Bu kanala yeni təyin olunmuş direktoru təzədən “seçəcəklər”
Bu gün Milli Teleradio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Niyə bu gün? Axı mayın 11-də dövlətin birinci agentliyi sayılan AzərTAc İTV rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yaymışdı. Təkrarçılıq üçün yox, baş verənlərin daha yaxşı izlənilməsi üçün həmin xəbəri təqdim edirik:
“Bakı, 11 may, AZƏRTAC. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.
Məlumatda qeyd olunub ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.
Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
Məsələ ilə əlaqədar açıqlama verən Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər, eyni zamanda, həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.
Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.
Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”.
Yayım Şurasının iclası keçirilibmi?
Xəbərdə yanlış anlaşılacaq heç nə yoxdur. Cəmil Quliyev səhhəti ilə bağlı İTV sədrliyindən getməklə bağlı ərizə yazır, ərizəsi qəbul olunur, Yayım Şurasını çağırıb yığırlar bir yerə (açığı, bu, ehtimal da ola bilər, yəni məsələnin onlarsız da, onların adından həll edilməsi istisna deyil) və köhnə direktoru yola salırlar. Sonra da deyirlər ki, indi də Balakişi Qasımovu C.Quliyevin yerinə seçin. Onlar da yuxarıdan gələn bu qərarı icra edir. Bunun ardınca xəbəri yayırlar. Rəsmi agentlikdə. Ordan da başqa saytlar götürüb bu xəbəri paylaşır. Ancaq elə həmin gün Facebook-da etiraz səsləri eşidilməyə başladı. Media eksperti Ələsgər Məmmədli mayın 11-də saat 18.13-də bununla bağlı status paylaşdı: “İndi xəbər yayıblar ki, İctimai Televiziya və radionun Baş direktorunun səlahiyyətlərinə xitam verərək, yerinə yeni Baş direktor təyin ediblər.
Bu birbaşa qanunvericiliyi pozmaqdır. İctimai Teleradio yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir. Bu norma İTV haqqında qanunvericilik formalaşarkən də o prosesdə olan hər kəs tərəfindən bilinir. Ayrıca, hər 4 ildən bir Baş direktorluğa namizədlər elanı olur, 10 gün ərzində bu sahədə təcrübəsi olanlar namizədliklərini irəli sürür, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilir.
2013-cü ildə Emin Hüseynov da namizədlər arasında olmuş, sonra seçim prosesindən narazı qalaraq, məhkəməyə müraciət etmişdi.
2017-ci ilin aprelində Milli Teleradio Şurası yenə bu posta müsabiqə elan etmiş, 5 namizədin arasından İctimai Teleradio Yayım Şurası Cəmil Quliyevi 2-ci dəfə seçmişdi.
Cəmil Quliyevin 4 ildən tez getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi.
Heç olmasa qanunlara baxmağı da artıq hesab edirlər. Ya da Media siyasəti ilə məşğul olanlar sürətlə ölkə hökumətini gözdənsalacaq addımları qəsdən artırırlar. Qəsdən olmasa bu baş verməz.
Görünür, bu status İTV başbilənlərini, daha doğrusu, İTV-nin başbilənlərini hərəkətə gətirib, ya da özfəaliyyət olub, qanun yaddan çıxıb. Ələsgər bəyin statusu, ona verilən reaksiyalar kimlərisə ayıldıb. Onsuz da oyuncaq qurumlar olan MTRŞ və Yayım Şurasındakılara səhvi düzəltmək göstərişi verilib. Onlar da çıxış yolunu İTV baş direktorluğuna müsabiqə keçirilməsində görüblər, qanunun tələbi də budur. Bu gün aşağıdakı məzmunda elan verilib:
“Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edir. Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır: – Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı; – Namizəd ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil¬məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:
1.Ərizə
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Əmək kitabçasının surəti
4.Tərcümeyi-hal
5.Kadrların şəxsi uçot vərəqi
6.Ali təhsil haqqında dövlət sənədi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqanda” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək”.
Media eksperti nələrin üstünü açdı…
Bəlkə də yenə məsələni sakitliklə yola verəcəkdilər, ancaq sayğılı media eksperti Ələsgər Məmmədli yenidən bu məsələ ilə bağlı iki status paylaşıb. Həmin statusları təqdim edirik:
Milli Teleradio Şurası yanlışı anlayıb, yenidən İTV-nin baş direktorluğuna müsabiqə elan edib. Bu durumda İTV-nin Yayım Şurası ən hörmətsiz vəziyyətə düşən qurum oldu. Onları öncə qanunu pozduraraq təyin etdikləri birini təsdiqləməyə məcbur etdilər, sonra açıq-aşkar qanunun pozulduğunu hər kəs bəyan etdikdən sonra ağ oldu deyə yenidən müsabiqə elan ediblər. İndi İTV-nin Yayım Şurasının azı 4 müstəqil, özünə hörmət edən üzvü olmalıdır ki, bu formal prosesdə iştirak etməyərək, əvvəl təyin edilmiş şəxsə bu dəfə səs verməsin. Amma olacaqmı? Çətin!
Teleradio Şurasının hörmətli təmsilçisi açıqlama verərək deyib ki, Balakişi Qasımov guya müvəqqəti təyin olunubmuş.
Bu üzrü günahından betərdir. İTV-nin Baş Direktorunun istefası baş veribsə, onun yerinə seçilməmiş bir şəxs müvəqqəti necə gələ bilər? Baş direktorun istefasında qurumdakı ardıcıllıq, təcrübə nəzərə alınaraq, Direktorlar Şurasından biri müvəqqəti bu postu seçkilərə qədər idarə etməli idi.
