Maksimalizm, siyasi ehkamlar, kütləvi aksiyalar və onların təfərrüatı haqqında
Qənimət Zahid
Azərbaycandan oğurlanan korrupsiya pullarının Avropada yuyulması prosesi kimi «Laundromat Azerbaijan» adı ilə bütün dünyaya yayılan siyasi kriminala qarşı ölkədə effektiv etiraz dalğasını yalnız bir mərkəz nümayiş etdirdi və bu mərkəzin adı Milli Şuradır. Amma mən yalnız Milli Şuranın bir siyasi mərkəz olaraq üstünlükləri haqqında bəhs etmək istəmirəm. Bu üstünlük, onsuz da, gözlə görünəcək qədər üzdədir. Əsas məsələ isə prosesin özüdür. 23 sentyabrda başlanan və 28 oktyabrda birinci mərhələsi başa çatan etiraz aksiyalarının həm daxili, həm də xarici ictimai rəyə təlqin etdiyi bəzi arqumentlər var ki, həmin arqumentləri təhlil etməyə dəyərdi.
Birinci və İkinci Əliyevlərin «reseptləri» fərqlidirmi?
Ölkənin daxilində repressiyalar fasiləsiz proses olaraq aparılır. Elə vəziyyət yaranıb ki, biz deyə bilmərik, konkret olaraq filan tarixdən başlayaraq repressiyalar sərtləşdirilib və ya fasilə verib. Belə bir şey yoxdur. Repressiyalar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq tətbiq edilir, böyük neftin ixraca başlaması ilə böyük pullara nəzarət etməyə başlayan İkinci Əliyevin dövründə də artan xətlə davam edib. İndi də davam edir. Əgər Heydər Əliyevin pulu İlham Əliyevin pulunun yarısı qədər olsaydı, onun dövründəki repressiyalar indikindən daha artıq olardı. Bu repressiyalar, həmişə deyildiyi kimi, Əliyev sülaləsinin əbədi hakimiyyətinin təminatı üçün davam etdirilir, gücləndirilir. Nəticə nədir? Azərbaycanda vətəndaş cəmiyyəti sıradan çıxarılıb, siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb, azad mətbuat yox edilib, cəmiyyətdə kütləvi qorxu bərqərar edilib. Bu il sentyabrın 23-ü tarixinə mitinq elan edən Milli Şura kütləvi etiraz aksiyasını bu zəmində keçirməli idi. Bu göstəricilərin hamısının bir yerdə ümumiləşdirdiyi şəraitin adı da kütləvi ümidsizlikdir. Yəni, Milli Şura faktiki olaraq dərin kütləvi ümidsizlik ərəfəsində bir etiraz aksiyası keçirməyi öz öhdəsinə götürdü. Hələ ilk mitinq baş tutmazdan əvvəl ilk hücum da, elə həmin bu kütləvi ümidsizliyin hücumu oldu.
Nəticə 1: Milli Şura bu aksiyalar dalğası ilə cəmiyyətə kütləvi nikbinliyi yaşatmağı bacardı.
Pessimizmin şablonları irticanın laboratoriyasından necə qaynaqlanır?
Xüsusi olaraq nəzərə almaq lazımdır ki, irticanın basqıları, nəinki kütləvi, hətta fərdi etirazlara qarşı amansız davranışı, hakimiyyətin informasiya zorakılığı kimi göstəriciləri dəf etmək daha asandır. Bilirsən ki, nə qədər ümidsiz olsa da, cəmiyyət hakimiyyətin informasiya basqılarını elə basqı kimi qəbul edir, amma ona inanmır. Pessimizmin daşıyıcıları isə öz aləmlərində daha həssas yerlərdən vururlar. Bu arqumentlər də göz önündədir: «icazəli mitinq», «stadion mitinqi», «xalq etirazları qapalı yerlərdə yox, açıq meydanlarda olmalıdır», «hakimiyyəti icazəsiz aksiyalar faktı qarşısında qoymaq lazımdır», «bu cür mitinqlər vaxtı çatmamış aksiyalardır və ictimai narazılığın buxarını səmərəsiz yerə boşaldır»… kimi «arqumentlər», təəssüf ki, müəyyən tərəfdarlar tapır, bunlara səmimi olaraq inananlar bir yana, hakimiyyət təbliğatçıları da əl altından məhz bu «arqumentlərin» tirajlanmasına qoşulurlar. «Hətta fərdi etirazlar süngü ilə qarşılanır» arqumentini isə bütün Azərbaycana nümaiyiş etdirən cbhəçi Füzuli Hüsynova təşəkkür edirəm. O, təkbaşına etirazları ilə dəfələrlə sutkalıq həbsləri öz üzərinə götürməklə sübut etdi ki, Azərbaycan hökuməti hətta bir nəfərin də etirazına qarşı nə qədər dözümsüzdür, nə qədər aqressivdir. (Xüsusi ad çəkmək istəməzdim, amma bu nümunəni fakt olaraq xatırlatmağa məcburam).
