Milli Şura sәdri Cәmil Hәsәnli mәrhum prezident, Milli Azadlıq Hәrәkatının lideri Әbülfәz Elçibәy haqqında, onun 80 illiyi ilә әlaqәdar maraqlı silsilә yazılara başlayıb. C.Hәsәnlinin feysbuk sәhifәaindәn paylaşdığı yazılardan 5-cini tәqdim edirik:
Əbülfəz bəyin həbsi gənclər arasında böyük məyusluq yaratdı. Tələblər, xüsusi ilə tələbə qızlar bu hadisəni çox ağır keçiridilər. Oğlanlar öz qəhərlərini boğmağa çalışsalar da, qızlar bəzən hönkürtü ilə ağlayırdılar. 1975-ci ilin iyununda Əbülfəz bəyi Qaradağ cəza müəssisəsinə apardılar, biz isə universiteti bitirib təyinat yerinə getdik. Sanki ümidlər puç olmuşdu. Universiteti bitirdikdən sonra hamı pərən-pərən düşdü. Mən 1977-ci ildə sənədlərimi aspiranturaya verəndə artıq Əbülfəz bəy cəzasını başa vurub Bakıya qayıtmışdı. Ona universitetdə işləməyə icazə verilməmişdi. Əlyazmalar institutunda (yaxşı xatırlamıram, institut idi, ya bölmə) işlə təmin edilmişdi. Akademiyanın birinci mərtəbəsində əsas qapının girişinin sol tərəfindəki ikinci otaqda otururdu. Onunla həbs sonrası ilk görüşümüz orada oldu. Keçmiş günləri xatırladıq, mənim işlərimlə maraqlandı. Mən həmin il aspiranturaya daxil oldum və ondan sonra Əbülfəz bəylə ara-sıra, bəzən isə təsadüfən görüşürdük. Hələ tarix fakültəsi aşağı binada yerləşdiyindən “goburnat” bağının içindəki çayxana tez-tez görüşdüyümüz yerlərdən birinə çevrilmişdi. Həmin vaxt orada gənc və orta yaşlı yazarların, sənət adamlarının, elmi intellektual dairələrin çox maraqlı bir mühiti var idi.
Əbülfəz bəyin fəaliyyətində növbəti mərhələ 80-ci illərin sonlarında başladı. Qorbaçov islahatlarının gedişində aşkarlıq və yenidənqurma siyasəti ermənilərin Azərbaycana torpaq iddiası və Dağlıq Qarabağ erməniləri arasında separatizm hərəkətlərinin güclənməsi ilə nəticələndi. Azərbaycanın kommunist rəhbərliyinin hadisələrin yedəyində getməsi respublikanın ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdı. Məhz tarixin həmin məqamında Azərbaycanda xalq hərəkatı geniş vüsət aldı və Əbülfəz bəy dramatik hadisələrin səhnəsinə çıxmağa başladı. 1989-cu ilin iyulun 17-də getdikcə yüksələn xalq hərəkatının təsiri altında hakimiyyət Xalq Cəbhəsini qeydə almalı idi. Əbülfəz bəy Xalq Cəbhəsinin sədri seçilmişdi və ictimai-siyasi proseslərin ağırlıq yükü hakimiyyət orqanlarından tədricən Xalq Cəbhəsinin üzərinə keçdi. 1989-cu ildə öz mübarizə əzminə görə Azərbaycan xalqı dünyanın ən nüfuzlu strateji mərkəzləri tərəfindən ilin xalqı elan edildi. Bu möhtəşəm mübarizənin şəksiz və şəriksiz lideri Əbülfəz Elçibəy idi. Mən həmin vaxt Xalq Cəbhəsinin universitet təşkilatında təmsil edilmişdim. Həmin günlər Əbülfəz bəy haqqında universitetdə əfsanələr dolanırdı. İndi hər kəs tarix fakültəsinin bir zamanlar antisovet fəaliyyətinə görə həbs edilmiş müəllimi ilə qürur duyurdu. Lakin hələ ki, universitetdə həyatın hər üzünü görmüş müəllimlərin xeyli hissəsi bütün baş verənlərdən ehtiyat edir və bunları xalqın loyallığını yoxlamaq üçün DTK-nın hazırladığı xüsusi əməliyyat hesab edirdi. Xüsusi ilə kükrəyib daşan “Azadlıq” meydanının üzərindən vertolyotların uçuşunu guya meydana gələn adamları