Azərbaycan hökuməti çətin suallara cavab verməlidir
“Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 50-dən artıq şikayəti araşdırmağa başlayıb. Şikayətçilərin içində xeyli tanınmış insanlar var. Ancaq jurnalistlər, ifadə azadlığından geniş istifadə edənlər daha çoxdur”. Bunu FB statusunda hüquqçu Xalid Ağəliyev yazır.
Araşdırılan şikayətlərin yarıdan çoxunu AİHM-ə fəaliyyətləri dayandırılmış QHT-lər Media Hüququ İnstitutu, Hüquiq Maarifçiliyi Cəmiyyətində çalışanlar göndərib.
Heykəl məhbuslarının da şikayətləri araşdırılmağa başlayıb. Həmin araşdırmada maraqlı sual diqqətimi çəkdi. Avropa Məhkəməsi soruşur: Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin heykəlinə qraffiti çəkmişdilər. Onlara niyə inzibati cəza yox, narkotikə görə cinayət cəzası verilib?…
Digər diqqətçəkən şikayətlərdən biri jurnalist Eynulla Fətullayevlə bağlıdır. Jurnalisti yadızdadırsa, narkotikə görə, 2.5 il azadlıqdan məhrum etmişdilər. Görək, həftə sonu Mir Şahin “Fətullayev Azərbaycana qarşı” ikinci filmini yayımlayacaqmı?
Vəkil Fariz Namazlı da Avropa Məhkəməsində araşdırılan şikayətlərdən yazıb: “Avropa Məhkəməsində Elçin Həsənov və daha 13 nəfər Azərbaycana qarşı şikayəti üzrə kommunikasiya başlayıb. Bu şikayətçilər gənc fəallar Elçin Həsənov, Bəxtiyar Hacıyev, Nardaran məhbusları Zakir Mustafayev, Abbas Hüseynov, Taleh Bağırov, Şamil Abdullayev, Əlibala Vəliyev, Rasim Cəbrayılov, Ramin Yarıyev, Abbas Quliyev, Əli Nuriyev, siyasi məhbus Fikrət İbişbəyli, həmçinin Aslan İsmayılov və Vüqar Abışodur. Bu şəxslər polis əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətlərinin lazımi qaydada araşdırılmadığından şikayətçidirlər. Avropa Məhkəməsi Azərbaycan Hökümətinə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ) maddəsi, 13 (səmərəli müdafiə vasitələri hüququ), bəzi şikayətlər üzrə 10-cu (ifadə azadlığı) və 34 (fərdi şikayətlər vermək) maddələrin pozuntusunun olub-olmaması ilə bağlı sallar ünvanlayıb. Nardaran məhbusları ilə bağlı Azərbaycan hökümətinə göndərilən suallar 26 noyabr 2015-ci ildə keçirilən əməliyyatın qanuni şəkildə olub-olmaması, həbs edilənlərin BMCMİ-yə aparılma şərtləri, onların həkim yardımından istifadə edilməsinə şərait yaradılıb yaradılmaması ilə bağlıdır.
Avropa Məhkəməsi həmçinin İbrahimov və daha 2 nəfərin şikayəti üzrə kommunikasiya başlayıb. Avropa Məhkəməsi Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəmanın işgəncəyə, qeyri insani rəftara məruz qalması, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuzluğu ilə bağlı şikayəti üzrə Konvensiyanın 3-cü, 5-ci və 13-cü maddəsinin, həmçinin Q. İbrahimov və B. Məmmədovun işi üzrə Konvensiyanın həm də 8 (mənzilə hörmət hüququ) və 18 (hüquqların siyasi məqsədlər üçün pozuntusu) maddəsinin pozuntusu ilə bağlı Azərbaycan hökümətinə suallar ünvanlayıb.
Avropa Məhkəməsi həmçinin Cabbar Savalanlının, Fərəc və Sirac Kərimlinin, Murad Adilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı verdikləri şikayətlər üzrə kommunikasiya başlayıb və Azərbaycan hökümətinə Konvensiyanın 5, 6.2 (təqsirsizlik prezumpsiyası) və 18-ci maddələrinin pozulub-pozulmaması ilə bağlı suallar ünvanlayıb”.
Daha bir vəkil Əsabəli Mustafayev də nümayəndə olduğu işlərin araşdırıldığı barədə status paylaşıb: “Avropa Məhkəməsi Orxan Əyyubzadə barədə həbs qətimkan tədbirinin, Xeyrulla Ağayev və Araz Cabbarov barəsində inzibati həbsin tətbiqinin, Şükran Məmmədova məxsus dini məzmunlu kitabların müsadirəsinin qanunsuz olması haqqında şikayətlər üzrə kommunikasiyalara başlayıb”.
azadliq.info