YAP hakimiyyəti işğalçıyla necə həmrəy oldu?
25 ildir ki, Ermənistan Azərbyacanın 20 faiz ərazisini işğalda saxlayır. Azərbaycan hakimiyyəti isə rüsvayçı “atəşkəs rejimi” ilə təsəlli tapır. Beləliklə, məğlub ölkənin hökuməti status-kvonu “uğur diplomatiyası” adlandırır. Amma məğlubiyyət bununla da yekunlaşmadı. Son günlər Ermənistanda baş verən etirazlar və bu etirazların nəticəsi Azərbaycana növbəti zərbə oldu. Yəni, Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması, müxalifət liderinin baş nazir olması, Ermənistan elitasının avtoritarizmlə mübarizədə xalqa dəstək verməsi, hətta Rusiya amilinin heçə sayılması Ermənistanın imicinə müsbət təsir etdi. Ermənilər azadlıq istədiklərini, ölkələrinin Azrəbaycandakı kimi sülalə hakimiyyəti tərəfindən idarə olunmasını istəmədiklərini bildirdilər və bu ənənəyə son qoydular.
Bundan sonra YAP hakimiyyətinin sözçüləri yeni təbliğata start verdilər. Guya, Paşinyan hökumətin başına keçdikdən sonra Qarabağı Azərbaycana qaytaracaqmış, işğalçılığın yalnış olduğunu düşünəcəkmiş, Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaqmış və s.
Amma Paşinyan Qarabağ məsələsində Sarkisyandan fərqlənmədiyini dərhal ortaya qoydu. Vəzifəsinə başlayan kimi də Xankəndi və Şuşaya səfər edib, oradan “Azərbaycan qorxaq dövlətdir” söylədi. Əslində dünən səhnəyə qalxmış bir adamın Azərbaycan haqqında belə ifadə işlətməsi böyük utancdı. Onun bu fikirləri Azərbaycan üçün töhmətdi, dövlətin qürurunun heçə sayılmasıdı, bir xalqı aşağılamaqdı.
Amma bu boyda rəzalətdən sonra da YAP hakimiyyətindən cavab gəlməyib. Ölkə müxalifətini asıb-kəsən ölkə başçısı susmağa üstünlük verib. Hakimiyyət ölkədəki mübariz insanları şərləyib həbsə atmaqla, Paşinyanlara layiqli cavab verməməklə düşmənlə həmrəylik nümayiş etdirir. Hamı başa düşür ki, ölkədəki tənqidçi səslərin boğulması, dövlətin gücündən xalqa qarşı istifadə olunması qorxunun əlamətidir. Eyni zamanda Paşinyanın belə fikirlər səsləndirməsi üçün əsasları var. O başa düşür ki, YAP hakimiyyəti öz marağı naminə Rusiyanın himayəsini təmin etmək üçün hətta Qarbağdan imtinaya da hazırdı. O bilir ki, Aprel döyüşlərində zəfərə doğru irəliləyən ordunu durdurmaq da qorxunun, iradəsizliyin göstəricisi idi.
Beləliklə, Paşinyan “regionun lider dövləti”nə, ölkənin hərbi büdcəsi ilə öyünən hökumətə növbəti şilləni vurdu. Yəqin ki, bundan sonra 1-2 deputat Paşinyana “qorxaq özünsən” tipli cavablar verəcək və yenə də ölkə başçısı lent kəsməyə yollanacaq.
Görünən budur ki, bu hakimiyyətin dövründə cılız Ermənistandan hələ çox töhmət alacağıq. Və bütün bunlardan sonra üzlərində təbəssüm, Paşinyanlarla danışıqlar masasına oturacaqlar. Susmaq razılıq əlaməti sayıldığına görə, hökumətimizi də Paşinyanla həmrəy hesab etmək olar.
Samir