Moskva şəhər arbitraj məhkəməsi Azərbaycan Beynəlxalq Bankına qarşı Rusiyanın Əmanət Bankının (Sberbank) 21 milyon dollarlıq iddiasını təmin edib. Bu qərara görə Azərbaycan Beynəlxalq Bankının Moskva filialının Nizamnamə fondunun 41 faizi müsadirə edilməlidir. Yayılan xəbərlərdə bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının Nizamnamə Fondunun 41 faizinin bazar dəyəri 1, 3 milyard rubla bərabərdir. Beynəlxalq Bank Moskva filialını 2002- ci ildə açıb, amma 2008- ci ildən başlayaraq bu filialın maliyyə problemləri yaşadığı məlumdur. Hələ o vaxtlardan, yəni 2008- ci ildən başlayaraq Azərbaycan hökuməti bu filialın maliyyə vəziyyətini sağlamlaşdırmaq adı ilə ona dövlət yardımları göstərməyə başlasa da, filialın maliyyə durumunu yaxşılaşdırmaq mümkün olmayıb. Buna görədir ki, 2018- ci ilin aprel ayının 1-nə olan statistikalarda Beynəlxalq Bankın Moskva filialı Rusiya banklarının reytinq sıralamasında 171- ci yerə qədər aşağı düşüb. Ümumiyyətlə isə bu ilin mart ayında «MBA- Moskva» Məhdud Məsuliyyətli Cəmiyyətin (Beynəlxalq Bank Moskva filialının səhmdarları) aksionerlərinin ümumi yığıncağında qərara alınıb ki, Beynəlxalq Bankın Moskva filialının fəaliyyətinə xitamn verilsin. Buna görə də, Moskva arbitrajının çıxardığı qərarın icra edilməsində müəyyən problemlər yarana bilər. Çünki, Bank faktiki olaraq ləğv edilib və onun aktivlərinin müsadirə edilməsi də buna görə imkansız hala gəlib.
azadliq.info