Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını 50 faiz artırıb. 30 qəpik olan yeni qiymət 1 avqust tarixindən qüvvəyə minəcək. İqtisadçı Qubad İbadoğlu feysbuk səhifəsində bu qərara münasibət bildirib.
İqtisadçı güman edir ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq. İndiki qərar isə nəbz yoxlamasıdır.
Onun fikrincə, bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq.
“Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.
İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Bununla yanaşı bu, digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq”, – deyə Q.İbadoğlu qeyd edib.
İqtisadçı ekspert hesab edir ki, bu qərarın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı şəxslərin və ictimai nəqliyyatdan müntəzəm istifadə edənlərin xərclərinin tənzimlənməsi barədə qərarlar qəbul etməlidir. O, təklif edir ki, tələbələr üçün gediş haqqının əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılsın.
“Əgər hökumət həqiqətən də Tarif Şurasında göstərildiyi kimi ictimai nəqliyyatda xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılmasına nail olmaq istəyirsə onda yalnız gediş haqqı artırmaqla işini bitmiş hesab etməli deyildir. Bunun üçün xüsusilə də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, metronun gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır. Bundan əlavə metro da daxil olmaqla Bakı şəhər nəqliyyatının eyni mərkəzdən idarəetmə sistemi yaradılmalı, zamana görə vahid bilet satışı tətbiq olunmalıdır. Belə olan halda 1 dəfə gediş haqqını ödəyən sərnişinin müəyyən zaman fasiləsində müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə hüququ tanınmalıdır. Məsələn, 30 qəpiklik bilet sərnişinə 1 saat ərzində həm metroda, həm də avtobusda gediş haqqı verməlidir”, – deyə Q.İbadoğlu qeyd edib.