Araz Gündüz
İbadulla hansı cinayətin qurbanı oldu?
Ötən yüzilin 90-cı illərində bəlli oldu ki, son iyirmi ildə dövlət planını artıqlaması ilə ödəmək üçün torpağın neftli layları elə vəhşicəsinə istismar edilib ki, oradakı neftin 80-90 faizi həmişəlik itirilib. Elə o illərdə Sovet İttifaqının başqa heç biri yerində istehsalına icazə verilməyən kimyəvi məmulatları Sumqayıt zavodlarında istehsal edirdilər. Məhsuldarlığı artırmaq üçün pambıq, üzüm sahələrini yolverilməz ölçülərdə gübrələyir və ziyanvericilərə qarşı dərmanlayırdılar. Kiçik bir misal, 1972-ci ildə kənddəki evimizdə oniki arı ailəsi (bizdə arı kəndisi deyirlər) vardı, 1975-ci ildə onlardan biri də qalmamışdı, bir-ikisi köçüb getmiş, qalanları qırılmışdı. Keçici qırmızı bayraq, orden-medal və sözsüz bunların arxasında gizlədilən var-dövlət yığmaq hərisliyi gözlərini elə örtmüşdü ki, xalqın genefondunu zədələməkləri də veclərinə deyildi. Bu da bunlara azlıq edirdi, ağlagəlməz şişirtmələrlə (perepiskalarla) istehsal olunan məhsulun həcmini artırır, bunun sayəsində ayrılan mükafatı basıb yeyirdilər. Doğulub-böyüdüyüm Cəlilabadı üzümçülük rayonu eləmişdilər, hər bir kolxoz-sovxozda üzümün ilkin emalı zavodu açılmışdı, bu o demək idi ki, yığılan üzümü şərab düzəltmək üçün xammal halına salır, sonra Rusiyanın zavodlarına hazır məhsul istehsalı üçün göndərirdilər, nəticədə Azərbaycanın büdcəsi qəpik-quruş, İttifaq büdcəsi milyonlar qazanırdı. Hər bir belə zavodun ya çay və ya göl qırağında tikir, bu da olmasa yanında hökmən bir artezian quyusu qazırdılar və məhsulun həcmini artırmaq üçün çaxır çənlərinə qənd tozu töküb, üstündən su vururdular: şərab emalı mövsümündə qənd və qənd tozu defisit olurdu. Bu da yetmirdi, Rusiyanın şərab zavodları ilə gizli razılaşmaya girir, külli miqdarda pul verilib təhvil verdikləri məhsulun həcmini olduğundan artıq yazdırırdılar. Cəlilabadlılar rayonun ən böyük “Ruhulla Axundov” sovxozunun direktoru İbadulla Nehmətovu yaxşı xatırlayırlar. Hakimiyyətin təhriki ilə bu adam hər il Rusiyanın razılaşdığı bir şərab zavoduna qatarla içində şərab olduğu yazılan boş sisternlər göndərirdi və pulla böyük həcmdə məhsul təhvil verdiyi haqda sənəd alırdı. Günlərin birində, bu adam ilişdi və həbs edildi. Görünür bunu inandırmışdılar ki, tutulsa da, bunu qurtaracaqlar. Ancaq adam görəndə ki, işləri dolaşığa düşüb, rayon partiya komitəsinin birinci katibinə belə bir xəbər göndərmişdi: məni bu cinayətə sən vadar etmisən, tapşırığın isə Heydər Əliyevin olduğunu demisən, mən bunların bəzisini diktafona yazmışam. İndi ya məni buradan qurtarın, ya da siz iki nəfər məhkəmənin müttəhimlər kürsüsündə mənim sağımda və solumda oturacaqsınız. Bu sifarişi göndərndən 10-12 gün sonra İbadullanın ailəsinə onun ürək tumasından öldüyü xəbəri gəldi.
Yəni bu kimi cinayətlərin sayı-hesabı yox idi.
Yeri gəlmişkən, insanların kimyəvi vasitələrlə kütləvi zəhərlənməsi ilə bağlı o vaxt Vəzirov aparatının sifarişi ilə Seyran Səxavət “Qızıl teşt” adında bir pyes də yazmışdı, bu pyesi bütün rayonlarda göstərir, əliyevçiliyin antixalq siyasətini ifşa edirdilər. ancaq burada yazılanlar həqiqət olsa da, bu siyasi çəkişmələrdəki üstün gələn tərəfin sifarişi ilə yazılmış adi bir pyes idi.
Bu xalqa qarşı son qırx ildə törədilən cinayətlərin tarixi bitib-tükənməyən bir silsilədir. Belə getsə, gələcəyə bizdən bir nişanə qalmayacaq, qalan ancaq belə cinayətlərlə dolu bir tarix olacaqdır.