdiyev bildirib ki, hazırda V.Ələsgərov barəsində olan hökmdən kassasiya şikayəti hazırlayırlar. Şikayət sentyabr ayında tamamlanandan sonra məhkəməyə təqdim olunacaq.
Vəkil sabiq nazirin Bakıdakı cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi məsələsinə də toxunub: “Bu məsələ hələ ki qalır. Hələlik Vəli Ələsgərov çəzasını Naxçıvanda çəkir. Bakıya gətirilməsi ilə bağlı məsələ gündəmdə deyil. O, yalnız vəkilləri ilə görüşür. Ailə üzvləri və yaxınları ilə görüşməyib”.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.
Hökmdən apelyasiya şikayəti verilsə də, Naxçıvan Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Oxunub: 386