Tanınmış hüquqşünas Aslan İsmayılov 3 il həbs cəzası təhlükəsiylə üzləşib. Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri hüquqşünasın bu cür cəzalandırılmasını istəyib. Hafiz Hacıyev bununla da kifayətlənmir. Aslan İsmayılovdan 100 min manat təzminat, üstəlik də üzr tələb edir.
Qeyd edək ki, Hafiz Hacıyev Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə məhkəməyə müraciət edib. İddiaya Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılır.
Məhkəmə qalmaqalına səbəb isə Aslan İsmayılovun şəxsi “facebook” səhifəsində Hafiz Hacıyev haqqında yazdığı statuslardır. Hafiz Hacıyev Aslan İsmayılovun onu “canlı” adlandırmasını özünə təhqir sayır.
Aslan İsmayılov bugünkü məhkəmə prosesində bildirib ki. o, Hafiz Hacıyev haqqında xalqın səsləndirdiyi ifadələrin heç bir faizini yazmayıb.
Son sözündə heç bir cəzadan çəkinmədiyini söyləyən Aslan İsmayılov qarşı tərəfin üzr tələbinə isə belə cavab verib: “30 il də keçsə, mən o canlıdan üzr istəyən deyiləm”.
İyunun 29-da məhkəmənin bu iş üzrə hökmü elan olunacaq.
Azadliq.info