Fransanın imtina etdiyi sərgiyə Azərbaycan niyə elçi düşüb?
Azərbaycan zəngin bir ölkə olsa da, hökumət komandası milyarderə çevrilsə də, xalqımız dünyanın ən kasıb xalqıdır. Çünki zəngin ölkənin var-dövləti xalqdan yan keçərək, hökumətin cibinə yol tapıb. Təkcə neftdən ölkəmizə 150 milyard dollar vəsait daxil olub. Amma büdcəmiz “skelet”ə, xarici borcumuz şişman adama oxşayır. Hakimiyyətin əsas prinsipi “xalqa qəpik-qəpik, yadlara milyon-milyon”du. Yəni, xarici ölkələrdə xeyriyyəçilk tədbirləri keçirməyə, xarici müğənniləri milyonlar qarşılığında ölkəyə gətirməyə, dünyanın müxtəlif yerlərindəki əliəyri adamlara böyük hədiyyələr verməyə hazırdılar. Xüsusilə də heç kimin sahib çıxmadığı, nəhəng ölkələrin imtina etdiyi yarışlara YAP hakimiyyəti elçi düşür. Bu mənada Avropa Oyunlarının Azərbaycana vurduğu zərər hələ də müzakirə mövzusudu. Ümumiyyətlə, “Formula-1” yarışlarının, “İslam Həmrəyliyi Oyunlarının” və sahib çıxdıqları digər tədbirlərin Azərbaycan iqtisadiyyatına, Azərbaycanın imicinə heç bir müsbət təsiri olmayıb. Əksinə, bütün mötəbər hesabatlarda Azərbaycanın adı “qara siyahı”lara düşüb.
İndiki mərhələdə isə Azərbaycan daha ağır vəziyyətdədir. Yəni, sosial-iqtisadi vəziyyət pisləşir, iş yerləri sürətlə bağlanır, iş adamalrı ölkəni tərk edir və heç bir real islahat aparılmır. Amma bütün bunlara baxmayaraq hakimiyyət milyardları talan etməyin yollarını axtarır. Qaanın dibindəki ətin suyunu da sivirmək istəyirlər. Bəli, minimum əməkhaqqının 130 manat olduğu ölkənin hakimiyyəti daha bir tədbirə pul səpmək fikrinə düşüb.
Bildiyiniz kimi, Fransa “EXPO 2025” beynəlxalq sərgisinə ev sahibliyi etmək uğrunda mübarizəni davam etdirməyəcək. Hökumətin bir nömərli xəbərdaşıyanı “AZƏRTAC” xəbər verir ki, bu fikri Fransanın Baş naziri Eduard Filip “Expofrance 2025” ümumi maraq qrupunun sədri Paskal Lamiyə göndərdiyi məktubda bildirib. Baş nazir bu qərarı maliyyə problemi ilə əlqələndirib. Fransa hökuməti müzakirə aparıb, araşdırıb və aydın olub ki, bu qədər maliyyə itkisinə yol verməyə ehtiyac yoxdur.
“EXPO 2025” beynəlxalq sərgisi barədə Almaniyanın məşhur “Deutsche Velle” jurnalı da məlumat verib. Bildirilir ki, Fransanın sərgiyə ev sahibliyindən imtina etməsindən sonra üç namizəd mübarizəni davam etdirəcək. Bəli, indi tədbir əev sahibliyi uğrunda Rusiya, Yaponiya və Azərbaycan mübarizə aparır. O da qeyd olunur ki, 2015-ci ildə tədbirə İtaliya evsahibliyi edib və 20 milyondan artıq insan tədbirdə iştirak edib.
Məsələnin tragikomik tərəfi bundan ibarətdir ki, İtaliyanın ÜDM-i 2 trilyon dollar, Yapiniyanın ÜDM-i 5 trilyon dollar, Fransanın ÜDM- 2.4 trilyon dollar, Rusiyanın ÜDM-i isə 1.5 trilyon dollar təşkil edir. Başın bu ölkərin başına qoşmaq istəyən Azərbaycanın isə ÜDM-i 41 milyard dollardı.
Deməli, ÜDM-i 2.4 trilyon olan Fransa maliyyə itkilərini nəzərə alaraq bu yarışdan imtina etdiyi halda, xarici borcdan asılı qalan Azərbaycan belə bir mötəbər tədbiri çiyninə götürməyə hazırlaşır. Əslində, növbəti dəfə Azərbaycanı ağır zərbə altına salmaq istəyirlər. Onsuz da böhranla əlləşən, kredit bataqlığında çırpınan, normal maaş, təqaüd ala bimləyən vətəndaşa, növbəti “sürpriz”i hazırlayırlar. Təbii ki, yenə də məqsəd hakimiyyətin özünün maraqlarıdı. Belə bir tədbirə ev sahibliyi etməklə həm daxili auditoriyaya yeni “inkişa nağılı” danışmaq, həm də dünyaya Azərbaycanın inteqrasiya olunan, müasir tələblərə cavab verən ölkə olduğunu göstərmək istəyirlər. Hələ də başa düşmürlər ki, belə addımlarla dünyanı təəccübləndirmək mümkün deyil. Korrupsiyanın şaxələndiyi, elementar hüquqların olmadığı, azadlıqların boğulduğu ölkədə hansı tədbir əev sahibliyi etməyin heç bir önəmi yoxdur. İlk növbədə avtoritarizmə ev sahibliyindən imtina etmək lazımdı.
Bir sözlə, hakimiyyət heç bir uğursuzluqdan dərs çıxarmır, əksinə ölkəni daha dərin uçuruma salmağın xəritəsini çəkir. Daha böyük tədbir, daha böyük yeyinti deməkdi. Diş çöpü istehsal edə bilməyənlər, əməkhaqqının miqdarına görə düşmən Ermənistandan da geri qalanlar, nəhəng tədbirə ev sahibliyi edəcəklər. Bu vəziyyət, evində balaları ac qalan kişinin, məhlədə alkaşlara qonaqlıq verməsinə oxşayır.
Akif
Oxunub: 1674