çəkməsi və sonra haqq-hesab üçün istifadə ediləcəyi fikrində olanlar da var idi. Lakin Əbülfəz Elçibəy kimi xalq sevgisi sınaqdan keçmiş, antisovet fəaliyyətinə görə DTK ilə üz-üzə gəlmiş bir şəxsin hərəkatın başında dayanması çoxları üçün milli və mənəvi bir təminat idi. Universitet müəllimləri və universitet tələbələrinin xalq hərəkatında fəal olmasının bir səbəbi də Əbülfəz bəylə bağlı idi. Meydanlarda ön mövqelərə çıxanların bir çoxu keçmiş universitet məzunları və Əbülfəz bəyin yetirmələri idi. “Azadlıq” meydanına insan selinin axmasının çox səbəbləri var idi, lakin həmin axında Əbülfəz bəyin işıqlı şəxsiyyətinə olan inam da az rol oynamırdı. Həmin vaxt DTK-nın Əbülfəz bəy haqqında hazırlayıb Moskvaya göndərdiyi gizli arayışda onun keçmiş antisovet fəaliyyəti, millətçi olması, Türkiyəyə vurğunluğu mənfi keyfiyyətlər kimi qiymətləndirilirdi. Onun bu keyfiyyətlərinin Ankaranın xüsusi xidmət orqanlarının diqqətini cəlb etməsi vurğulanır, meydanların dolub daşması daha çox Heydər Əliyevə bağlı olan Naxçıvan və Ermənistan klanının fəliyyəti ilə əlaqələndirilirdi. Əlbəttə, bu subyektiv bir qiymətləndirmə idi və Əbülfəz bəy region təmsilçisi kimi deyil, xalq lideri kimi tarix səhnəsinə çıxmışdı.
Universitetdə yalnız tələbələr deyil, xeyli müəllim də Xalq Cəbhəsinə üzv yazılmışdı. Yataqxanaların yuxarısında Elmlər Akademiyasının ailəvi yaşayış yerinin həyətindəki bir zalda dekabr ayının 24-də AXC-nin Universitet təşkilatının konfransı keçiriləndə kimsə yeni çap olunmuş “Azadlıq” qəzetinin ilk nömrəsini zala gətirdi. Hər kəs qəzetin birinci nömrəsinə heyrətlə baxırdı. Birinci səhifədə meydandan geniş bir panarama və Tofiq Fikrətin “Millət şərqisi” şeri verilmişdi. Şerin bu misraları Əbülfəz bəyin həyat amalını və millət sevgisini özündə əks etdirdi:
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Qəzetin birinci nömrəsini Nəcəf bəy (yeri gəlmişkən iyunun 24-də həm də Nəcəf Nəcəfovun doğum günüdür) Əbülfəz bəyə təqdim edəndə, bəy ona həmin vaxtlar üçün çətin tapılan diktafon hədiyyə etmişdi.
“Azadlıq”ın ilk nömrəsinin nəşrindən 2-3 gün sonra respublikanın bir sıra rayonlarında (Cəlilabadda, Lənkəranda) Sovet hakimiyyəti devrildi, Naxçıvanda İranla dövlət sərhədləri söküldü. 1990-cı ilin yeni il bayramı günlərində Moskvadan Mərkəzi Komitə katibliyinin qərarı ilə MK katibi A. Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R. Nişanov, DTKdan V Pirojkov, , Daxili İşlər Nazirliyindən S. Lisauskas, Müdafiə nazirliyindən A. Kleymenov, SSRİ prokurorluğundan İ, Abramov yerli partiya, sovet və hökumət orqanlarına “kömək” etmək üçün Bakıya gəldilər. Az sonra, yanvarın 14-də geniş bir ekspert qrupu ilə SSRİ Ali Soveti İttifaq Sovetinin sədri, Sov. İKP MK Siyasi Bürosunun üzvü Yevgeni Primakov da Bakıya gəldi. Bir gün sonra Əbülfəz Elçibəylə görüşdü Primakov soruşdu ki, “məqsədləriniz nədir, nə istəyirsiniz?” Əbülfəz bəy bildirdi ki, artıq elan olunmuş Ali Sovet seçkilərin demokratik keçirilməsini təmin etmək və bu seçkilərdə qələbə qazanmaq. Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa, SSRİ-dən çıxmağa bir addım qalır…”
Ardı var