Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 21/7 ünvanında məskunlaşan məcburi köçkünlər üzləşdiyi problemlə bağlı redaksiyamıza üz tutub. 1993-cü ildən adı çəkilən ünvanda yaşayan sakinlər bildirirlər ki, bu vaxta kimi onlar mərhumiyyətlər içində zirzəmidə yaşamağa məcbur olublar. 25 ildən sonra birdən-bir onların da köçürülmə məsələsi gündəmə gəlib. Lakin bu zaman yeni problemlər meydana çıxıb. Müdafiə nazirliyinin balansında olan “yeraltı dünyanın” sakinlərinin “Qobu Park” yaşayış massivinə köçürülməsi sakinlər arasında birmənalı qarşılanmayıb. Hazırda Tofiq Məmmədov küçəsi 21/7 ünvanda yaşayan 23 ailədən 9-u köçürülsə də, 14 ailənin taleyi ilə bağlı məsələ sual altındadır. Bu ailələrdən bəzisi mənzillərin sayında yaradılmış süni problemə görə (Nazirlər Kabinetinn qərarında ailə tərkibi 1 nəfər olana bir otaq, 2-3 nəfər olana 2 otaq, 4-5 nəfər olana 3 otaq, 6 və daha çox olana 4 otaq nəzərdə tutulsa da, əsasız olaraq ailə tərkibi 18 yaşdan yuxarı olanlara görə heablanıb), bəziləri isə indiyə kimi orada yaşamaları barədə sübutların olmasına baxmayaraq (komunal xərclərin ödənilməsi, maddi yardımların verilməsi) adlarının siyahıya salınmaması ucbatından mənzillə təmin olunmaq hüququndan mərhum olub. Sakinlərin bidirdiyinə görə köçürülmə komissiyası siyahıya alma zamanı işdə olanları, müxtlif səbəblərdən evdə olmayanları sakin kimi qeydə almayıblar.
Məcburi köçkülərin bidirdiyinə görə, köçürülmə işinə məsul olan şəxslər onları hədələməkdən də çəkinmir. Onlara indiyə kimi yaşadıqları mənzillərdən zorla çıxarılacaqları , müqavimət göstərəçəkləri halda inzibati həbsə atılacaqları deyilib.
Sakinlər məsələ ilə bağlı Prezident admistrasiyasına, Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə yazılı və onlayn sorğular yollamalarına baxmayaraq onların müraciətlərinə məhəl qoyan yoxdur.
Tez bir zamanda müraciətlərinə baxılmayacağı təqdirdə aidiyyatı qurumların qarşısında yolu bağlamaqla etirazlarını bildirəcəklərini də qeyd ediblər. Problemlərinin həll olunmayacağı halda ölkə başçısından onların vətəndaşlıqdan çıxarmasını təmin etməyi də dilə gətiriblər.
İş gününün sonu olduğu üçün məsələ ilə bağlı adiyyatı qurumların mövqeyini öyrənə bilmədik, buna baxmayaraq onların mövqe bidirmək haqqını tanıyırıq.
Badamdar qəsəbəsi, Tofiq Mmmədov küçəsi 21/7 ünvanındakı binanın zirzəmisində yaşayan məcburi köçkünlərin əməkdaşımıza danışdıqlarını izləyicilərimizə təqdim edirik.
azadlıq.info