Dövlət Statistika Komitəsi 2017–ci ilin ÜDM göstəricilərini açıqlayıb.
İlkin məlumatlara görə 2017-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatmışdır.
Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.
Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalmış, qeyri-neft sektorunda isə 2,7 faiz, o cümlədən nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artmışdır. Eyni zamanda, qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu sahədə yaradılmış əlavə dəyər isə 3,8 faiz artmışdır.
ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi isə digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.
2017-ci ilin ortalarında Dünya Bankı Azərbaycanda iqtisadi azalmanın 1.4 faiz olacağını proqnozlaşdırmışdı. Azərbaycan hakimiyyəti bu proqnoza ciddi etiraz etməmişdi.Bir tərəfdən ona görə ki, Dünya Bankının çox güclü mütəxəssisləri var və onlar belə qiymətləndirmələri səhvsiz etməklə tanınıblar, figər tərəfdən Azərbaycan hakimiyyətinin daima kreditlər əldə etdiyi beynəlxalq maliyyə strukturlarından biri Dünya Bankıdır. Buna görə hakimiyyət onlarla münasibətləri korlamamaq üçün tolerant yanaşmağa məcburdur.
Hakimiyyət növbəti dəfə rəqəmləri saxtalaşdırmaqla inkişaf görüntüsü yaratmaq qərarı verib və bu iş Dövlət Statistika Komitəsinə həvalə olunub.Komitə rəqəmlərlə xeyli manipulyasiya edərək 0.1 faizlik ÜDM artımı rəqəmini elan edib. Bununla da İlham Əliyevin “2017-ci il iqtisadi cəhətdən uğurlu olub” fikri əsaslandırılıb.
Oxunub: 472