Daxili İşlər və Xüsusi Xidmət orqanları dünən Cəlilabadda əməliyyat keçirib. Xeyli silah-sursatla saxlanılanlar olub. İyun ayının 7-də Cəlilabad rayonunda baş verən silahlı insidentlə bağlı məlumat vermişdik.
Məlumatda bildirilirdi ki, əvvəllər külli miqdarda narkotik dövrüyyəsinə görə həbs olunmuş Iqbal Həsənovun qardaşları ilə Şahin Həsənov və onun yaxınları arasında münaqişə şiddətlənərək silah işlətmə mərhələsinə çatıb. Iqbal Həsənovun qardaşı İlqar Həsənov Şahin Həsənovun yaşadığı evə gələrək silahdan atəş açıb. İnsan tələfatı olmasa da evə zədə dəyib. Qarşı tərəf də silaha silahla cavab verib. İlqar Həsənovun gəldiyi Lexus markalı maşın gülləbaran edilib. Azadliq.info-ya verilən məlumata görə, İlqar Həsənov hadisədən dərhal sonra silahı Cəlilabad Polis Şöbəsinə verərək təslim olub. Şahin Həsənovgil tərəfdən münaqişədə iştirak edən tərəflər isə iyunun 10- da polis və digər güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Hadisənin əsas motivi isə kriminal olayla bağlıdır. Şahin Həsənovun yaxınlarından biri xeyli müddət əvvəl radiaktiv maddə olan civə ilə saxlanılıb.
Məlumata görə, həmin maddə Iqbal Həsənovun olub. Şahin Həsənov işə xitam verilməsi üçün 100 min manat istənildiyini deyib. Iqbal Həsənov pulu verməyə razı olsa da həmin pulun verilməsində onun yaxınlarının da iştirakının təmin olunmasını bildirib. Bu söhbət uzun müddət davam etdiyindən tərəflər sonda silah gücünə məsələni həll etmək qərarına gəlib.
Azadliq.infoya məlumat verən mənbə olay zamanı Iqbal Həsənov və qardaşı Kənan Həsənovun hadisə yerində olması barədə yazılanların isə həqiqət olmadığını bildirib. Kənan Həsənov həmin ərəfədə inzibati həbsdə olub. Iqbal Həsənovun isə axtarışda olduğu təsdiqlənsə də onun son zamanlar Cəlilabadda olması barədə təsdiqləyici fakt olmaması bildirilib.