Milli Şura sәdri Cәmil Hәsәnli mәrhum prezident, Milli Azadlıq Hәrәkatının lideri Әbülfәz Elçibәy haqqında, onun 80 illiyi ilә әlaqәdar maraqlı silsilә yazılara başlayıb. C.Hәsәnlinin feysbuk sәhifәaindәn paylaşdığı yazılardan 6-cını tәqdim edirik:
1990-cı ilin yanvar ayının ilk günlərində Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi “Hadisələrin mümkün inkişaf istiqamətlri haqqında” xidməti məlumat hazırlamışdı. Orada göstərilirdi ki, Əbülfəz Əliyevin rəhbərlik etdiyi Xalq Cəbhəsinin fəaliyyəti respublika partiya təşkilatının gözdən salınmasına və onun məhvinə hədəflənmişdir. SSRİ DTK-da bu xidməti məlumat müzakirə edilən zaman bu prosesin qarşısını almaq üçün Sovet rəhbərliyinə tövsiyələr verildi. Yanvar ayının 6-da Elmələr Akademiyasının binasında işə başlayan Xalq Cəbhəsinin iki gün davam edən III konfransı Əbülfəz Elçibəy başda olmaqla AXC-nin 14 nəfərdən ibarət olan İdarə Heyətini seçdi. Bununla paralel olaraq yanvar ayının 13-də keçirilən mitinqdə Əbülfəz bəyin rəhbərliyi altında Milli Müdafiə Şurasının yarandığı elan edildi.
Respublikaya ordu yeritmək üçün müxtəlif təxribatlara əl atan, erməni talanları törədən Sovet xüsusi xidmət orqanlarının gizli planlarının qarşısının alınmasında yeni təşkilatlanmış Xalq Cəbhəsi mühüm rol oynadı. Lakin bütün hallarda yanvarın 13-dən 14-nə keçən gecə DTK Bakı şəhərində bir sıra təxribatlar törədə bildi və həmin hadisələrdə 32 nəfər erməni millətindən olan şəxslər öldürüldü və bir sıra azərbaycanlılar xəsarət aldı. Bu talanlarla bağlı Əbülfəz bəyin təşəbbüsü ilə yanvar ayının 15-də AXC İdarə Heyəti xalqa müraciət edib baş verən talanları mühakimə etdi. Yanvarın 14-də bazar günü şəhərdə baş verən hadisələr Primakov başda olmaqla Mərkəzi Komitədə keçirilən müşavirədə müzakirə edildi. Primakov hadisələr zamanı zərər çəkmiş adamların sayı barədə soruşduqda Vəzirovun koməkçisi və Azərinformun direktor müavini S. Perets bildirdi ki, Xalq Cəbhəsinə sağ ol deyin ki, sizin əvəzinizə ermənilərin paroma evakuasiyasını təşkil etməklə öz xalqının sifətini saxladı. Əks təqdirdə ölənlərin sayı onlarla deyil, yüzlərlə olacaqdı.
Amma artıq respublikada fövqəladə vəziyyət elan etmək və Bakıya qoşun yeritmək üçün SSRİ DTK-ı gərəkli işləri görmüşdü. Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyət elan edildi və Xalq Cəbhəsi yarım leqal fəaliyyətə keçdi. Həmin axşam, yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi və müdafiə naziri Dmitri Yazovun komandanlığı altında şəhər işğal olundu. Şəhərin işğalı zamanı 131 nəfər dinc sakin həlak oldu, 744 nəfər yaralandı. Yazov acıqca dedi ki, hərbi əməliyyatın başlıca məqsədi Xalq Cəbhəsinin strukturlarını dağıtmaq və Azərbaycanda devrilmiş sovet hakimiyyətini bərpa etməkdən ibarətdir. 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqda baş verənlər Bakıda təkrarlanırdı. Yanvar hadisələri zamanı Xalq Cəbhəsi İdarə Heyətinin bəzi üzvləri də daxil olmaqla 400 nəfərdən çox adam həbs olundu. Xalq Cəbhəsi açıq fəaliyyət göstərə bilməsə də, şəhidlərin dəfnində bir milyondan çox adam iştirak etdi. Ağır bir dövr başlandı. Mətbuat və televizyada Xalq Cəbhəsi və Əbülfəz bəy əleyhinə qaralama kampaniyası başlandı. Fövqəladə vəziyyət şəraitində çap işləri mümkün olmadığı üçün Universitetin fəal tələbələrindən olan Qənimət Zahidov Tbilisidə qəzet çap edib, onu avtobusla gizli şəkildə Bakıya gətirib yayırdı.
