Bakının işğaldan azad edilməsinin 100-cü ilində Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin ilk baş naziri Fətəli xan Xoyskinin böyük qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə Turan agentliyinə danışıb.
“General Şıxlinski babamla hələ rus-yapon müharibəsi dövründən dost idi”
– Nuru paşa öz əsgərləri ilə 1918-ci il mayın 10-da Təbrizdən yola düşüb Zəngəzur yolu ilə mayın 25-də Gəncəyə çatanda onları babanız Hüseynqulu xan qarşılamışdı?
– Təkcə Hüseynqulu xan yox, anamın doğma dayısı Ədil xan Ziyadxanov da qarşılayanlar arasında olub. Nuru paşa və əmisi Xəlil paşa Ziyadxanovların mülkündə qalıblar. Babamın kiçik qardaşı Fətəli xan o vaxt Tiflisdə olub. Nuru paşa Gəncəyə çatandan bir neçə gün sonra Tiflisdə Azərbaycan dövləti elan edilib. Ordu olmadığına görə babam general Şıxlinskini öz vətəninə xidmət etmək üçün dəvət edib, Şıxlinski öz “Vəhşi bölüyü” ilə gəlib. Babam isə nəslimizin nüfuzundan istifadə edərək yaxın bölgələrdən gəncləri milli ordu yaradılması üçün toplayıb. 1920-ci ildə Gəncədə bolşeviklərə müqavimət göstərərək oranı tərk etmək məcburiyyətində qalan babam İstanbula gəlib, daha sonra Polşaya gedib, orada ona fəxri general rütbəsi veriblər, babam geri qayıdıb.
– 1918-ci il sentyabrın 15-də Bakı azad edilən kimi Nuru paşa Gəncəyə – baş nazir Xan Xoyskiyə teleqram göndərərək hökumətin dərhal Bakıya köçürülməsini istəyib. Babanız o barədə nə danışırdı?
– Təkcə babam yox, Nuru paşanın əmisi Xəlil paşa da ailəsinə o günlər barədə çox maraqlı şeylər danışıb. Nuru paşa Bakıdan teleqram göndərən kimi babam Gəncəyə səs salıb ki, parlamentin üzvləri təcili Məclisə gəlsinlər. O vaxt Gəncə çox böyük yer olmayıb. Millət vəkilləri qısa zamanda Məclisə gələrək hökumətin Gəncədən Bakıya köçürülməsinə dair qərar qəbul ediblər. Qərar qəbul ediləndən sonra hökumət Gəncəyə köçüb. O neft milyoneri adamın adı nə idi? (Turan: Hacı Zeynalabdın Tağızadə…) Bəli. O milyoner anamın əmisi, baş nazir Fətəli xanın yanına gedib ki, yeni dövlət qurursunuz, sərvətimin hamısı əmrinizdədir.
– Babanız Gəncəni tərk edərkən orada çox mal-mülkü qaldı?
– Təkcə babamın yox, anamın dayısı Ziyadxanovların da Gəncədən Hacıkəndə qədər bir çox yerdə mal-mülkü olub. Ancaq bizim heç vaxt o mal-mülkdə gözümüz olmayıb, hamısı Azərbaycanın olsun. Yeganə arzumuz torpaqların işğaldan azad edilməsi və babalarımın arzu etdiyi demokratik Azərbaycanın qurulmasıdır. Atamın atası 1870-ci illərdə İstanbula gəlib. Asiya qitəsindəki Üsküdar bölgəsində-sahildə böyük iqamətgahımız olub. Ulu babam buraya Rusiya pasportu ilə gəldiyinə görə dövlət o iqamətgahımıza əl qoyub, məhkəmə 26 il davam edib, axırda biz qalib gəlmişik. Ev bərbad vəziyyətə düşmüşdü, dövlət oradan yol çəkmək üçün evi bizdən pulla aldı. Mən dedim ki, bir neçə ildən sonra bu yeri öz yaxın adamınıza verməyəcəyinizə dair mənə sənəd verin. Sənədi aldığıma görə torpağı başqasına verə bilmədilər.
– Babanız Hüseynqulu xan İstanbuldakı Azərbaycan mühacirlərinin lideri sayılırdı. Nuru paşa ilə görüşürdümü?
– Yaxın dost idilər. Padşah Osmanlı vaxtında Ənvər paşaya böyük bağ evi vermişdi. Nuru paşa o evdə yaxın adamlarına ziyafətlər verirdi. Babamın vasitəsi ilə bəzi azərbaycanlı mühacirlər də oraya gedib geniş fikir mübadiləsi aparırdılar. Bu yaxınlarda Azərbaycan konsulluğu Feriköy qəbiristanında bəzi mühacirlərin məzarlarını təmir etdirib, girişə böyük lövhə asıb. Babamın da məzarı oradadır. Biz öz qohumlarımızın məzarına özümüz baxırıq, lazım olan hər şeyi edirik.
– İndiyə qədər Bakıya getmək üçün oradan dəvət almısınızmı?
– Azərbaycan bizi indiyə qədər heç yerə dəvət etməyib. Heç kimdən heç bir gözləntimiz də yoxdur. Yadımdadır ki, Zeynəb Xanlarova gələndə anam onunla açıq görüşə bilmirdi, gedib gizli şəkildə tualetdə görüşürdü. Biz Azərbaycanı bu cür sevmişik.
– Bəs, heç olmasa, özünüz Gəncəyə getmək istəməzsiniz?
– Orada heç kimimiz qalmayıb. Gedib orada kimlərlə görüşəcəyik? Bizi orada gözləyən varmı, Azərbaycan bizi orada görmək istəyərmi? Bizi ən çox narahat edən məsələ Azərbaycanın öz şanlı tarixini bilməməsidir, xalqın bu işlərə biganəliyidir. Bəzən öz-özümə hesablama aparıb görürəm ki, xalqın əksəriyyəti mənim babalarımın da içində olduğu o şanlı tarixdən bixəbərdir. Buna çox üzülürəm. Divarda gördüyünüz bu tabloları Əlibəy Hüseynzadə çəkib. Atamın atası onu 1.5 il bu otaqda gizləyib, Hüseynzadə bayıra çıxmayıb. Sonra isə Bakıya gedib. İndi İstanbulda yaşayan bəzi adamlar gəlirlər ki, bu tabloları Bakıya aparaq. Bunlar necə insanlardır? Axı bu əsərləri Hüseynzadə mənim atamın atası üçün çəkib, onları niyə kimlərəsə verməliyəm ki, Bakıya aparsınlar? Hüseynzadə atamın atasının və uşaq ikən atamın portretlərini, Şah Abbasın portretini, Sultanahmet məscidini yağlı boya ilə çəkib. O tabloların 115 yaşı var, onları başqa birinə necə verə bilərəm? Burada Ələkbər Sabirin 1912-ci ildə çıxan “Hophopnamə”si var, “Molla Nəsrəddin” jurnalının ilk nömrələri var, bunları hansı məntiqlə kiməsə verə bilərəm? Bu cür söhbətlər də məni çox üzür. Ulu babamdan mənə qalan bu qiymətli əsərlər məndən də övladlarıma qalacaq.