Avropa Parlamentində dünən təşkil edilən debatda Rusiyanın mediada, sosial şəbəkələrdə zərərli təbliğat aparması, məqsədli şəkildə yalan məlumatlar yayması müzakirə olunub.
Avropalı deputatlar Kremlin məlum siyasətini sərt tənqid edərək buna qarşı mübarizə vasitələri təklif ediblər. Təkliflərdən biri də dezinformasiyalara qarşı mübarizəyə daha çox vəsaitin ayrılması, peşəkar mediaya dəstək verilməsi olub.
“Təcrübə göstərir ki, Rusiyanın yaydığı dezinformasiya kifayət qədər uğurlu ola bilir. Ona görə də biz bu sahədə səylərimizi ikiqat artırmalıyıq”, – deyə Avropa Komissiyasının üzvü, qurumda informasiya təhlükəsizliyi sahəsinə cavabdeh olan Julian Kinq bildirib.
Kinq hesab edir ki, Moskva məqsədyönlü və mərkəzləşdirilmiş şəkildə informasiyaların daha çox kanalda və daha çox dildə yayılmasına çalışır. Və bunu Qərbə qarşı mübarizədə keçərli vasitə kimi görür.
Latviyadan olan deputat Sandra Kalniete dezinformasiyalara qarşı mübarizə üçün Avropa Birliyinin nəzdində xüsusi qrupun yaradılmasını təklif edib. Rusiyanı müdafiəyə meylli olan deputlardan başqa, Kalnietenin Avropa Parlamentindəki bütün həmkarları bu təklifi və dezinformasiyalara qarşı mübarizəyə daha çox vəsaitin ayrılmasını dəstəkləyiblər.
Latviyanın keçmiş xarici işlər naziri olan Kalniete Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini və qurumun digər diplomatlarını ruslarla görüş zamanı məlum problemi qaldırmağa çağırıb.
Eyni zamanda, deputat qeyd edib ki, Avropa Birliyinə üzv ölkələr Rusiyanın çirkli pulları yumasına qarşı fəal mübarizə aparmalıdır. Çünki bu pullarla həm də Kremlin nəzarətində olan, Rusiyaya rəğbət duyan bəzi Avropa nəşrləri də maliyyələşir: “Həm milli hökumətlər, həm də Avropa Birliyi keyfiyyətli jurnalistikanı dəstəkləməlidir. Əks halda bu nəşrlər yox olacaq”.
Avropalı deputatlardan bir neçəsi təklif edib ki, ənənəvi KİV-lər üçün nəzərdə tutulan qanunlar “Facebook” və digər sosial şəbəkələrə də şamil edilsin. Çünki bu şəbəkələr də artıq kütləvi informasiya vasitəsinə çevriliblər.
“Makronun ideyası mənim xoşuma gəlir. Fransa prezidenti təklif edir ki, sosial şəbəkələr kimi platformalarda yayılan məlumatların da mənbəyi, onları kimin maliyyələşdirdiyi açıq olmalıdır”, – deyə Hollandiyadan olan deputat Hans van Baalen bildirib.
Deputat hesab edir ki, Rusiyanın təbliğatına qarşı əks-təbliğatla yox, faktlarla müqavimət göstərmək lazımdır.
Müzakirələr zamanı Rusiya əleyhinə səslənən təkliflərə qarşı çıxanlar da olub.İtaliyalı deputat Barbara Spinelli bildirib ki, o, Kremli müdafiə etmir. Lakin düşünür ki, Rusiya təbliğatına qarşı mübarizəyə çağırış edənlər Avropanı Moskva ilə “soyuq savaşa” sürükləyirlər.
Almaniyadan (Milli Demokrat Partiyasının keçmiş lideri) olan deputat Udo Foyqtisə bir qədər də irəli gedərək yalan məlumatları Rusiyanın yox, Avropanın yaydığını bildirib: “Zəhmət olmasa, deyin, Rusiya nə vaxt dezinformasiya yayıb? Amma biz şahidik ki, mediamız İraqda, Liviyada necə yalan məlumatlar yayıblar”.
Rusiyapərəst mövqeyi ilə tanınan, Moskvanın yaxın dostu olan ispaniyalı deputatXavyer Kouso Rusiyaya qarşı ittihamları cəfəngiyyat adlandırıb.
Kousonun fikrincə, məlum təklifləri verənlər Avropanın Rusiya ilə münasibətləri normallaşdırmasına mane olmaq istəyirlər.
Avropa Parlamentinin Britaniyadan olan deputatı Cerrad Batten isə çıxışı zamanı həm Rusiya prezidenti Vladimir Putini, həm onun tənqidçilərini ittiham edib: “Məni səhv başa düşməsinlər deyə, birbaşa deyəcəm – hesab edirəm ki, cənab Putin cinayətkardır və cinayətkar dövləti idarə edir. Amma siz də sadəcə “günah keçisi” axtarırsız. Sizin addımlarınıza, yürütdüyünüz siyasətə görə, biz populyarlığımızı itirmişik. İndi də seçicilərin diqqətini yayındırmağa çalışırsız”.
Qeyd edək ki, bu cür debatlar Avropa Parlamentində mütəmadi olaraq keçirilir. Hər ay fraksiyalardan biri seçdiyi mövzu üzrə debatların təşkilini təklif edə bilər. Bu dəfə Avropa Xalq Partiyasının istəyi ilə “Rusiya və rus təbliğatının Avropa Birliyi ölkələrinə təsiri” mözusu müzakirəyə çıxarılmışdı.
Xatırladaq ki, Avropa Parlamenti 2016-cı ilin noyabrında Rusiya təbliğatına qarşı mübarizəyə dair qətnamə qəbul edib. (strateq.az)
Oxunub: 318