Nəticə 2: Milli Şura repressiyaların sosial bədbinliyi dərinləşdirməsinə imkan vermir, sosial bədbinliyə qarşı mübarizə effektini qoyur.
İcazəli və icazəsiz olanın fərqi nədədir?
«İcazəli aksiya» sindromundan əzab çəkənlərin, istisnasız olaraq hamısı effektiv birlikləri, ictimai-siyasi kampaniyaları təşkil etmək qabiliyyəti ilə fərqlənməyən adamlardır, çevrələrdir. Amma bu, əsas deyil. Əsas olanı həmin bu «icazəli aksiya»ların gedişində irticanın davranışlarında axtarmadan da görmək olur. Bu aksiyaların, əslində, adı icazəlidir. Hazırlıq mərhələsi, təşkilat prosesi isə icazəsiz aksiyalar üşün səciyyəvi olan repressiv tədbirlərlə qarşılaşır. Təşkilatçılar dəstə-dəstə həbs edilir. Mitinq təbliğatçıları və iştirakçıları kütləvi şəkildə polis idarələrinə çağırılır və onlara aşkar təzyiqlər göstərilir. Mitinq günlərində və ya saatlarında paytaxt blokadaya alınır, bu azmış kimi həta mitinq meydanı da ətraf aləmdən təcrid edilir. Stadion, zatən qapalı ərazidir. Üstəlik, mitinqin keçirildiyi saatlarda həmin ərazidə internetin qapadılması da bu təcridetmə prosesini tamamlayır. Yəni, mitinqin az qala hər bir təşkilatçısı və hətta hər bir iştirakçısı polisin hədəfində olur, təqib edilir, həbs edilir, buna baxmayaraq, insanlar o mitinqə toplanır. Həm də hansı coşqu və izdihamla!
Əgər hesab etsək ki, hər bir mitinqdən əvvəl yüzlərlə insan bu mitinqlərin əleyhinə təbliğat aparır – mən pessimistləri və hakimiyyət təbliğatçılarını fərqləndirmədən onların mümkün sayını qeyd edirəm,- amma mitinqlərə də minlərlə adam qatılır, deməli, hər bir etiraz aksiyasının keçirilməsinə fəal münasibətin nisbəti belədir: birin yüzə. Yəni, cəmiyyətdə «mitinq effektiv mübarizə vasitəsi deyil» deyənlərin sayı ondursa, onu effektiv mübarizə vasitəsi sayanların sayı min nəfərdir. Bu nisbətə görə Milli Şura on nəfərin deyil, min nəfərin istəyinin ifadəçisi kimi çıxış etməlidir, edir və doğrusu da budur.
Nəticə 3: Milli Şura ictimai bədbinliyin nəzəri dəlillərini praktik addımlarla yalanlayır.
