Milli Şura “işıq böhranı” və icra başçısının güllələnməsi ilə bağlı bəyanat verdi
Son günlər ölkədə baş verən ekstremal hadisələrlə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir:
Ölkə faktiki olaraq, dərin böhran ərəfəsindədir. Birdən-birə bütün ölkədə elektrik enerjisinin kəsilməsi, həyatn iflic olması vətəndaşları ciddi şəkildə narahat etməkdədir.
Milli Şura bəyan edir ki, baş verənlər uzun illər ərzində davam edən şiddətli korrupsiyanın nəticəsidir. Bu böhranı hakimiyyətin bacarıqsızlığı və dövlət ənənələrini məqsədli şəkildə gözardı etməsi yaradıb. Baş verənlər bir daha sübut edir ki, Azərbaycan dövlətinin təhlükəsizlik prioritetləri arxa plana atılıb və nəticədə ölkə ötəri bir anlaşılmazlıq üzündən xaosa yuvarlanmaq həddindədir.
İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində dövlətin gəlirləri və büdcə vəsaitləri ayrı-ayrı məmur-oliqarxların şəxsi mənafeləri üçün dağıdılıb ki, bu da həm dövlətin, həm də vətəndaşların mənafelərini ciddi təhlükə altına atıb.
İki günlük “işıq böhranı” üzə çıxardı ki, dövlət strukturları normal fəaliyyət qabiliyyətini itirib, hakimiyyət komandası siyasi əsaslardan və vahid, işgüzar, proqnozlaşdırılmış fəaliyyət imkanlarından məhrumdur.
Ölkənin ikinci paytaxtı sayılan Gəncə şəhərində İcra Hakimiyyəti başçısının güllələnməsi isə indiki hakimiyyətin cəmiyyəti necə kəskin qarşıdurma səviyyəsinə gətirdiyinə işarədir. İlham Əliyev iqtidarının “simvollaşdırdığı” bir icra başçısının güllələnməsinə ictimai reaksiya da bu qarşıdurmanın təzahürlərindən biri sayıla bilər. Həm bu hadisəyə, həm də “işıq böhranına” ictimai münasibətin ifadəsi Azərbaycan hakimiyyəti ilə xalqı arasında dərin uçurumun olduğunu bir daha göstərdi.
Son baş verənlər Azərbaycan xalqının dövlət hakimiyyət orqanlarını öz vəzifələrini yerinə yetirməyə məcbur edə bilmək üçün kütləvi şəkildə təşkilatlanaraq, gücə çevrilməli olduğunu yenidən aktuallaşdırır və Milli Şura ölkə vətəndaşlarını məhz buna çağırır.
Bu hadisələrlə ölkənin təhlükəsizlik problemlərinin nə qədər həssas olduğu üzərində düşünməyə vadar edir. Korrupsiyanın aşındırdığı hakimiyyət böhranın qarşısını almaq, millətin və dövlətin təhlükəsizliyini təmin etmək baxımından zəif faktora çevrilib, buna görə də cəmiyyətin təşkilatlanması, bu təşkilatlanmanın dövlətin və vətəndaşların təhlükəsizliyinin mühüm faktoru kimi önə çıxması olduqca mühümdür. Azərbaycan xalqı öz taleyinə sahib çıxmaq əzmini bərpa etməlidir!