Milli Şura sәdri Cәmil Hәsәnli mәrhum prezident, Milli Azadlıq Hәrәkatının lideri Әbülfәz Elçibәy haqqında, onun 80 illiyi ilә әlaqәdar maraqlı silsilә yazılara başlayıb. C.Hәsәnlinin feysbuk sәhifәaindәn paylaşdığı yazılardan 4-cünü tәqdim edirik:
İlkin baxışdan sonra Əbülfəz bəyin prosesi may ayının 11-də Ali məhkəmənin binasında başladı və bir həftə davam etdi. Tələbələrin və Əbülfəz bəyin dostlarının Ali məhkəmənin qarşısına toplanması ciddi narahatçılıq yaratmışdı. Məhkəmə açıq olduğu üçün çoxlu sayda adamlar məhkəmə zalına girmək istəyirdi. Binanın qarşısına toplaşanlar tələb etdilər ki, proses geniş zalda keçirilsin. Ali Məhkəmənin və ətraf binaların divarlarına bəzi vərəqələrin, çağırışların yapışdırılması DTK-nı bərk əsəbləşdirmişdi.
Ali məhkəmənin sədri Abdulla İbrahimov ədalətli, vicdanlı, qanuna hörmətlə yanaşan və xalq adamı olduğu üçün tələbələrin bu istəklərinin əleyhinə olmadı. Ali məhkəmənin bir neçə işçisi binanın qarşısına çıxıb öndə dayanan şəxslərin bəziləri ilə binaya daxil oldular. Məhkəmə zallarını tələbələrin nümayəndələrinə göstərəndə, “xalq təmsilçiləri” hamısının kiçik, açıq proses üçün yararsız olduğunu demişdilər. Onda onları binanın ikinci mərtəbəsində, Ali məhkəmənin geniş iclas zalını göstərmişdilər və prosesin orada keçirilməsi məqsədəuyğun hesab edilmişdi. Hələ heç vaxt həmin zalda məhkəmə prosesi keçirilməmişdi və bir qayda olaraq Ali Məhkəmə illik müşavirələrini, plenumlarını, bir sıra rəsimi tədbirlərini həmin zalda keçiridi. Doğrusu Əbülfəz bəyin siyasi xarakter daşıyan prosesinin nə üçün orada keçirilməsinə razılıq verilməsi bir qədər qəribə idi. Bəlkə də, insanların gözün qorxutmaq üçün bu bir nümayiş idi.
Beləliklə mayın 11-də Əbülfəz bəyin prosesi Ali Məhkəmənin ikinci mərtəbəsində yerləşən geniş, qırmızı kreslolu iclas salonunda başladı. Ali məhkəmənin qarşısına çoxlu gənclər toplandığından mülki geyimdə olan DTK əməkdaşları binanın ətrafında əsəbi formada vurnuxurdular. Onlar universitet rəhbərliyindən tələbələri auditoryalara aparmağı tələb etsələr də, fakültə dekanın professor Məmməd Əmin Qazıyevin, dekan müavini Şamil Məmmədbəylinin, kafedra müdiri professor Məmməd Əfəndiyevin və başqalarının səyləri bir nəticə vermədi. Hamı məhkəmə zalına girmək istəyirdi. Xöşbəxtlikdən mən həmin gün prosesə girə bildim və sonra daha bir neçə iclasda iştirak etdim. Uşaqların çoxu bayırda qaldı. Tarix fakültəsindən bəzi müəllimlər, Əbülfəz bəyin bəzi dostları və professor Abbas Zamanov da zalda idi. O, səliqəli geyimdə – qara kostyum və qalstukda, üzü tər-təmiş taraş olunmuş formada zala gətiriləndə həyəcanlı anlar yaşandı. Bir az sınıxmışdı, amma sifətindəki təbəssümlə bunu hiss etdirməməyə çalışırdı.
Məhkəmə prosesi başlananandan sonra dövlət ittihamçısı səhv etmirəmsə İmanov familiyalı prokurorluq işçisi ittihamı elan etdi, orada göstərilirdi ki, Əbülfəz Əliyev 1970-1974-cü illərdə tələbələr və müəllimlər arasında sovet sosialist həyatını və sovet dövlətini ləkələyən təbliğat aparmış, Sovet dövlətinə və kommunist partiyasına böhtan atmış, sosializm quruluşu haqqında yalan və uydurma məlumatlar yaymışdır. O, Sovet İttifaqının müstəmləkəçi dövlət olduğunu və Azərbaycanın hazırda da Rusiyanın müstəmləkəsi olduğunu iddi etmiş, Azərbaycanın yalnız Rusiyanın sosial-siyasi sistemindən qurtarmasından sonra müstəqil olacağını bildirmişdir. Sonra İmanov bildirdi ki, Əbülfəz Əliyev belə yalan və uydurmalar yayaraq Sovet Azərbaycanının SSRİ-dən ayırmağa, guya azad və müstəqil Azərbaycan dövləti qurmağa və bütün türk xalqlarının daxil olacağı “Turan” dövləti qurmağa çağırmışdır. Bir sıra şahid ifadələrinə istinadən Əbülfəz bəyin antisovet söhbətlərindən nümunələr gətirildi ittiham aktında.
