Rövşən Ağayev
Hökumət neftin qiymətinin yüksək olduğu 2006-2013-cü illərdə ilin ortasında büdcəni dəyişmək təcrübəsini yenidən bərpa etdi.
Bu bir daha onu göstərdi ki, böhrandan dərs çıxarılmadı. İdarəetmə özünü islah edə, dəyişə bilmədi. Bunun ən bariz nümunəsi büdcə menecmentinin son 20 ildə dəyişilməməsi, iqtisadiyyatın çağrışlarına baxmayaraq çox əski çağlarda qalmasıdı.
Resurdan asılı büdcənin resurs qiymətlərindən asılı olaraq tez-tez dəyişdirilməsi “protsiklik” büdcə siyasəti adlandırılır, peşəkar araşdırma və siyasət mərkəzlərinin heç biri bu siyasəti məqbul saymır. Çünki büdcənin tez-tez dəyişməsi o deməkdir ki, hökumətin orta və uzunmüddətli strategiyaları, hədəfləri yoxdur. Həmçinin nəticə və proqram əsaslı büdcə sisteminə keçilmədiyi, büdcəni xərcləyən qurumların strateji planları və büdcə proqramları, effektiv parlament və vətəndaş cəmiyyəti nəzarəti olmadığı şəraitdə xərclərin daima kəskin artırılması səmərəsiz, korrupsiya riskli xərcləmələrə yol açır.
Gələn xəbərlərdən məlum olur ki, 2 mlrd. manata yaxın xərc artımının təxminən yarısı SOCAR-ın dəstəklənməsinə gedəcək. Halbuki Beynəlxalq Valyuta Fondunun büdcə-vergi sistemində şəffaflıq Məcəlləsinin tələblərinə görə büdcə ilə dövlət şirkətləri arasında münasibətlər qnunvericiliklə müəyyən edilmiş çox dəqiq prinsip v mexanizmlərə əsaslanmalıdır. Halbuki bizim qanunvericilikdə dövlət şirkətlərinə hansı halda, hansı meyar, prinsip və şərtlər əsasında maliyyə yardımının verilməsi barədə bir müddəa belə yoxdur. Xatırladım ki, ötən il dövlət büdcəsindən SOCAR-a 1.3 mlrd manatdan çox büdcə dəstəyi verilib, Şirkət isə büdcəyə 1.5 mlrd. manat köçürüb. Belə şəraitdə bəlkə də ən şəffaf yol odur ki, hökumət SOCAR-a 3 və ya 5 illik vergi tətili haqqında qanun qəbul etsin. Onsuz da bu qədər nəhəng şirkət neçə illərdir büdcəyə ödədiyini müxtəlif büdcə kanalları vasitəsilə geri alır.
Başqa bir xəbər odur ki, Neft Fondunun büdcəyə dəstəyi 2 mlrd. manat artırılır. Halbuki Yol Xəritəsinə görə, “qızıl qayda” hazırlanmalı, Fond və büdcə arasında münasibətlər limitləşdirilimiş rəqəmlər üzərində qurulmalı idi. Amma ortada heç bir sənəd yoxdu.
Vegilər Nazirliyinin büdcə öhdəliyi isə 500 mln. manatdan çox azaldılır. Səbəb odur ki, əvvəlki illərdə sahibkarlardan artıq həcmdə avans ödənişləri alıblar və onların əvəzləşdirilməsi ehtiyacı yaranıb. Bu artıq etirafdır ki, neçə illərdi sahibkarları “avans ödənişləri” altında artıq vergi yükü altında boğan bir vergi sistemi çalışıb.