AzTV sədri Arif Alışanov, onun qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevə qarşı sui-qəsd işinə görə üç nəfərə 51 il həbs cəzası verildi. İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə hökm çıxarıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov 18, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov isə 16 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərdən Aqşin Hüseynov isə həbsdən azad edilib. O, sui-qəsddə yox, mütəşəkkil dəstə tərkibində qanunsuz silah saxlamaqda ittiham olunurdu. Məhkəmə hökmdə ittihamı dəyişib və ona 1 il 4 ay cəza təyin edilib. Həmin cəzanı çəkdiyinə görə məhkəmə zalından azadlığa buraxılıb.
«Məni bu yolla zərərsizləşdirib»
Hökmdən əvvəl isə təqsirləndirilən Ş.Əkbərov son sözünü deyib. O bildirib ki, özü də, digər təqsirləndirilən şəxslər də günahsızdır, Alışanova qarşı sui-qəsddən söhbət gedə bilməz: «O, öz vəzifəsindən, adamlarından sui-istifadə edərək məni həbsə atdırıb. Səbəb də odur ki, onun özünün törətdiyi qətlin üstü açılmasın. Onun cavan qızı öldürməsinin əsas şahidi mənəm. Ona görə məni bu yolla zərərsizləşdirib».
A.Alışanovu 2007-ci ildən tanıdığını deyən Ş.Əkbərovun sözlərinə görə, AzTV sədri özü onu öldürməyə cəhd edib, bu baş tutmayanda isə 4-5 milyonluq yeyinti məsələsi ortaya çıxıb: «Adam 50 min verər, 100 min verər, görəndə ki, aldanır, daha 40-50 dəfə verməz də. Mən necə bunun 4-5 milyonunu yeyə bilərəm? Bütün torpaqlara əvvəlcə Arif özü baxıb, qərar verirdi, sonra sürücüsü Hacı Babayevlə pulu göndərirdi. Arif Alışanovun mənə məlum olan 70-80 milyonluq əmlakı var, özünə qismət. Bizimkilərə dəyməsin. Mənim həbsimdən sonra bütün əmlaklarımı ələ keçirib».
Ş.Əkbərov deyir ki, bütün imkanlarından istifadə edib baş verənləri prezidentə, vitse-prezidentə çatdıracaq.
AzTV sədrinin nə istintaqda, nə də məhkəmədə üzləşdiyini deyən Ş.Əkbərov bildirib ki, Gəncədə xəstəxanaya düşəndə Alışanov bu şəhərin icra başçısına zəng edib onu tapşırmışdı.
O, çıxışının sonunda məhkəmədən ədalətli qərar istəyib.
Təxminən beş dəqiqəlik müşavirədən sonra hökm elan olunub.
azadliq.org