Əbülfəz bəy ona qarşı irəli sürülmüş ittihamların çoxunu qəbul etdi. İctimaiyyətin nümayəndəsi kimi məhkəmədə iştirak edən ADU-nun pariya təşkilatının katibi professor Aslan Aslanov məsələləri yumuşaltmaq üçün dedi ki, Əbülfəz müəllim, yəqin ki, sən bu əməllərin cinayət olduğunu bilməmisən və ona görə bu səhv əməlləri etmisən. Əbülfəz bəy dedi ki, Aslan müəllim, mən bunların cinayət olduğunu bilirdim, bəlkə də bəziləri səhv olub, amma mən bunları etmişəm. Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci və 188.1-ci maddələri əsasında elan edilən bu ittihamlar 3 ilə qədər cəzanı özündə ehtiva edirdi. Vəkil məsələsi müzakirə edildikdə Əbülfəz bəy özü-özünü müdafiə gücündə olduğunu və təyin edilmiş vəkildən imtina etdiyini bildirdi. Lakin bu prosesin tələbi olduğu üçün səhv etmirəmsə formal olaraq vəkil təyin edildi. İstintaq işi DTK-da aparıldığından məsələlər sərt qoyulmuşdu. Çoxlu şahid dindirilmişdi və onlardan haradasa 30 nəfərdən çoxu məhkəməyə dəvət edilmişdi.
Əbülfəz bəyin məhkəmədə özünü cəsarətli və saymazyana aparması şahidlərin çoxun cəsarətləndirmişdi. Onların xeyli hissəsi DTK-da alınmış ilkin ifadələrindən imtina etdi. Prosesin ikinci günü Əbülfəz müəllimin anası məhkəməyə gəlmişdi. O, hakimdən xahiş etdi ki, anasını zaldan çıxarsınlar və əgər bunu etməsələr o, ifadə verməyəcək. Onun bu hərəkəti hər kəsi heyrətləndirdi. Sonra ifadələr başlandı. Bir yuxarı kurs tələbəsi ifadəsindən imtina edəndə ondan bunun səbəbini soruşdular. Dedi ki, toyu olmalı idi. Onun DTK-dan buraxmaq istəmirdilər. Ona görə təzyiq altında ifadə verib. Və əlavə etdi ki, inanmırsınız, çağırın müsəntiq Rəsulovdan soruşun. Hakim deyəndə ki, Rəsulov burada yoxdur. Onda o, dedi ki, hesab edin mən də yoxam, Rəsulov gələndə mən də gələrəm. Rus bölməsinin tələbəsi olan başqa birisi ifadəsini Azərbaycan dilində verərkən hərəkətləri hiddətə səbəb oldu. O, məhkəmədən xahiş etdi ki, rus dilində danışmaq istəyir. Onda fəlsəfə müəllimi Qənbər müəllim replika verdi ki, möhtərəm hakim o, heç rus dilini də yaxşı bilmir. Hakim ona xəbərdarlıq etdi. Məhkəmədə Əbülfəz bəy Azərbaycan xalqının bölünməsi, onun birləşməsinin zəruriliyi, sosializmin neqativ tərəfləri, rus qızlarının istehsalat ehtiyacı adı altında Azərbaycana gətirilməsi və bunun assimliyasiya doğurması, ən başlıcası isə sosialist iqtisadi modelinin istismarçı təbiəti haqqında bəzi fikirlərini yenidən təkrar etdi. Onun bu çıxışları tələbələrin yaddaşında dərin iz buraxdı.
Yeri gəlmişkən tələbələri Ali Məhkəmənin ətrafından yığa bilmədikləri üçün proses gedən günlərdə Mərkəzi Komitənin, prokurorluq, DTK, DİN və Oktyabr rayon partiya komitəsinin birinci katibinin iştirakı Universitetdə iki günlük müşavirə keçirildi. Tədbirdə rektor Faiq Bağırzadə və digər rəhbər şəxslər çıxış etdilər. Əbülfəz bəy ittihamları etiraf etdiyi üçün onun əleyhinə xeyli çıxışlar oldu. Faiq Bağırzadəyə qohumluğu çatan “SSRİ tarixi” kafedrasının müdiri professor Aslan Atakişiyev bildirdi ki, mən Əbülfəz müəllimə kömək etmək, onu bu səhv yoldan döndərmək istədim. Lakin o, özü-özünü quyunun dibinə saldı. Həbsdən öncə Aslan müəllim təklif etmişdi Əbülfəz bəy Sovet siyasətini tərifləyən və Türkiyəni pisləyən bir yazı yazsın, qalan işləri o, yoluna qoyacaq. Lakin Əbülfəz bəy bundan imtina etmişdi. Müşavirədə tələbələr arasında kommunist tərbiyəsi işinin, marksizm-leninizm təliminin təbliğinin yarıtmaz olduğu kəskin tənqid edildi. Respublikanın ittifaqda millətçi kimi tanınmasının yolverilməz olduğu bildirildi və rektorluğa vintləri bərkitmək tövsiyə edildi.
Nəhayət, bir həftə sürən məhkəmə araş dırmasından sonra Əbülfəz bəyə bir il altı ay azadlıqdan məhrum etmə haqqında hökm oxudular. Onun ali məktəblərdə dərs demək, tələbə auditoriyalarına girmək hüququ əlindən alındı. Məhkəmə bu 18 aylıq cəzanı Əbülfəz bəyin həbs olunduğu gündən hesabladığı üçün cəzanın artıq 5 ayı keçmişdi. Qalan müddəti isə o, Qaradağ daş karxanasının yaxınlığındakı cəzaçəkmə müəssisəsində çəkməli oldu.
Ardı var