Qorxmaz Əsgərov
Amerika lobbiçiləri dünya diktaturasının keşikçiləri qismində necə fəaliyyət göstərirlər?
ABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi brifinq doğrudan da geniş ictimai müzakirə tələb edir. Amma elə bil bu müzakirələr ənənəvi mübahisə mövzularına istiqamətlənib. Amma soruşulası suallar var.
Vaxtaşırı bu komissiya ya dinləmə ya brifinq keçirib Azərbaycan hökuməti üzvlərinə sanksiya məsələsini gündəmə gətirir, amma bu müzakirələr ölü doğulur. Azərbaycan hökumətində olan korrupsiya müzakirə edilir, xub. Amma axı korrupsiyada, xüsusən də beynəlxalq korrupsiyada verən tərəf olduğu kimi alan tərəf də var. Amerika Azərbaycan hökumətinin ən çox rüşvət payladığı ölkələrdəndir, amma bu məsələnin ictimai müzakirəsi yoxdur.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ümumiyyətlə özünü Azərbaycan səfiri kimi yox, Amerikadakı İsrail səfirinin katibi kimi aparır. Dəfələrlə biz də, başqaları da qeyd edib ki, Azərbaycan hökuməti Amerikadakı yəhudi lobbisinin iştirakı ilə min oyundan çıxır. Nəticədə Azərbaycan rejiminin əl-ayağl açılıb, Azərbaycanda kimi istəyir həbs edir, oğurlayır və s. Bu məsələ nə vaxt Amerikadakı dinləmələrin/brifinqlərin müzakirəsinə gələcək?
Vaxtaşırı Azərbaycan hökuməti insan haqları məsələsində spazmatik şəkildə sıxılır sonra buraxılır. Sonra da xəbəri çıxır ki, məsələn İlham Əliyev ictimai müzakirələrsiz əsrin müqaviləsini uzadır, ondan da əlavə neft-qaz müqavilələri imzalayır, İsraillə çoxmilyardlı müqavilə imzalanıb və sairə və beynəlxalq skandallar da sovrulub gedir. Sualardan biri də budur: Azərbaycanın insan haqları pozuntularının ictimai müzakirəsi Əliyev hökumətini sıxıb ondan pul qopartmaq alətidir, yoxsa bu müzakirələri təşkil edənlərin Azərbaycan hökumətinə doğrudan da ciddi təzyiqlər təşkil etmək fikirləri var ki, Əliyev rejiminin basqıları durdurulsun? Zatən qardaşım Adil Əsgərov da brifinqdə bu sualları qaldırdı və suallar cavabsız qaldı.
Bu sualları nəzəri müzakirə üçün qoymuruq, ortada praktiki məsələlər var. Əgər Helsinki Komissiyasının son brifinqi və bu kimi başqa tədbirlər şou deyilsə, onda tədbirin təşkili, düzənlənməsi də fərqli yapılır. Yox, əgər məqsəd iyrənc oyunlar oynamaqdırsa, onda iş elə qurulacaq ki, onun Azərbaycandakı demokratiya müzakirələrinə heç bir faydası olmasın, əksinə beş-üç vuruşan adam da bir-birinin boğazından yapışsın.
Bu arada “köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə “yeni müxalifət idi”, çünki Amerika hökumətindəkilər İlhamı hakimiyyətdə görmək istəyirdilər. İndi də həmin söhbət gedir, həmin dalğa, həmin koordinatdan.
Yenilənmə də yaxşıdır, köhnə qüvvənin səhnədən gedib yerini təzə qüvvəyə verməsi də təbiidir, amma yenə də diqqəti niyyət məsələsinə çəkirəm. Niyyət yaxşı olmayanda bu müzakirə də ən yaxşı halda mənasız sapıq müzakirələrə yol açır, pis halda isə ortada olan-qalan siyasi təsisatların da məhvinə xidmət edir.
Konkret Helsinki Komissiyasındakı son müzakirələri təşkil edənlərin niyyətinə gəlincə, Amerikada yaşayan jurnalist Alex Raufoğlu konkret ittihamlar irəli sürür. Yazır ki, Azərbaycan hökuməti BGR Group adlı lobbi şirkətinə pul verib ki, Helsinki Komissiyası və bu kimi başqa təşkilatlara təsir göstərsin və bu şirkətin də bir işçisi keçmişdə həmin bu Helsinki Komissiyasında işləyib. İddiaya görə bu lobbiçiliyin təsiri ilə Helsinki Komissiyasındakı müzakirələrin formatı dəyişdirilib, dinləmə brifinqə çevrilib və çıxışçılar da, müzakirədə iştirak edəcək adamlar da dəyişdirilib. Bu belədirmi? Əgər belədirsə, onda Helsinki Komissiyası qələt edir Azərbaycandakı korrupsiyadan danışır. Özünə əl gəzdirsin, sonra başqa şeyləri də müzakirə etmək olar.