Gürcüstanın Daxili İşlər naziri Giorgi Gagaria parlament binası qarşısına gələrək etiraz edən qrupun liderləri ilə görüşüb və etirazçılardan üzr istəyib.
Bu barədə Gürcüstanın Liberali nəşri yazır.
“Əgər sizin hər hansı birinizin hüquqları onlar tərəfindən pozulubsa mən öz adımdan və bütün DİN-nin əməkdaşları adından sizdən üzr istəyirəm”- Daxili İşlər naziri Giorgi Gagaria deyib.
Etiraz mitinqinə Daxili İşlər naziri ilə birgə gələn Tbilisi meri Kaxa Kaladze də nazirin bəyənatını alqışlayıb.
“Giorgi Gagarianın bəyanatı yaxşı bir addım idi. Bütün bunlar göstərir ki, biz xalqımızın hökumətiyik”, – deyə Kaxa Kaladze bildirib.
Daxili İşlər naziri ilə görüşdən sonra etiraz aksiyasını təşkil edən “Ağ səs-küy” hərəkatının üzvləri etirazı bir həftəlik dayandırdıqlarını elan ediblər.
Onlar bir həftə müddətində Daxili İşlər Nazirliyinin verdiyi vədlərə necə əməl edəcəyinə nəzər yetirəcəklərini deyiblər.
Daxili İşlər naziri deyib ki, “orientasiyasından və dini görüşündən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının fikri əhəmiyyətlidir”.