İyulun 10-da, saat 20 radələrində Gəncə şəhərində ölümlə nəticələnən müəmmalı qarşıdurma yaranıb. Artıq bir neçə gün idi, iyulun 10, saat 20 üçün Gəncədə şəhərin icra başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərovun müdafiəsi məqsədilə mitinq keçiriləcəyi haqda məlumatlar yayılırdı. Lakin mitinqi kimlərin təşkil etdiyi açıqlanmırdı, üstəlik mitinqə çağırışlar daha çox anonim mənbələrdən yayılırdı.
Nəhayət, elan edilən vaxtda Gəncənin mərkəzində qısa müddətli gərginlik yaşanıb və bu zaman 2 polis zabiti bıçaqlanaraq öldürülüb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölənlər Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və şənhərin Nizami rayonu Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.
Rəsmi məlumatda deyilir ki, polis zabitləri Gəncədəki bir qrup “radikal ünsürün kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində” ölüblər.
Həlak olan polis zabitlərindən biri İlqar Balakişiyev
Nazirlik Gəncə hadisələri haqda deyir ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Məlumata görə, polisin xəbərdarlığına məhəl qoymayan “qanunazidd hərəkətlərin iştirakçıları” özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
40 nəfərin tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirildiyi, qalanlarının qaçaraq ərazini tərk etdiyi qeyd olunur.
Təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayişin tam bərpa edildiyi deyilir.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.
Azərbaycanın rəsmi təbliğatı Gəncə hadisələrinin (həm icra başçısı Elmar Vəliyevin güllələnməsi, həm də iyulun 10-da baş verənlər) arxasında ölkədə “şəriət dövləti qurmaq istəyən radikal dini qüvvələrin” durduğunu iddia edir. Bir sıra təhlilçilər isə iyulun 10-da yaşananların təxribat olduğunu və bu təxribatın Azərbaycana qarşı olan xarici qüvvələrdən də, hakimiyyət daxilindən də qaynaqlana biləcəyini deyirlər.
Bütün hallarda polis əməkdaşlarını öldürmək hər hansı məsələ ilə bağlı etirazını bildirmək üçün meydana çıxan dinc sakinlərin işi ola bilməz. Xüsusən də əvvəlcədən bəlli olan bir aksiya, həm də 150-200 nəfərlik kiçik qrupun aksiyası qarşısına polisin bu qədər hazırlıqsız çıxması, yüksək rütbəli polis zabitlərinin hadisənin mərkəzinə müdafiəsiz düşməsi, bıçaq zərbəsindən dərhal dünyasını dəyişməsi kimi müəmmalı detallar çoxlu suallar doğurur. Sosial şəbəkələrdə belə fikrilər də dolaşır ki, Gəncədə baş verənlər 2015-ci ildə Nardaranda baş verənlərin bənzəridir.
Azadliq.info