Xalq Cəbhəsini əzəndən sonra 1990-cı ilin sentyabr ayının 30-da Azərbaycan SSR Ali Sovetinə son seçkilər keçirildi. Əbülfəz bəy seçkilərdə iştirak etməsə də, Xalq Cəbhəsi bir çox dairələrdən namizəd irəli sürdü. Bəyin tövsiyəsi ilə mən də seçkiyə qatıldım və namizədliyim 54 saylı Nizami dairəsindən irəli sürüldü. Həmin vaxt bu dairədən kifayət qədər tanınmış adamlar seçkidə iştirak edirdi. Sumqayıt şəhər partiya komitəsinin məlum hadisələrə qədər birinci katibi işləmiş Cahangir Müslümzadə, Mərkəzi Komitənin hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Sabir Hacıyev, Rabitə nazirinin müavini Nadir Əhmədov və Vərəm xəstəxanasının baş həkimi Əli İnsanov. Xalq Cəbhəsinin nüfuzu yüksək olduğu və yaxşı kampaniya apardığımdan kifayət qədər səs topladım. Lakin sentyabrın 30-da keçirilən seçkilər ikinci tura qaldı. Bütün inzibatı resurslar Sabir Hacıyev üçün səfərbər edilsə də, o, ikinci tura keçə bilmədi. 4500 səslə mən və 1200 səslə Cahangir Müslümzadə ikinci tura keçdik.
1990-cı ilin oktyabr ayının 14-nə təyin edilmiş ikinci tura bir neçə gün qalmış mənə Nizami rayon icraiyyə komitəsindən zəng olundu və icraiyyə komitəsinin sədri Mixail Zabelinin mənimlə görüşmək istədiyi bildirildi. Getdim. Lakin sədrin otağına girəndə orada damağında siqaret olan başqa bir adamın oturduğunu gördüm. O, soruşdu məni tanıyırsan? Dedim yox. Dedi mən DTK-nın sədr müavini Laçın Ələkbərovam. Əlavə etdi ki, seçkiləri biz idarə edirik və sənə kömək etmək istəyirik. Amma bir sıra şərtlərimiz var. Dedim buyurun. Dedi biz istəyirik Əbülfəz bəyin yaxın ətrafında sizin kimi savadlı adam olsun (şübhəsiz ki, onların adamı kimi). İkinci şərtimiz odur ki, ən mühüm səsvermələrdə bizim dediyimiz kimi hərəkət etməlisən. Üçüncüsü isə, Heydər Əliyevə qarşı çıxış etmək lazım gəlsə bunu edəsiniz. Dedim Əbülfəz bəyin yaxın ətrafında ancaq öz qəlbimin hökmü ilə ola bilərəm, sizin tövsiyənizlə yox. Kimin tərəfindən səsləndirilməsindən asılı omayaraq millətimizin maraqlarına uyğun məsələlərə səs verməyə hazıram. Heydər Əliyevə qarşı çıxış etməklə bağlı dedim ki, sizin Heydər Əliyevlə davanız varsa, bunu özünüz edin, biz bu məsələdə sizin əlinizdə bir vasitə ola bilmərik. Laçın Ələkbərov balaca boylu adam olduğundan söhbət başa çatanda stolun altındakı gizli diktafonu söndürmək üçün əlini ora uzadanda çiynini xeyli aşağı əydi. Mən başa düşdüm ki, söhbətimiz yazılıb. Oradan çıxandan sonra mən birbaşa Əbülfəz bəyin yanına getdim və bütün məsələni təfsilatı ilə ona danışdım. Bəy gülə-gülə dedi ki, “komsomolluq” etmisən, çətin səni buraxsınlar. Elə həmin axşam “Günün xəbərləri” proqramında MSK-nın məlumatı yayıldı ki, 54 nömrəli Nizami seçki dairəsində artıq bülleten çap olunduğu üçün təkrar seçki ləğv edilir.
Ardı var