Kütləvi etiraz aksiyaları həm də kütləvi informasiya vasitəsidir
Mitinqlər daxili ictimai rəyə pozitivlər verir. Bu qədər repressiyaya baxmayaraq insanlar öz haqlarının və ictimai hüquqların uğrunda səfərbər oluna bilər. İradə hər şeyi həll edir. Bu, sırf psixoloji məqamdır, amma böyük örnəkdir. Daxili ictimai rəyi səfərbər etməyin mitinqdən, yəni, kütləvi etiraz aksiyalarından daha böyük və daha təsirli yolunun olmadığı başqa göstəricilərlə də möhkəmlənir. Hər bir etiraz aksiyasından əvvəl və sonra bütün ölkədə ictimai müzakirələr yalnız bu hadisənin üzərində cəmlənir. Həm də yalnız mitinq faktının deyil, onu zəruri edən səbəblərin üzərində. Bu halda, Milli Şuranın mitinqləri cəmiyyətə mümkün olan ən böyük dalğa ilə nəyi ötürdü? Təkcə bir korrupsiya istiqaməti üzrə və sadəcə 3 il ərzində İlham Əliyevin komandası Azərbaycandan 3 milyard dolları oğurlayıb. Söz azadlığı üzərində indiki yasaqlar şəraitində heç bir araşdırmanın nəticələri, heç bir fakt bu qədər böyük kütləyə çatıdırıla bilməzdi. Bir anlığa təsəvvür edin ki, həmin o Laundromat araşdırması var, amma ölkədə kütləvi aksiyalar olmadan həmin araşdırmanın nəticələri hansı ölçülü auditoriyaya çatdırıla bilərdi ? İndikinin onda biri qədər məhdud bir auditoriya bu informasiyaları mənimsəyə və qısa müddət sonra gündəmə atılmış istənilən əhəmiyyətsiz məsələnin müqabilində ictimai yaddaşdan silinə bilərdi. Mitinqlər bu nəhəng korrupsiyanı bütün cəmiyyətin diqqətinə təqdim etdi, bu müzakirələrdə milyonlarla insan iştirak etdi, hakimiyyətin mahiyyəti cəmiyyət üçün bir daha yaxından bəlli oldu.
Etiraz aksiyaları ictimai nikbinliyi alovlandırır. Cəmiyyət müşahidə edir ki, bütün repressiyalara baxmayaraq müqavimət göstərən mərkəzlər var və həmin mərkəzlərin ətrafında birləşmək nəinki mümkündür, hətta zərurudir. «Müxalifət hardadır» sualı demoqogiyaya çevrilir. «Müxalifət olmalı olduğu yerdədir» cavabı çox aşkar və təkzibedilməz şəkildə verilir.
Nəticə 4: Milli Şura yalnız hakimiyyəti ifşa etmir, həm də onun alternativini göstərir.
Milli Şura siyasi təşəbbüslərin əsas mərkəzi olaraq qalır
Bu mitinqlər dalğası əvvəldən axıra qədər yüksələn xətlə getdi. Mİtinqlərə ictimai marağın azalması, ictimai etirazın səngiməsi səbəbindən fasilə verilmədi. Məqsəd hakimiyyətin korrupsiyaçı, oğru mahiyyətini bir daha bütün ölkəyə təqdim etmək, onun repressiyalarının da korrupsiyaçı və oğru mahiyyətini ört-basdır etmək üçün olduğunu sübut etmək, mahiyyəti bundan ibarət olan bir hökumətin Azərbaycan xalqına rəhbərlik etmək haqqının olmadığını bütün cəmiyyətə elan etmək idi. Kütləvi aksiyalara ictimai diqqət get-gedə artmaqdaydı. Şübhəsiz növbəti mərhələdə bu etirazların yenidən təşkil edilməsi üçün cəmiyyətin baxışları yenidən Milli Şuraya dikiləcək. Bu o deməkdir ki, Milli Şura ölkənin alternativ siyasi platforması kimi özünü saxlamaq və daha da gücləndirmək imkanı əldə etdi. Bu, kifayətdirmi? Əlbəttə, kifayət deyil. Azərbaycanda alternativ siyasi mərkəz kimi qəbul edilmək iddiasında olan başqa siyasi birliklər də var. Onlar da cəmiyyətin təşkilatlanması, səfərbər edilməsi istiqamətində fəaliyyəti artırmalıdırlar. Bu, mənim təklifim deyil, şəraitin diqtəsidir. 23 sentyabr – 28 oktyabr mərhələsi bir daha bu dərsi aşılayır ki, ictimai rəydə səfərbərliyin örnəyini yaratmadan heç bir pozitiv nəticəyə ümid etmək olmaz.
Makismailzm yaxşı motivasiyadır. Amma indiki gerçəklikdə maksimalizm «icazəsiz aksiya keçirmək» ehkamından ibarət deyil, hərçənd, son 4-5 il ərzində icazəsiz aksiyaları da Milli Şuradan başqa keçirən yoxdur. Amma təcrübə göstərir ki, icazəsiz aksiyaların tələbləri və məqsədləri bu qədər effektlə ictimailəşmir. Son üç mitinqin məqsədləri və şüarları isə milyonlarla insana yetişdi.
