Yaxud, hönkürüb ağlamaq və qəhqəhə çəkib gülmək istəyi
YAP hakimiyətinin “repertuar”ı çox zəngindir. Bu repertuarda istənilən “janr”a rast gəlmək olar. Yəni, hönkürüb ağlamaq da, qəhqəhə çəkib gülmək də mümkündür. Bəzən eyni bir hadisəyə baxıb həm gülməyə, həm də ağlamağa məcbur qalırsan. Bəli, hakimiyyət bu qədər böyük “əsər”lər yaratmağa qadirdi.
Bu mənada son baş verənləri növbəti analoqsuz hadisə kimi tarixə dürtmək mümkündür. Bidiyiniz kimi ölkə başçısı ildə bir neçə dəfə Nazirlər Kabinetinin iclasını keçirir, inkişafın fontan vurmasından söhbət açılır, görüləcək işlərdən danışılır və.s. Bir neçə gün öncə isə ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial- iqtisadi inkişafının yekunlatına dair növbəti iclası keçirildi. Təbii ki, ölkə icitmaiyyəti belə iclasları izləmir. Daha doğrusu yerli kanallar boykot olunub, “inkişaf” sözünə qarşı nifrət yaranıb. Çünki səfalət içində boğulan xalqa inkişaf nağılı danışmaq ənənəyə çevrilib.
Sən demə, ölkə ictimaiyyətinin boykot etdiyi müşavirə İtaliya mətbuatı üçün möcüzəli bir material hesab olunub. Hökumət mətbuatı isə İtaliya mətbuatında dərc olunan bu materialları sevincək tirajlamağa başlayıb. Bəli, İtaliyanın “Scenari İnternazionali”, “Agenparl”, “Eurasianews”, “Agenzia Nova” kimi qəzetlər hökumətin müşavirəsindən “heyrət”ə gəliblərmiş.
Əvvəla sual meydana çıxır ki, hansısa ölkədə keçirilən müşavirə başqa bir ölkənin mətbuatı üçün niyə maraqlı material olmalıdır. Əgər Azərbaycanda hanssıa kəşflər olsaydı, hökumət qeyri-adi addımlarla gündəmə gəlsəydi, ölkənin təhsilində, səhiyyəsində, iqtisadiyyatında hansısa ilklərə imza atılsaydı, İtaliyanın 4 qəzetində Azərbaycanla bağlı materialların dərc olunmasını təbii qarşılamaq olardı. Amma nə hikmətdirsə uzun illərdi təkrarlanan, yalan yığınından ibarət olan müşavirələr bu dəfə İtaliya mətbuatının diqqətini çəkib.
İkincisi, balaca araşdırma apardıqdan sonra məlum olur ki, “Eurasinews.it”saytı dekabr ayında cəmi 4 material dərc edib. Yanvar ayında isə saytda 6 material yerləşdirilib. Göründüyü kimi, İlham Əliyevin müaşavirəsindən bihuş olan saytın özü də “analoqsuz inkişaf”edirmiş. Amma hökumət mətbuatı bu saytları “nüfuzlu mətbuat orqanı” kimi təqdim edib.
Yuxarıda verdiyimiz sualın çox sadə cavabı var. Əlbəttə ki, İtaliya saytlarının, hətta mateial böhranı yaşayan saytların İlham Əliyevin müşavirəsinə ehtiyacı yoxdur. Heç bir oxucu üçün belə material maraq kəsb edə bilməz. Sadəcə olaraq səxavətli hökumətimiz ənənəvi taktikadan istifadə edib. İtaliyadakı səfirliyimiz vasitəsilə özlərini təbliğ etdirməyə ünvan axtarıblar. Əminliklə demək olar ki, bu saytlarda məlum müşavirənin işıqlanması üçün xeyli vəsait xərclənib. Azərbaycanın milyardları uzun illərdi belə təbliğatlara sərf olunur. Hər dəfə də məlum olur ki, xərclənən pullar dövlətin deyil, hökumətin maraqlarına xidmət edib. “Kürü diplomatiya”sından tutmuş, hansısa jurnalda material yerləşdirməyə qədər bütün addımlar hökumət komandasının təriflənməsi üçün olub. Məsələn, Qarabağa görə hansısa Avropalı deputata rüşvət verilməsi halı aşkar olunmayıb, amma şəxsi bizneslərinin inkişafı naminə dünyanın hər yerində rüşvət vermək üçün vasitəçi axtarıblar.
Müxtəsər, İtaliya saytlarında Nazirlər Kabinetinin müşavirəsinin tirajlanması həqiqətən də gülməli və ağlamalıdır. Ona görə gülməlidir ki, adambaşına ÜDM göstəricisi 40000 dollar, Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə olan, dünyada ilk 10 ən böyük məhzul ixracatçısından biri olan İtaliyanın hansısa saytı, minimum əməkhaqqının 76 dollar olduğu ölkənin inkişafından heyrətlənə bilməz. Ona görə ağlamalıdır ki, vətəndaşı kredit bataqlığında çırpınan ölkənin hökuməti saxta təbliğat naminə milyonları havaya sovurur, büdcəni ata malı kimi talan edir.
Akif
Oxunub: 1526