“Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub” – bunu prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.
AzTV-lər sanki bir-biriylə yarışa girib. Bütün telekanallarda iqtisadi inkişafımızın fontan vurmasından, dünyanın inkişaf etmiş ölkələrindən olmağımızdan danışırlar. Birini AzTV-yə çıxartmışdılar, az qala Yaponiyanı da ötdüyümü əsaslandırmağa çalışırdı. İqtisadçı Vüqar Bayramov əvvəl AzTV-də, sonra İTV-də bu inkişafın istiqamətləri, dünya təcrübəsi, görülən, görülməli işlərlə bağlı düşüncələrini bölüşürdü. Aqrar sektorda islahatlar aparıldığını deməyi də unutmadı. Bizdə aqrar sektor varmı? Mütəxəssislər, müstəqil, hakimiyyətə züy tutmayan mütəxəssislər vaxtaşırı bu sahədəki problemlərdən, geriləmədən danışırlar, yazırlar. Bu gün hakimiyyət təmsilçiləri, elə dövlət başçısı da qeyri-neft sektorunun inkişafından ağızdolusu danışır. O sektor heç olmasa 10 il qabaq, ölkəyə neft milyardları sel kimi axanda inkişaf etdirilməliydi. Ancaq acgöz hakimiyyət daha çox mənimsəmə, ofşorlara daha artıq pul ötürmək barədə düşündü, çalışdı. Onda nəinki aqrar, heç bir sektor yada düşmürdü. Pul silmək mümkün olan layihələrə üstünlük verilirdi. Fantastik qiymətlərə körpülər, yol ötürücüləri tikilir, binalar ucdantutma qaşınır, milyonlar mənimsəməklə asfalt çəkilirdi. İndi ölkənin “uğurlu iqtisadi inkişafı” ilə öyünən dövlət başçısının da qayğıları başqaydı. Yalnız neft – xalqın başının bəlası – qiymətdən düşəndən sonra bunlar başqa sahələrin inkişafı barədə düşünməyə başladı. Daltan atılan daş kimi. Düzdür, Sahibkarlığa Kömək Fondu yaradılmışdı, ancaq bu fonddan nazirlərə, komitə sədrlərinə, icra başçılarına, hakimiyyət yandaşlarına böyük kreditlər verildi. Sahibkarlar isə borc içində boğulur, köhnə texnikaların əlində əsir qalmışdılar. Bir neçə ildir pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı istiqamətində guya iş görməyə başlayıblar. Ancaq buna qədər kəndlilər çox şey itirib. Onlar imkansızlıqdan torpağa bağlılığı itirib, dolanışıq çətinliyindən sağlamlığını itirib, əmlakını itirib, mal-qarasını itirib, ən başlıcası, torpaqlarını itirib. Dövlət büdcəsini sümürgən kimi sümürən irili-xırdalı məmurlar taladıqları pullar hesabına kəndlilərin həm torpağını, həm mal-qarasını, həm də örüşünü ələ keçirib. İndi kəndli funksiyasını daha çox o məmurlar yerinə yetirir. Büdcədən ayrılan subsidiyalar da onların cibinə axır…
Davos forumundasa şaxələndirilmiş iqtisadiyyatdan danışılır: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və düşünürəm ki, bu istiqamətdə böyük uğurlara nail olmuşuq. Neftin qiymətləri kəskin azalan zaman mən bildirdim ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb və biz neft və qazı yaddan çıxarmalıyıq. Əlbəttə, biz hazırkı layihələri yerinə yetirməliyik, lakin əsas gəlir mənbəyi kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatına yönəlməliyik. Ona görə də biz ciddi islahatlar həyata keçirdik və artıq bu islahatlar yaxşı nəticələr göstərməkdədir… Bildirmək istəyirəm ki, iqtisadiyyatımızın şaxələndirilməsi prosesi artıq gedir və bizim bu tempi azaltmaq planımız yoxdur…”
Bu sözlər dünən, yanvarın 23-də deyilib. Bundan bir qədər qabaq – ötən il dekabrın 20-də deyilən başqa bir sözə baxaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov: “İqtisadiyyatın şaxələndirilməsi təqribən 10 ilə yaxın vaxt tələb edəcək”.
Deməli, 25 ildir hakimiyyətə yiyələniblər, neft bumunu, yəni neftdən gələn milyardları “bumb” eləyib udublar, iqtisadiyyatın şaxələnməsi indi yada düşüb, “biz nefti və qazı yaddan çıxarmalıyıq” deyirlər, guya xalqın yadında nə vaxtsa neft-qaz olub. Dövlət başçısı islahatların yaxşı nəticəsindən danışır, nazir isə bu prosesin hələ 10 ilə gəlişəcəyini düşünür…
Onu da dəqiq bilmək olmaz, tamahı Murtuzəli qılıncından iti olanların xalqın xeyrinə hansısa islahat aparacağına kimisə inandırmaq çətindir. Dediklərinə heç özləri də inanmır…
Rövşən Hacıbəyli
Oxunub: 634