Nəticə 5: Müxalifət bütün mümkün imkanlardan istifadə edərək fəaliyyətdə olmalıdır.
Dünya bizi necə tanısa yaxşıdır?
Bir də xarici ictimai rəy faktoru var. Etiraf etmək lazımdır ki, son mitinqlərə qədər xarici ictimai rəydə də Azərbaycan müxalifətinin olduqca zəif, əhəmiyyətsiz siyasi faktora çevrildiyini iddia edən çevrələr çoxalırdı. Təəssüf ki, bu münaaibətin formalaşmasında hətta Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri də iştirak ediblər. Baxmayaraq ki, vətəndaş cəmiyyətinin təmsilçiləri böyük bir zaman ərzində mövcud olan fürsətləri əldən verdiyinə görə bircə həmlə ilə darmadağın oldu, indi həmin sektorda yenidən fəaliyyətlərin bərpası üçün epizodik cəhdlər görünür. Fikir daxilində olsa da, bildirmək istərdim ki, Azərbaycanın vətəndaş cəmiyyətinin başına gələnlər onu sübut etdi ki, bu sektor müxalifətin kölgəsini qılınclamaqla məşğul olmalı deyil, məhz, müxalifət üçün kadr bazası kimi daimi təkmilləşmək iddiasında olmalıdır. Güclü siyasi müxalifətin olmadığı cəmiyyətdə vətəndaş cəmiyyəti yalnız qapalı və passiv monitoriunqlər apara, ekspertlər qismində çıxış edə bilər. Başqa heç nəyə yaramaz. (Bu, kontekstdə verilən mülahizədir). Bütün hallarda son mitinqlərlə bağlı xəbərlər dünya medyasında yayıldı, Azərbaycanla ilgilənən ictimai-siyasi mərkəzlərdə diqqəti cəlb etdi və ölkədə siyasi müxalifətin nəinki varlığı, hətta bir çox avtortar rejimlərdə olduğundan daha güclü müxalifətinin olduğu qənaətini yaratmaqdadır. Məsələnin bu hissəsi, həm də bütün cəmiyyət adına təskinlik sayıla bilər: bütün dünya Azərbaycan mənşəli korrupsiyanı müzakirə edirkən Azərbaycanın özündə bu cür etirazların olmaması lap biabırçılıq olardı. Və bu etiraz aksiyalarını təşkil etməklə Milli Şura həm də cəmiyyətinn imicini qorudu. «Mitinqlər hakimiyyətə ölkədə guya sərbəst toplaşmaq azadlığı var arqumentini verir» iddiaları isə çox bəsitdir. Dünya Azərbaycan hakimiyyətini tanıyır. Ölkədə bütün parametrlər üzrə azadlıqlrın necə dəfn edildiyini bilir və hər bir sahə üzrə ümumdünya reytinq göstəriciləri tərtib ediləndə həmin ictimai təşəbbüslər qəbristanlığını bütün məzar daşları ilə birlikdə qeyd edirlər.
Növbəti mərhələnin tezisləri artır…
Nəhayət, mitinqlərə fasilə verildiyi bu ərəfədə Milli Şuranın qarşısında dayanan ən mühüm vəzifə təşkilatlanma prosesini daha da gücləndirmək, alternativ siyasi güc olaraq öz kimliyini cəmiyyətə təqdim etməkdir. Məncə, indi yalnız etirazlar və hakimiyyətin ifşası ilə deyil, alternativ mahiyyətin özünün təklifləri ilə ictimai diqqəti cəlb etməyin zamanıdır. Milli Şura xalqa nələri təklif edir? Cəmiyyəti düşündürən, rahatsız edən səbəblər aydındır, Milli Şura bu hakimiyyətin etdiyi nələri etməyəcək, etmədiyi nələri edəcək sualı ictimai müzakirələrə təqdim olunmalıdır. Bunun üçün Milli Şuranın bütün arqumentləri var. Sosial baza, çevik fəaliyyət imkanları, əla komanda, ekstremal şəraitlərdə səfərbərlik bacarığı və hər bir siyasi mərkəz üçün tələb olunacaq başqa pozitivlər, o cümlədən liderlər.
Oxunub: 2458