44 gün aclıq edən məhbusun vəziyyəti pisləşib
Başa çatmamış cinayətə görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilən, hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində aclıq aksyası keçirən Yan Raznobarskinin həyatı ilə bağlı təhlükə davam edir. O, artıq aclığın 44-cü günündədir. Müalicə müəssisəsində təkadamlıq kamerada salanılır. Bu barədə onun həyat yoldaşı Sonya Xaliman azadliq.info-ya məlumat verib. “Yan artıq hərəkət və danışıq qabiliyyətini tamam itirib. Bir neçə gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri ona baş çəkib. Həyatının təhlükədə olduğu barədə bidiriblər. Bundan sonra müalicə müəsisəsinin rəhbəliyi onlara yalan məlumat verərək Yanın səhhətinin yaxşılaşmasını deyiblər. Həqiqət isə ondan ibarətdir ki, aclıq günlərinin sayı artıqca onun səhhəti daha da pisləşir. Bilirəm, Qırmızı Xaç nümayəndələrinin də işləri çoxdur. Onların təkrar ora getməsi bəlkə də mümkünsüzdür. Amma burda bir insan talehindən söhbət gedir ”,- deyə Sonya Xaliman bildirib.
“Məni düşmən kimi təqdim etməyə də hazırdırlar”
Həyat yoldaşı Raznobarski Yanın son müraciətinin ictimailəşdirilməsini istəyib. Qısa ixtisarla müraciəti təqdim edirik: “Mən Raznobarskiy Yan prezidentə, vitse-prezidentə video-müraciət edərək prokurorluq sisteminin müstəntiqləri, hakimlər və penitensiar xidmət tərəfindən mənimlə bağlı cinayət işi materiallarında və sənədlərində yol verilən saxtakarlıqlar və dələduzluq barədə məlumat verdim. Konkret adlar, vəzifələr, saxtalaşdırılan sənədlərin nömrələrini qeyd etdim və özüm və ailəmin düşdüyü faciəli, dramatik situasiyaya ölkə başçısının şəxsən müdaxilə etməsini xahiş etdim. Belə ki, 01.05.2018 tarixində həbsxana işçilərinin özbaşınalığı və qanunsuzluğu səbəbindən boğaz damarımı kəsmək məcburiyyətində qaldım. 01.05.2018 tarixindən Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirildim, burda isə altıncı aclıq aksiyasına başlamışam. Təkadamlıq 8 saylı kamerada karserdə dəhşətli şəraitdə saxlanılıram. Bütün sənədlər, eləcə də, sübut kimi olan video materiallar, Ədliyyə Nazirliyi, Baş Prokurorluq rəhbərliyinə göndərilməsinə və Prezident Aparatında ondan ciddi araşdırıması ilə bağlı göstərişin olmasına baxmayaraq məndən izahat alınmayıb və heç bir araşdırılma aparılmayıb. Məqsəd növbəti dəfə cinayəti ört-basdır etməkdir. Bununla da ölkəmizdəki stabilliyə, Azərbaycan xalqına və prezidentin göstərişlərinə qarşı təxribata yol verilir. Bununla da cəmiyyətimizdə beşinci kolonın formalaşması üçün ölkəmizin xarici düşmənlərinə yardım edilir. Lakin mən dayanmaq niyyətində deyiləm və həyatımın bahasına olsa da, bu gün iyunun 13-də aclığın 44-cü günüdür, özümə və ailəmə münasibətdə ədalətə nail olmağa çalışacağam. Kütləvi informasiya vasitələrindən sabotaj və qanunlara, ölkə başçısının sərəncamlarına məhəl qoyulmadığını prezidentə çatdırmağı xahiş edirəm. Həmçinin Penitensiar Xidmət, Prokurorluq orqanları və Ədliyyə nazirliyi tərəfindən mənə və ailəmə ölüm təhlükəsi olduğunu çatdırıram. Bu strukturların əməkdaşları öz rəhbərliyini aldadaraq cinayətlərinin açıqlanmaması üçün hərşey edəcəklər. Bunun üçün də məni və ailəmi ölkəmizin düşməni kimi təqdim etməyə də hazırdırlar”.
Məsələnin tarixi 2005-ci ilə gedir
Sonya Xaliman həyat yoldaşına qarşı təxribatın tarixinin 2005-ci ilə getməsini də bildirib. Yan Raznobarskiyə qarşı 2005-ci ildə yüksək vəzifəli məmurlar tərəfindən tikilən “torba” əməliyyatını sübut edən video material da təqdim edib. Həmin videonu da saytımızın izləyicilərinə təqdim edirik.
azadliq.info