Birləşmiş Ştatlar BMT-nin insan haqları şurasına üzvlükdən imtina edib.
ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Nikki Haley iyunun 19-da Dövlət Departamentində çıxış edərkən şuranı, avtoritar hakimiyyətlərin insan haqlarını ciddi şəkildə pozmasına göz yummaqda və müntəzəm olaraq İsraili tənqid etməkdə pisləyib.
“Bu addımı ona görə atırıq ki, bizim öhtəliyimiz ikiüzlü və özünə xidmət göstərən bir təşkilatda qalmamıza imkan vermir”.
Nikki Haley deyib ki, şura müntəzəm olaraq İsrail əleyhinə tədbirlər qəbul etməyə can atır.
ABŞ rəsmiləri çoxdandır şikayətlənirlər ki, şura digər ölkələrdə insan haqları pozuntularına məhəl qoymur və həddən artıq İsrailin üzərində dayanır.
Nikki Haley qeyd edib ki, Vaşinqton çoxdandır bu orqanda islahatlar aparılmasına çalışır, amma bu səylər nəticə vermir. O qeyd edib ki, Kuba, Rusiya, Çin, Misir və Venesuela Şurada islahatları əngəlləyirlər .
BMT-nin insan haqları şurası 2006-cı ildə, keçmiş ABŞ prezidenti Corc Buşun dövründə yaradılanda Vaşinqton ona qoşulmaqdan imtina edirdi. Amma ondan sonra gələn prezident Barak Obama 2009-cu ildə bu quruma qoşulmaq qərarına gəldi (azadliq.org)