Qarabağ döyüşlərinin bir sıra döyüşləŕini kamera yaddaşına köçürən operator Seyidağa Mövsümov dünən dünyasını dəyişib.
Tanınmış teleoperator bu gün Buzovna qəbirstanlığında, anasının yanında torpağa tapşırılıb.
Mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, döyüş yoldaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.
Dəfndən sonra qazinin məzarı başında vida mərasimi keçirilib.
Xatırladaq ki, S. Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.
S. Mövsümlü Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun – Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.