Keçən gün mağazada rastlaşdığım bir hadisəni sizinlə paylaşmaq istəyirəm, Yanında iki qızı olan bir ana mağazadakı bir kişiyə (normal, hətta ziyalı görüntüsü vardı) yaxınlaşıb ona nəsə dedi, kişi etiraz edib hələ üstəlik qadını borclu çıxarmağa başladı. Mən də qızlarımla bərabərdim və qadına yaxınlaşdım. Nə olduğunu soruşdum. Qadın yanğı ilə bir az əvvəl təpki göstərdiyi kişinin yanındakı qızlardan kiçiyinə taciz etdiyini dedi. Mən onu sakitləşdirib “istərsəniz o yaramazın arxasıca gedib şikayət edək” dedim, razılaşmadı. Ətrafa baxdım. Mağazada çox sayda qadın vardı, amma kimsə dillənmədi. Mən onlara” niyə bayaqdan reaksiya vermirsiniz, susursunuz, axı bu sabah da sizin başınıza gələcək” dedim.
Amma kimsədən yenə səs çıxmadı.
***
Əzizlərim, biz, bu ölkənin qadınları artıq bir şeyi anlamalıyıq. Biz “dur” demədikcə heç nə durmayacaq. Biz “qalx” deməyincə kimsə də qalxmayacaq.
Ölkədə gündəm tamamən boş şeylərlə zəbt edildiyi bir vaxtda metroda bir qız şortik geyindiyinə gərə linc edilir. Ardından xəbər yayılır ki, pambıq sahəsidə gənc qızlar, qadınlar zəhərlənib. Daha sonra bəlli olur ki, 7-ci sinif şagirdi təcavüzə məruz qalıb.
Bacara bildiyim qədər bu hadisələr haqqında yazılanları diqqətdə saxlayıram. Hətta özünə demokrat deyənlərdən bəzilərinin “o qızın tez yetişmə dönəmi imiş” deyib bu hadisəyə haqq qazandırmasından tutmuş, qadınların “abırlı geyinəydi, başına da bu iş gəlməzdi” yə qədər absurd rəyləri, yazılarını oxudum.
Nə baş verir soruşmuram. Bu ölkədə çoxdandır nə baş verdiyi bəlli…
Amma gəlin məsələyə bir az geniş baxaq.
Birinci, şortik geyinən qızın “soyunmasına” etiraz edən “abırlı” qadınların görəsən bu ölkəni talayıb “soyunduran”lara, hakimiyyətdəkilərə niyə heç bir reaksiyası yoxdur?! Allah eşqinə, bir məmur balası hətta çılpaq küçəyə çıxarsa, ona bir söz deməyə cəsarətiniz çatarmı? Gücünüz elə metrodakı zəif hesab etdiyiniz qızamı çatır?!
İkinci, gənclərimizə, xüsusən də qızlarımıza sözüm odur ki, lütfən qiyafənizi müasirləşdirməklə qalmayın, düşüncəniz, zehniyyətinizi də inkişaf etdirin. Təkçə geyim sərbəstliyinə və ya zahiri müasirliyə can atmayın, düşüncənizi, iradənizi də sərbəstləşdirib azadlığınızın hüdudlarını genişləndirin.
***
Başqa bir məsələ…
Azərbaycanda kişilərə qadınların tanıdığı geniş azadlıqlar, “o kişidir, ona olar” yanaşması əslində, Azərbaycanda ailə institutunun, iki çins arasında dərinləşən ucurumun əsas səbəblərindən biridir. Qadınlar bu haqları onlara tanımaqla əslində, öz hüzuruna balta çalmaqla, qüruru və ləyaqətini iki paralıq edəcək kişiləri bəsləməklə, onlara eqo yükləməklə məşğuldur. Öz qatilini bəslərmişcəsinə bunu min illərdir edən Azərbaycan qadını nəhayət bir şeyi anlamalıdır ki, onun qarşı çinsə verdiyi hədsiz haqq və azadlıqlar, “ona olar” yanaşması nəhayətində onun özünə xəyanət, dəyər verməmək şəklində qayıdır.
Digər bir sual…
Ərəblərin gəlişindən tutmuş, türklərin dul qadınla evlənməsinə qədər “geniş anlamlı” müzakirələrdə özünə üstünlük verib daha namuslu və inkişaf etmiş olması ilə öyünən azərbaycanlı kişilər mahiyyətdə və qadına münasibətdə ərəblərdən çoxmu fərqlidir?
Anlayıram, sual qüsurludur, çünki istisnalar, hər zaman var. Və ərəblər və ya azərbaycanlılar deyimi də doğru deyil,çünki dəyərləndirmələr irqə və ya dinə, milli mənsubiyyətə görə olmamalıdır. Bu bəsit olur. Sadəcə, ortada olan müzakirələrə görə qüsurlu da olsa bu müqayisəni aparmaq məcburiyyətində qaldım.
Və nəhayət…
“Buranı Suriyaya döndərmə”məkdən ötürü susanlar, elə susa-susa bu ölkəni Suriyaya çevirmisiniz. İŞİD deyib dad çəkirdinizsə, boş yerə özünüzü təmizə çıxarmayın. İŞİD meydana çıxandan 7 minə yaxın qadın təcavüzə uğrayıb. Siz burda İŞİD-ə lənət oxuya-oxuya 7- ci sinif şagirdinə təcavüz edənə haqq verməyə çalışırsınız.
Kimsə danmasın, Bakının küçələrində qadınların rahat gəzməsi hardasa mümkünsüzdür. Hər gün qızların,qadınların tacizə məruz qalması adi hal alıb. Və bunlar bizi sakit-sakit, necə deyərlər Suriyaya “çevirməkdədir”.
Bütün bu həqiqətləri gizlədərək, eqo partlaması yaşayıb “bizdən yox idi, vay, namus əldə getdi” deyib ona- buna hücum etməkdənsə özümüzü sorğulayaq. Ağbircək, ağsaqqal deyib özünü dünyanın üstünə çıxaranlar, sizin açbircəkliyiniz, ağsaqqallığınızın nəticəsidir ki, bu ölkədə hələ də normal düşüncə formalaşmayıb. Məhz elə bu zehniyyətin nəticəsidir ki, ölkə hələ də Orta əsrlərin qaydaları ilə idarə olunur. Niyə, çünki mənim o ağsaqqalıma, ağbirçəyimə görə qazanın yanında oturan qarasına bulaşmalıymış.
Elə bu zehniyyətin nəticəsidir ki, bu gün gənclik köksüz ağac kimi havadan asılı vəziyyətdə qalıb, özünü, kimliyini tapa bilmədiyindən tarazlığı pozulub. Sorğulamır, azadlıq istəyir, amma azadlığının sərhədlərini və necəliyini müəyyən edə bilmir.
İradəsinin, haqqının, hüququnun deyil, sadəcə zahirinin azadlığına can atıb bununla öz üsyankarlığını tətmin etməyə çalışır.
Və beləcə, biz bu gün, iyirminci yüz ildə hələ də şortiklə gündəm yaradırıq.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb