Ölkə təhsilini qara günə salanlar, qara qitənin təhsilini ağartmaq iddiasındadır
Azərbaycan hakimiyyətinin səxavəti, xeyriyyəçiliyi sərhəd tanımır. Büdcənin ağzını açıb, dünyaya bəxşiş verirlər. Səxavətin ayağı ağ qitədən qara qitəyə qədər uzanır. Öz vətəndaşını qəpil-quruşla sınağa çəkən rejim, özgələrə milyonlar paylayır. İndi də məlum olub ki, “səxavət komandası” Afrikanın qayğısını çəkməyə başlayıb.
Belə ki, Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb.
Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb. Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.
Məlumat üçün deyək ki, son 4 ildə 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Son olaraq isə 25000 tələbə qarşısında “pulu ödə” tələbi qoyulub. Digər tərəfdən minlərlə müəllim aylarla maaş ala bilmir. Bugünlərdə bor qrup müəllim Prezident Aparatı qarşısında aksiya keçirdi və məlum oldu ki, bi adamlar 9 aydır maaş ala bilmir. Bu hələ son deyil. Ötən il əzəmətli hökumətimiz maddi vəziyyətin ağır olduğuni əsas gətirərək, xaricdə təhsil proqramını ləğv etdi .Azərbaycanda müəllimlərin maaşı, tələbələrin təqaüdü də hamıya məlumdur. Onu da qeyd edək ki, uzun illərdi “inkişaf mələkləri” təhsil kreditləri məsələsini həll edə bilmir. Və nəhayət, hər il açıqlanan imtahan nəticələri sübut edir ki, ölkədə savadsızlıq “kosmik sürət” alıb.
Göründüyü kimi, Azərbaycan təhsilini oturub ağlamaq lazımdı, amma hökumətimiz Afrika təhsilinə gün ağlamaq fikrinə düşüb. Yəqin, “uzaqgörən siyasət” komandası düşünür ki, Afrikada təhsil bol olarsa, Azərbaycanda vətən basılmaz. Ona görə də ölkə təhsilinə 1.5 qramlıq xeyir verməkdən imtina edib, Afrika təhsilinə 1.5 milyon dollarlıq töhfə veriblər.
Oxunub: 322