Oğurluqla qədim bir peşənin ömrü 40 gündür. Oğru olma, oldunsa gərək eləsindən olasan ki, bax, əlində tutdular ha, danmağı bacarmalısan. Lap yaxşı olar ki, o gədər qırmızı olasan ki, “bunu mənim əlimə kim verdı” deyə haray-həşir salmağı özünə sığışdırasan.
Təsəvvür elə ki, taladıqlarının bütün qədəri haqda ümumi məlumat var. Sonra daha məlumatlı birisi 48 milyard rəqəmini dilinə gətirir. Daha sonra yəqin ki elə həmin o məlumatlı qardaş, özünə qoyulmadığını görüb oğurladıqlarının haradan hara və necə getdiyini açıqlayan 16 min platyojkanı ortaya qoyur. Yəni əlində tutur. Bax, incə sənət onda başlayır. Amma sənət…
Daha Əli Həsənov və kompaniya kimi “kostolom” yox. İlişmiş qrammofon valı kimi uğurlardan, nüfuzdan, tərəqqidən, nə bilim, kimlərinsə gözünün götürməməsindən, qısqanclıqdan, paxıllıqdan, xülasə, mahiyyətdən başqa hər şeydən danışmaqla əlində tutduqlarının dalından qaça bilməzsən ki. Nə matah olmusan ki sən, kimsə sənin paxıllığını çəksin.
Çevir tatı, vur tatı, durmadan Azərbaycanın beynəlxalq imicinə vurulan zərbələrdən danışırsınız. Kim vurur bu zərbələri? Siz ölkənin beynəlxalq obrazını, imicini yaradan faktorların nə olduğundan xəbərdarsınızmı? Milyonları yelə verib keçirdiyiniz, heç kimin qatılmadığı, heç kimin işıqlandırmadığı bir-iki idman tədbirini obrazmı sayırsınız?
Allahın bu dövlət üçün coğrafi vəziyyəti, təbii ehtiyatları, gözəl təbiəti, milli, mədəni irsi ilə yaratdığı gözəl, statik beynəlxalq imici, siz sosial-psixoloji, mənəvi-əxlaqi sahələrə vurduğunuz zərbələrlə, saxta seçkilərlə, hüququn məhv edilməsi, korrupsiya ilə dağıtmısınız. Alman, ingilis yox e, zulus sizin keçirdiyiniz seçkilərə istehza edir.
Müəllimin, həkimin statusu, maaşıdır ölkənin imicini formalaşdıran faktor.
Özünü asan, atan intiharçıların, küçələrdə dilənən acların sayıdır milli obrazı yaradan amil.
Dövlət imicinin komponentlərindən biri onun siyasi liderlərinin obrazıdır. Bir, dövlət başçısı olsun, kral ya şahzadə olsun, peşmandır sizinlə görüşməyə, başına it oyunu açırlar ki, niyə o korrupsionerlə görüşdünüz. Budur sizin yaratdığınız imic.
İnsan haqları, siyasi məhbuslar, seçki saxtakarlığı və yüzlərlə belə iç problemlərdir dövlətin obrazı, hansıları ki, siz daxili işiniz hesab edirsiniz.
Azərbaycanın beynəlxalq imicini bu gün İsveçrədə manatın çapından aldığınız “otkat”la bağlı, Kanadanın “Bombardier” şirkətinə qarşı “Azərbaycan məmurlarını ələ alma” ittihamı ilə İsveç prokurorluğunun qaldırdığı işlə, 19 milyonluq siqnal avadanlığına 105 milyon ödənilməsi ilə, Luka Volonteyə verilmiş rüşvətlə və onlarla belə dövləti biabır edən məsələlərlə bağlı məhkəmə prosesləri formalaşdırır. Bunu da erməni, ya Soros edib? Bunları edənlər onlardan da betərləridir. Hələ bu 2,9 milyardlıq 16 mindən çox pul köçürmə qəbzlərinin doğuracağı məhkəməlkər silsiləsi qabaqdadır.
Dəvəquşunun başı dalından 5 dəfə böyükdür. O balaca başını bir deşiyə soxur, elə bilir ki yekə dalını da gizlədib. Sizin də başınızı kola soxmağınızla qurtarmır ki, çemodan çöldədir. Və içində basışdırdığınız, illərdir yuyulmayan çirkli kalsonların üfunətidir dünyanın beynini çatladır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 974