Dünən Qazax rayon məhkəməsi AXCP sədr müavini Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Onunla bağlı istintaq prosesini izləyən hər kəs əmindir ki, qaçaqmalçılıq ittiham yetərincə əsassız və qondarma olmaqla Gözəl xanımı siyasi proseslərdən uzaqlaşdırmağa yönəlib. Bir sözlə Gözəl xanım aparılan siyasi represiyaların növbəti qurbanıdır.
Bu həbslə bağlı məni narahat edən digər məsələ ölkəmizdə qadınların siyasətdə iştirakının zəif olduğu dönəmdə Gözəl xanımın həbsiylə bu problemin daha da artmasıdır. Heç kəsə sirr deyil ki, ölkədə cərəyan edən ictimai-siyasi proseslərdə kişilər dominantlıq təşkil edib. Təbii ki, bu problemin tarixi səbəbləri var. Amma bu problem aradan qalxmalı və qadınların ictimai-siyasi proseslərə töhfəsi üçün imkanlar ən azı müstəqillik dönəmində artmalı idi. Əgər siyasi proseslərdə və ictimai həyatada qadınların iştirakı artmasa, bizim toplum olaarq demokratik dəyişikliklərə tez bir müddətdə nail olacağımız çətin görünür. Məhz belə bir reallıqda Gözəl xanımın həbsi siyasi problemlərə biganə qalmayan, öz istəklərini və baxışlarını sərbəst şəkildə ifadə etməyə çalışan qadınları siyasətdən çəkindirə bilər. Onsuz da onlar ictimai-siyasi proseslərdən uzaqlaşdırılmaq üçün xeyli sayda “məişət nəzarətçisinin” tənələrinə dözməli olurlar.
Mənim hesablamalarıma görə Gözəl xanım ölkəmizdə sayca beşinci qadın siyasi məhbusdur. Ondan öncə Faina Kunqurova, Nigar Yaqublu, Leyla Yunus və Xədicə İsmayıl siyasi motivlərlə azadlıqdan məhrum ediliblər. Bəlkə də kiməsə bu rəqəm cüzi görünəcək. Nədən ki, qadın siyasi məhbusların sayı olduqca az olub. Amma nəzərə almaq lazımdır ki, iqtidarın yaratdığı siyasi qadağalara çatanadək qadınlarımız xeyli lokal və ibtidai baryerləri aşmalı olurlar.
Daim cəsarətli çıxışları ilə tanıdığım Gözəl Bayramlıya qarşıdakı dönəmdə can sağlığı arzulayıram! Bu bir siyasi məhbsu üçün olduqca önəmlidir.
Əminəm ki, tezliklə onunla azadlıqda görüşəcəyik və o hələ uzun müddət qadınların siyasi arenaya çıxması üçün örnək sima olacaq!
Oxunub: 216