“Onu elə döyüblər, bədənində yaradan yer yoxdur, üç gün “kars”da əlləri qandallı saxlayıblar”
Qobustandakı qapalı həbsxanada saxlanılan Nardaran məhbusu Abbas Hüseyn AXCP sədri Əli Kərimlini təbrik etdiyinə görə işgəncəyə məruz qalıb. O, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı tərəfindən döyülüb, daha sonra “kars”a salınıb. Bu barədə həm Abbas Hüseynin ailə üzvləri, həm də hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.
“Müsəlman Birliyi Hərəkatının üzvü, həbsdə olan siyasi məhbus Abbas Hüseyn AXCP sədri Əli Kərimlinin doğum gününü təbrik etdiyinə görə onu Qobustan qapalı həbsxanasında boğub öldürmək istəyiblər. Abbası vəhşicəsinə döyüb “kars”a salıblar, hazırda vəziyyəti yaxşı deyil.
Müxalif partiya liderini təbrik etdiyinə görə məhbusu boğum öldürmək istəyənlər, Azərbaycan xanımlarını xarici qonaqlara hədiyyə edənlər, 19 yaşlı tələbəni dayısına görə oğurlayıb girov saxlayanlar utanmadan, qızarmadan hələ bizə əxlaqlı siyasət dərsi keçmək istəyirlər…”, – O.Gülalıyev “facebook” səhifəsində bu barədə yazıb.
Döyülməsi barədə yaxınlarına Abbas Hüseyn özü bu gün telefonla danışarkən bildirib. Deyib ki, evə aprelin 26-da zəng edəndən sonra onu möhkəm döyüblər. Döyülməsinin səbəbi barədə ona heç nə söyləməyiblər.
Abbas Hüseynin yaxınları bildirib ki, o, aprelin 26-da danışanda ayın 28-də doğum günü münasibətilə Əli Kərimlini onun adından təbrik etməyi xahiş edib: “Başqa heç bir səbəb olmadığına görə həm Abbas özü, həm də biz güman edirik ki, bu məsələyə görə ona işgəncə veriblər. Deyir ki, bədənində işgəncə izlərindən yer yoxdur, bütün yaradır”.
Abbas Hüseynə əvvəlcə 5 günlük “kars” verilsə də, 3 gündən sonra həbsxana rəisinin göstərişilə oradan çıxarılıb: “Karsa salanda başını da qırxıblar. Təsəvvür edin, başını qırxanda biri tutub boğurmuş, o biri qırxırmış. Onu “kars”da saxladıqları üç gün ərzində qandalları əllərindən açmayıblar. Deyir ki, qandal biləklərimi yara eləyib”.
Penitensiar Xidmət isə Abbas Hüseynin işgəncəyə məruz qalması barədə məlumatı təkzib edib.
azadliq.info