MTRŞ-ın bu gün müsabiqədə müəyyən etdiyi kriteriyalara Balakişi Qasımovun uyğun gəldiyinə kim, hansı müddətdə necə qərar vermişdi ki, onu Baş Direktor kimi mühüm bir postda əyləşdirsin və heç bir gün olmadığı, işləmədiyi qurumu, onun Direktorlar Şurasını, yaradıcı heyətini idarə etsin?
Danışdıqca batmaqdansa, çıxıb səmimi şəkildə üzrxahlıq etmək daha doğru olardı…
Yayım Şurası üzvləri qanunsuzluğa niyə etiraz etməyib?
Ələsgər bəyin bu statusların Yayım Şurasının yenu üzvü Azər Həsrət reaksiya verib. O, təmsilçisi olduğu qurumun yersiz müdafiəsinə qalxıb. Ələsgər bəy, bilgisizlikdən yazırsan bütün bunları, deyilmi? İTV Yayım Şurası qanunda nəzərdə tutulan bütün prosedurları tam olaraq tətbiq edir. Ortada heç bir yanlış da yoxdur. Sadəcə kimsə mətbuata bizim xəbərimiz olmadan məlumat ötürüb, onlar da yoxlamadan dərc ediblər. Bu qədər sadədir məsələ.
AzərTAc yaydığı informasiyanı Yayım Şurasına istinadla verib. Belə çıxır ki, bu məsələdə hansısa qruplaşmaların əli var. Hər halda AzərTAc Prezident Administrasiyasından icazəsiz belə bir informasiyanı yaymağa cəsarət etməzdi. Azər Həsrətin sətiraltı “kimsə” adlandırdığı şəxs bu məsələdə ciddi rol alıb. Ola bilsin onun kimliyi Azər Həsrətə bəllidir, ancaq ad çəkə bilmir. Bununla o, həm də ölkənin informasiya siyasətinə sorumlu şəxs(lər)in hansısa oyunların iştirakçısı olduğunu demək istəyir. Yayım Şurasını müdafiə isə çox uğursuz alınıb. Tutaq ki, bu məlumat mətbuata Yayım Şurasından xəbərsiz ötürülüb, mümkün variantdır. Ancaq mayın 11-dən mayın 14-nə qədər 3 gün keçib. Nədən Yayım Şurasının sədri, onun qalan 8 üzvü onların başının üstündən görülən bu işə reaksiya verməyib? Rəsmi agentlik, rəsmi qəzetlər, hakimiyyətyönlü qəzetlər onların mövqeyini dərc etməyə bilər, bəs sosial şəbəkələrə, saysız-hesabsız saytlara nə gəlib? Azər Həsrət Ələsgər Məmmədlinin statusuna anındaca reaksiya verdiyi kimi, təmsilçisi olduğu qurumun adından yayılan xəbərə də münasibət bildirə bilərdi. Sədr də, Yayım Şurasının başqa üzvləri də eləcə.
Cəmil Quliyevin sədrlikdən getməsi ilə bağlı mən də status paylaşmışdım, baş verənlərin anormal olduğunu yazmışdım:
“…Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”. Bu sözləri Cəmil Quliyev bu gün İTV baş direktorluğundan gedəndə deyib. Seçkili quruma sədr “seçildiyinə” görə İlham Əliyevə təşəkkür edib. Adam nə qədər haqbilməzmiş, balam, səni ora Alışanov gətirib, bütün işləri də özü aparıb, kimi işə qoymaq, kimi işdən çıxarmaq, televiziyaya gələn reklamı necə xərcləmək, avadanlıqlar almaq… hamısı Alışanovluq olub. İndi bu adam təşəkkürü başqalarına edir, necə formalaşmasından xəbəri olmayan kollektivə, Yayım Şurası üzvlərinə… Yayım Şurası oyuncaq bir qurumdur, onlar drijor çubuğunun işarəsiylə çalışırlar, özünə hörməti olan adam orada adını saxlamaz(Cahangir Məmmədli kimi(((), bu da əsas ünvanı qoyub başqalarına təşəkkür edir. Dünyanın işləri çox dolaşıqdır(((“
Əslində, elə Cəmil Quliyevin həmin iclasda dediklərindən hər şey bəllidir; onun özü də, Balakişi Qasımov da İTV-yə təyin edilib. Yoxsa seçkili quruma səsverməylə seçilən adam göstərilən etimada görə ölkə prezidentinə niyə təşəkkür etməlidir? Maraqlıdır, televiziya da yaradıcı sahədir, ancaq Cəmil Quliyev səhhəti ilə bağlı bu qurumdan istefa verir və yaradıcılıqla məşğul olmaq istəyini ortaya qoyur. Əslində, Cəmil Quliyev İTV-də formal rəhbər idi. Bütün işləri AzTV sədri Arif Alışanov idarə edirdi. İşçilər də gah AzTV-də, gah da İTV-də görünürdü, sanki bir qurumdur. Elə İsmayıl Ömərovun gedişindən sonra Alışanov AzTV-dən xeyli adamı İTV-yə transfer etdi. Diqqətli tamaşaçılar bu kanallarda gedən süjetlərin də tez-tez eyni olduğunu görürdülər. Yəni bir tədbirdə AzTV operatorunun iştirakı yetərliydi. Həmin süjet İTV-yə də göndərilirdi. İndi, görünür, iki kanalın bir əldə olmasını kimlərsə qəbul etmir, o səbəbdən qəfil qərara gəlib Cəmil Quliyevi işdən çıxarıb onun yerinə başqasını təyin etdilər; uğursuz, həm də qanunsuz şəkildə. Ancaq bunun çox böyük qanun pozuntusu olduğunu görüb məsələni “seçki” yoluyla həll edəcəklər.
Rövşən Hacıbəyli