Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Qərargahdan verilən məlumata görə, ilk növbədə, mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub.
Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürülüb: “Onlardan 34 ailə məcburi köçkünlərdir. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onlarım məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb”.
Məlumatda bildirilib ki, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir: “Sürüşmə hadisəsı müəyyən dövrdən bir aktivləşir. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki proseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır. Onların inşasına icazə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir. FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək”.
Oxunub: 124