Dünya Bankının maliyyələşdirdiyi layihə effektsiz olub
Son günlər Cəlilabad rayonundan şəhərin içməli su problemi ilə bağlı xeyli müraciət olunub. Şikayətçilər Cəlilabad şəhərində bir həftədir içməli suyun verilmədiyini, su verilən zaman isə tərkibinin müxtəlif qatqılardan ibarət olduğunu deyiblər. Bu barədə aidiyyatı qurumlara edilən şikayətlərə isə, yayda istilər nəticəsində Viləşçayın qurumasına görə yeni anbarların su ilə təchiz edilməməsi bildirilib.
Xatırladaq ki, 2017-ci ilin senyabrın əvvəlində prezidentin Cəlilabada səfəri zamanı “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlət başçısına məlumat verilib. Bildirilirdi ki, layihiyə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.
Daha sonra həmin layihiyə çərçivəsində Cəlilabad şəhərinə içməli su verildi. Həmin səfər zamanı prezidentə məlumat verilmişdi ki, Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Yeni su xətti istifadəyə verildikdən sonra subartezian quyuları alternativ kimi saxlanılmaq əvəzinə tamamilə dağıdılıb, ona görə də hazırda Cəlilabad şəhəri susuz qalıb.
Bu günlərdə prezidentin Cəlilabad rayonuna yeni səfəri gözlənilir. Bu ərəfədə Cəlilabadda yaranan su problemindən təşvişə düşən aidiyyatı qurumlar əhalinin narazılığını aradan qaldırmaq üçün su maşınları ilə suyun tamamilə gəlmədiyi ərazilərdə qapı-qapı içməli su paylayıb. Sakinləri isə bu problemin tamamilə həll edilməsini istəyirlər.
https://president.az/articles/15964
azadliq.info